Azərbaycan Respublikası Ali Məhkəməsi

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •         2015-ci il oktyabrın 27-də Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Xuan Rodriqo Labardini Flores Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

             Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Meksika Birləşmiş Ştatları arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.  Bunun bariz nümunələri kimi 2012-ci ildə Meksikada Tlakskoake-Xocalı meydanını və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni xüsusi qeyd etmiş, Meksika- Azərbaycan Dostluq Parkının gözəl istirahət məkanı olduğunu vurğulamışdır.

             Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, Azərbaycanda  Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.

             Səfir Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini  qeyd etmişdir. Səfir  iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. 

              Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.         

              Səfir Ali Məhkəmənin inzibati binası və hakimlərin iş şəraiti ilə tanış olmuş,  Məhkəmə tarixi muzeyinə baxmışdır. 


<<  Geri qayıt