Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •            2016-cı il mayın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

            Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ölkəmizlə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini qeyd etmişdir.

              Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Ali Məhkəmənin sədri Türkiyə Respublikası Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

             Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri  Zühtü Arslan Türkiyədə  Konstitusiya Məhkəməsinin yaranma tarixi və fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

              Görüşdə hüquqi dövlət quruculuğu sahəsində görülən işlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.  Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. 


<<  Geri qayıt