Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Çində rəsmi səfərdədir
  •        Azərbaycan Respublikasi Ali Məhkəməsinin sədri Ramiz Rzayev Çin Xalq Respublıkası Ali Xalq Məhkəməsinin sədri Cou Çianın dəvəti ilə martın 14-dən bu ölkədə  rəsmi səfərdədir. 

           Səfər zamanı Ali Məhkəmənin sədri ilə Çin Ali Xalq Məhkəməsinin sədri arasında göruş keçirilmişdir. Azərbaycan Ali Məhkəməsinin sədri   Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığın hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Bunun bariz nümunəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il  dekabrın  8-dən 11-dək Çin Xalq Respublikasına  dövlət səfərini və səfər zamanı müxtəlif sahələrdə imzalanmış ikitərəfli sazişləri qeyd etmişdir. Eyni zamanda ədliyyə və prokurorluq orqanları arasında da əməkdaşlığın mövcud olduğunu və  imzalanmış  sənədləri nəzərə çatdırmışdır.  

             Daha sonra Ali Məhkəmənin sədri Azərbaycanın  məhkəmə sistemində son illərdə həyata keçirilən islahatlar və bununla əlaqədar nailiyyətlər, xüsusilə, son dövrlər ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülmüş mütərəqqi tədbirlər barədə geniş məlumat vermişdir. Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görüldüyünü, ictimai iştirakçılıq və vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın genişləndirildiyini bildirərək bunun üçün Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında” 2014-cü ilin fevral ayında imzaladığı Sərəncamın əhəmiyyətini vurğulamış və bu sahədə görülmüş işlərdən danışmışdır. 

              Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin sədri Azərbaycan Respublikasi ilə əməkdaşlığın ölkəsi üçün xüsusi önəmini  qeyd etmiş, Çin Xalq Respublikasının məhkəmə sistemi  və son illər aparılmış islahatlara dair geniş məlumat vermişdir.

                Görüşün sonunda tərəflər iki məhkəmə sistemi arasında əməkdaşlıq sahələrinin yaradılması və təkmilləşdirilməsi məqsədilə müxtəlif instansiya hakimlərinin ezam edilməsini, məhkəmə islahatlarını, məhkəmələrin elektronlaşdırılmasını, məhkəmə idarəçiliyi və hakimlərin təlimi sahəsində ikitərəfli əlaqələrin inkişafını, mövcud məhkəmə təcrübəsini, seçilmiş məhkəmə qərarları haqqında məlumat mübadiləsini və digər məsələləri əhatə edən Azərbaycan Respublikasi Ali Məhkəməsi və Çin Xalq Respublikası Ali Xalq Məhkəməsi arasında Əməkdaşlıq haqqında Memorandum imzalamışlar.

               Səfər çərçivəsində Çin Xalq Respublikası Hakimlər Akademiyasının rəhbərliyi ilə görüş keçirilmişdir. Ali Məhkəmənin sədri Akademiyanın yeni istifadəyə verilmiş tədris binası, kitabxana və yataqxana korpusu ilə tanış olmuşdur. Görüşdə Azərbaycan Respublikasında hakimlərin seçkisi qaydalarının özəlliklərini və prosedurun şəffaflığını, ədalətli olmasını və yüksək peşəkarlıqla təşkil edildiyini nəzərə alaraq, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Tərəflər hakimlərin və hakimliyə namizədlərin təlimi sahəsində  əməkdaşlığın yaradılması perspektivlərini müzakirə  etmişlər.

             Azərbaycan Ali Məhkəməsinin sədri həmçinin, Pekin şəhəri Si Çen rayon məhkəməsinin yeni binası ilə tanış olmuş, məhkəmənin sədri ilə görüşmüş,  daha sonra məhkəmə  prosesində  iştirak etmişdir.

    Nümayəndə heyəti Çin Milli Məhkəmə Muzeyinə baş çəkmiş, Çin Ali Xalq Məhkəməsinin informasiya bürosunun fəaliyyəti ilə tanış olmuşdur.

             Ali Məhkəmənin sədri səfər çərçivəsində Şanxay şəhərində də görüşlər keçirəcək.


<<  Geri qayıt