Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə görüş
  •         2015-ci il iyulun 3-də ölkəmizdə səfərdə olan Vyetnam  Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında  Hüquq İslahatları üzrə Komissiya sədrinin birinci müavini, nazir xanım Le Si Su Banın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
             Görüşdə Ali Məhkəmənin sədri Vyetnam nümayəndə heyətini Azərbaycanda salamlamaqdan  məmnun olduğunu bildirmiş, Azərbaycanla Vyetnam arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.
             Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin  səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara  məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. MƏhkəmə sistemində ən yeni informasiya texnologiyalarında istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.
             Vyetnam  Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında  Hüquq İslahatları üzrə Komissiya sədrinin birinci müavini, nazir xanım Le Si Su Ba Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini  qeyd etmişdir. Qonaq iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
                Görüşdə hüquqi dövlət quruculuğu ilə əlaqədar aparılan islahatlar və bu sahədə məhkəmə hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
              Vyetnamlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar. 


<<  Geri qayıt