Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə Rusca-Azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı keçirilib
  •      Ali Məhkəmədə Rusca-Azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı keçirilib. Tədbirdə məlumat verilib ki, kitabın müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır. Qeyd edilib ki, Rusca-Azərbaycanca izahlı hüquq lüğəti müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini özündə əhatə edən 33 mindən artıq söz və söz birləşməsindən ibarətdir. Lüğət həmçinin tibbə, iqtisadiyyata, maliyyəyə, müqavilə təcrübəsinə, birja, sığorta, xarici ticarət və hərbi fəaliyyətə aid termin və anlayışları özündə birləşdirir. Lüğət hüquqşünaslar, hüquq-mühafizə orqanlarının əməkdaşları, iqtisadi strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim, professor və tələbə heyəti, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, ən nəhayət geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

    Lüğətin redaksiya heyəti Ali Məhkəmənin hakimləri Zakir Quliyev, Akif İsgəndərov, Hafiz Nəsibov, Bəhmən Qəribov, elmi redaktoru filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədovdur.

    Kitab “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 2015-ci ildə nəşr olunub. 


<<  Geri qayıt