Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 10.04.2015
  •      Aprelin 10-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub.

         İclasda Azərbaycan Respublikası Milli Məclisinin inzibati və hərbi qanunvericilik şöbəsinin nümayəndəsi, Apellyasiya, iqtisad və bir sıra rayon məhkəmələrinin sədrləri iştirak ediblər.

         Plenumu giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Ali Məhkəmədə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusilə, insan, vətəndaş hüquq və azadlıqlarının müdafiəsində qanunun aliliyi təmin edilib. Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual, Mülki-Prosessual, İnzibati-Prosessual məcəllələrində bir sıra maddələrin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsi zərurəti yaranıb.

          Plenumda respublikanın rayon (şəhər) və inzibati-iqtisadi məhkəmələri tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25-26-cı və İnzibati–Prosessual Məcəlləsinin 8-9-cu maddələrinin (məhkəmə aidiyyatının müəyyənləşdirilməsi) məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə edilib.

          Həmçinin inzibati məhkəmə icraatında iddianın məhkəmə aidiyyəti və iddianın mümkünlüyünə dair Ali Məhkəmə Plenumunun qərar layihəsinə Mülki Kollegiyanın təklifləri ətrafında müzakirələr və təhlillər aparılıb.

         Plenumda Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təkliflər verilməsi qərara alınıb. Bundan başqa, Ali Məhkəmə Plenumunun reqlamenti və Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi–Məsləhət Şurasının Əsasnaməsi təsdiq edilib, konkret mülki işlərə baxılıb.

         Plenumda müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli iclasında baxılmış mülki işlər üzrə

    M Ə L U M A T

    1.   İddiaçı Məhərrəmova Qaratel Şükür qızının cavabdehlər Hacıyev Həsən İsmayıl oğluna, Cəfərov Həşim Cəfər oğluna və maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə və Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna  qarşı “Ekspress” kafesinə dair 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin və 18 noyabr 2005-ci il tarixli, 006427 saylı şəhadətnamənin ləğv edilməsi və daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə ilkin və Cəfərov Həşim Cəfər oğlunun Məhərrəmov Voroşil Şükür oğluna və Müseyibov  Yaqub Ələmdar oğluna qarşı “Ekspress” kafesindən çıxarılma barədə qarşılıqlı iddia  tələblərinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  15 sentyabr 2014-cü il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06  fevral 2012-ci il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 03 avqust 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    2. İddiaçı “Muğanbank” ASC-nin cavabdehlər “Zərif-92” MMC-yə,  Məmmədov Vidadi Saday oğluna, Mustafayeva Solmaz Eysan qızına, Kərimov Oqtay Qubad oğluna, Yusifov Akif  Müzəffər oğluna, Məmmədova  Nərminə Hüseyn qızına, Məmmədov Saday Vidadi oğluna, Rəsulova Gülnarə Famil qızına, Mustafayev Aslan Aqif oğluna, Mustafayev Aqif Aslan oğluna, Kərimova Zülhəccə Daşdı qızına, Kərimov Elxan Oqtay oğluna, Kərimova Səburə Oqtay qızına, Kərimov Elton Oqtay oğluna, Kərimov Eldar Oqtay oğluna, Kərimova Təburə Oqtay qızına, Yusifova Təranə Qara qızına qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə, iddiaçılar Məmmədov Anar Vidadi oğlunun və Məmmədov Xəyal Vidadi oğlunun cavabdeh Məmmədov Vidadi Saday oğluna qarşı ipoteka müqaviləsinin ləğv olunması və mənzilin girovdan çıxarılması tələbinə dair mülki iş Məmmədov Vidadi Saday oğlu və Məmmədova Nərminə Hüseyn qızının nümayəndəsi Hüseynov Nəriman Hüseyn oğlu tərəfindən verilmiş qanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəyə əsasən Plenum baxışına çıxarılmış, ərizənin təmin edilməməsi qərara alınmışdır.

    3. İddiaçı Həsənov Telman Əsgər oğlunun cavabdeh Həsənov Elşən Əsgər oğluna qarşı alqı-satqı müqaviləsinin, çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsızlığı və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə Ali Məhkəmənin Sədrinin təqdimatı əsasında baxılmış, təqdimat təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2014-cü il tarixli qərarı və onunla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 22 iyul 2014-cü qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    4. İddiaçı Ağarəhimov İlqar Ağarəhimoviçin cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, “Xudafərin” MMC, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı cavabdehlərin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihədə nəzərdə tutulduğundan az olduğu üçün artıq sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması, həmin obyektlərdə təmir-tamamlama işlərinin aparılması üçün obyektlər qeyd-şərtsiz iddiaçıya  təhvil verilməklə işlərin görülməsi zamanı müdaxilənin və maneələrin aradan qaldırılması və dəymiş mənəvi zərərin ödənilməsi  tələbinə dair  mülki iş Ali Məhkəmənin Sədrinin təqdimatı əsasında baxılmış, təqdimat təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 03 iyul 2014-cü il tarixli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 19 fevral 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.


<<  Geri qayıt