Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
  •         2016-cı il yanvarın 19-da Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.                                     

             Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 yanvar hadisəsi  Azərbaycanın azadlığı  və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

             1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı  terror  həyata keçirmişdir.

             Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət  Heydər Əliyev  olmuşdur. Ulu  öndər faciənin səhərisi günü, yəni 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi  ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. Bu gün  Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. 20 yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır. Möhtərəm cənab Prezident  İlham Əliyev Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi fəaliyyət göstərir.

               Qeyd edilmişdir ki, 20 yanvar hadisələrinə hüquqi-siyasi  qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verilmişdir. Bu qiymət ümumiləşmiş formada  bundan ibarətdir ki, o vaxtkı SSRI rəhbərliyi Azərbaycana təcavüz edib. Əlbəttə,  hadisənin günahkarlarının da adları açıqlanıb. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə  xalqın azadlıq hərəkatına  rəhbərlik edənlər də  məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini  bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar günahkardırlar.

                Çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı  və müstəqilliyi naminə  ən ağır sınaqlara sinə gərmək,  hətta  şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.


<<  Geri qayıt