Azərbaycan Respublikası Ali Məhkəməsi

Vyana Apellyasiya Məhkəməsinin rəyasət heyətinin üzvü Dr.Mariya-Elizabet Vanke-Çervenkanın rəhbərlik etdiyi heyyət Ali Məhkəmədə olmuşdur
  •          2015-ci il oktyabr ayının 8-də ölkəmizdə səfərdə olan  Vyana Apellyasiya Məhkəməsinin rəyasət heyətinin üzvü Dr.Mariya-Elizabet Vanke-Çervenkanın rəhbərliyi altında Avstriya Respublikasının Ali Məhkəməsi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu və mühtəlif instansiya məhkəmələrinin nümayəndələrindən ibarət 37 nəfərlik heyət Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifovla  görüşmüşdür.

             Görüşdə Ali Məhkəmənin kollegiya sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin  səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara  məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.

            Vyana Apellyasiya Məhkəməsinin rəyasət heyətinin üzvü Dr.Mariya-Elizabet Vanke-Çervenka ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini  qeyd etmişdir. Qonaq iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

             Avstriyalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar. 


<<  Geri qayıt