Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri İstanbulda keçirilən Türk dilli ölkələrin Məhkəmə-Hüquq Şuralarının toplantısında iştirak etmişdir
  •      2015-ci il dekabrın 22-23-də İstanbul şəhərində Türk dilli ölkələrin Məhkəmə-Hüquq Şuralarının toplantısı keçirilmişdir. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızstan nümayəndələri iştirak etmişlər.

    Toplantıda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev çıxış etmişdir. O, Azərbayçanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində həyata keçirilmiş böyük islahatlar, xüsusilə son dövrlər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülmüş mütərəqqi tədbirlər, eləcə də məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının potensialının daha da artırılmasına, məhkəmə islahatlarının əsas istiqamətverici qüvvəsi kimi onun səlahiyyətlərinin genişləndirilməsinə yönəlmiş görülən işlər barədə ətraflı məlumat vermişdir.

    Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görüldüyünü, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirildiyini bildirərək bunun üçün Azərbaycan Respublikası Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" ötən il imzaladığı Sərəncamın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, artıq sınaq rejimində istifadəsinə başladığımız "Elektron məhkəmə" informasiya sisteminin tam tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinetə" malik olacaqlar. Nəticə etibarı ilə məhkəməyə müraciət imkanları daha da genişlənəcək, süründürməçilik və sui-istifadə hallarının qarşısı alınacaq, şəffaflıq və operativlik təmin ediləcəkdir. Həmçinin sistem vasitəsilə hakimin işinin effektivliyi yoxlanılacaqdır.

    Qeyd olunmuşdur ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinin məstəqilliyinə əlavə təminatların müəyyən olunması üzrə davamlı islahatların həyata keçirilməsi dövlətimizin bu sahədəki siyasətinin əsasını təşkil edir.

    Toplantı iştirakçıları öz ölkələrinin müvafiq qurumlarının təşkili, fəaliyyəti və səlahiyyətləri barədə məlumat vermiş, qanunvericilikdən və onun tətbiqi təcrübəsindən irəli gələn problemləri müzakirə etmiş, ortaq inkişaf  hədəfləri barədə fikir mübadiləsi aparmışlar.


<<  Geri qayıt