Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11.06.2015
  • 11 iyun 2015-ci  ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq öncə  ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə xalqımızı təbrik etmiş, bu oyunların Azərbaycan və Avropa idman tarixində yeni səhifə açacağını vurğulamışdır.

    Apellyasiya, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdiyi Plenumda  Ali Məhkəmənin sədri bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi kimi əhalinin digər hüquqları kimi mülkiyyət hüququnun toxunulmazlığı da dövlət tərəfindən qorunur və müdafiə olunur. Mülkiyyətin mühafizəsi sahəsində konstitusion müddəalar mülkiyyətə qarşı cinayətkar qəsd edilərkən mülkiyyətin növündən asılı olaraq belə əməllərə fərqli hüquqi qiymət verilməsi barədə əvvəllər mövcud olan təcrübəni aradan qaldırmağa imkan vermişdir. Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri də dələduzluqdur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ifadə olunur. Təqsirkar zərərçəkmiş şəxsi aldadaraq və ya onun etibarından sui-istifadə edərək sonuncunu yanılma dərəcəsinə çatdırmaqla əmlakın könüllü surətdə ona verilməsinə nail olur.

    Plenumda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunmuş,  təhlillər aparılmışdır. 

    Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən əməl edilir. Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir. Bəzi hallarda faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmək vəzifəsini üzərinə götürmüş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş müki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək cinayət mühakimə icraatı qaydasında həll edilir.

    Plenum mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını və dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.

    Plenumun işində Məhkəmə - Hüquq Şurasının sədri, Ədliyyə naziri, Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov  və Prezident Administrasiyası Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.

     

    “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında - PDF”


<<  Geri qayıt