Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 28.03.2016
  •           28 mart 2016-cı ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

              Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki,  Azərbaycanda  milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə  dövlət səviyyəsində xüsusi önəm verilir.  Bu, ailə münasibətlərinə də aiddir. Uzun əsrlərdən bəri azərbaycan ailəsi sabitlik, qarşılıqlı hörmət, valideynlərin uşaqların xoş gələcəyi naminə fədakarlığı, valideynlərə hörmət əlamətləri ilə seçilmişdir. 

             Nigah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları həm milli qaninvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”ndə, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Paktda, “Uşaq hüquqları haqqında” Konvensiyada, həmçinin “İnsan hüquqlarının  və Əsas Azadlıqların  Müdafiəsi haqqında”  Konvensiyada  nigah,  ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəalar yer almaqla yanaşı, bu sahədə dövlətlərin öhdəlikləri də müəyyənləşdirilmişdir.

               Qeyd edilmişdir ki,  respublikamızda  2015-ci ildə nigahların pozulması və etibarsız hesab edilməsi ilə bağlı  11.281 işə baxılmışdır ki, bu da əvvəlki ilə nisbətən 4,5 faiz  artımla müşahidə olunmuşdur. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qəbul etdiyi qərarlar ədalətli olmalıdır. Ailə münasibətləri, o cümlədən nigahın pozulması daha çox şəxsi xarakter daşıdığına, ər və arvadın qarşılıqlı, bir qədər də, başqalarına məlum olmayan, onların ikisinə aid  münasibətlərlə bağlı olduğuna görə bu xarakterli işlərdə tərəflərin, yəni ər və arvadın prosesdə şəxsən iştirakına diqqət yetirilməli, onların məhkəmə prosesinin vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilib-edilməməsi, məhkəmə iclasına gəlməməsinin səbəbləri araşdırılmalı, nigahın pozulmasına münasibətləri müəyyən edilərək zəruri hallarda işə baxılmasının qanunla müəyyən edilmiş müddətdə təxirə salınmasına riayət olunmalıdır.

          Plenumda Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunmuş və təhlillər aparılmışdır. 

              Xüsusi vurğulanmışdır ki, nigah pozularkən birgə nigahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə, nigahın pozulması hallarında alimentin  düzgün müəyyənləşdirilməlidir.

            Plenumda  məhkəmələr tərəfindən nigahın pozulması və aliment tələbləri ilə bağlı işlərə baxılarkən qanunvericiliyin vahid qaydada və düzgün tətbiq olunmasını təmin etmək üçün müvafiq qərar qəbul edilmişdir.

            Plenum  “Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Azərbaycan  Respublikası Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara almışdır.  

             Plenumda həmçinin konkret cinayət və mülki işlərə də baxılmışdır.

             Plenumun işində  Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov,  Ailə, Dövlət və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  iştirak etmişlər.

             28 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası CM-nin 179.3.2, 213.2, 192.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Əliyev Intiqam Kamil oğlunun barəsindəki Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2016-cı il tarixli qərarından Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralov tərəfindən verilmiş əlavə kassasiya qaydasında protestə baxaraq həmin protesti təmin etmiş və göstərilən qərar dəyişdirilməklə I.K.Əliyevə təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası  Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti müəyyən olunmaqla  şərti olaraq tətbiq edilmişdir. Plenumun qərarı ilə I.Əliyev dərhal həbsdən azad olunmuşdur


<<  Geri qayıt