Azərbaycan Respublikası Ali Məhkəməsi

Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında
  • Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    Q Ə R A R I

      02 iyun 2016-cı il

    № 10

                       Bakı şəhəri

     Azərbaycan Respublikası Ali Məhkəməsinin 2016-cı ilin birinci yarımilliyinin iş planına əsasən respublika məhkəmələri tərəfindən qaçaqmalçılıqla bağlı baxılmış cinayət işləri üzrə ümumiləşdirmənin aparılması nəticəsində bir sıra nöqsanlara və qanun pozuntularına yol verilməsi aşkar edilmişdir.

    Öyrənilmiş işlərdən görünür ki, bəzən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş, qaçaqmalçılıq cinayəti törətmiş şəxslərin cinayət işi başlananadək tutulmaları barədə təhqiqat orqanları tərəfindən müvafiq prosessual sənəd (tutulma protokolu) tərtib edilmədən onların azadlıqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına baxmayaraq, məhkəmələr bu kobud qanun pozuntusuna münasibət bildirməmiş, qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə iştirak etməmiş şəxslər buna kifayət qədər əsaslar olmadan həmin cinayətin icraçısı kimi cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş, dövriyyəsi qadağan olunmayan və qanuni yolla əldə edilmiş əşyalar bir sıra hallarda məhkəmələr tərəfindən qaçaqmalçılığın predmeti kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olaraq dövlət nəfinə müsadirə edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 13 və 29-cu maddələrində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Konvensiyanın (bundan sonra mətndə Konvensiyanın) 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətin toxunulmazlığı hüququ pozulmuşdur. 

    Məhkəmələrin fəaliyyətində qeyd olunan nöqsanlara və qanun pozuntularına yol verilməsinin qarşısının alınması və bu işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq

    Q Ə R A R A   A L I R:

    1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır.

    Nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun.

    Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir.

    2. İzah edilsin ki, GM-nin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.

    3. GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür.

    Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir.

    4. Məhkəmələrin nəzərinə çatdırılsın ki, CM-nin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə gömrük sərhədindən keçirilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin və GM-nin 1.0.34 və 1.0.42-ci maddələrinin tələblərinə müvafiq olaraq daşınar əşyalara aid edilmiş nəqliyyat vasitələri də daxil olmaqla mal hesab edilən istənilən əmlak, eləcə də qanunvericilikdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin müəyyən qaydası və şərtləri müəyyən edilmiş, mal olmayan digər əşyalar (məsələn, beynəlxalq daşımalar üçün istifadə olunan, mal əlamətlərinə malik olmayan nəqliyyat vasitələri, elmi məqalənin əlyazması və ya mal dəyəri olmayan, material daşıyıcıda olan digər əqli mülkiyyət obyekti, xüsusi olaraq faydalı model, sənaye nümunəsi və sair), habelə nağd xarici valyuta, Azərbaycan Respublikasının milli valyutası, yol çekləri, sənədli formada xarici və (və ya) daxili qiymətli kağızlar, qızıl-zinət əşyaları və CM-nin 206.2-ci maddəsində sadalanmış əşyalar aiddirlər.

    5. Şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar.

    Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-nin 82.5-ci maddəsi və sair ).

    Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Qaçaqmalçılığın predmetinin odlu silah, partlayıcı qurğular, döyüş sursatı, kütləvi qırğın silahı, onun çatdırılması vasitələri, digər silah olub-olmaması məsələsinin həlli zamanı da xüsusi biliklərin tələb olunduğu hallarda iş üzrə müvafiq ekspertizalar keçirilməlidir.

     6. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün xüsusi qaydaların müəyyən edildiyi mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar dedikdə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda daşınar mədəni irs kimi müəyyən edilmiş tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlər başa düşülür. Bu əşyaların qaçaqmalçılığına dair işlərə baxarkən məhkəmələr onların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə (o cümlədən, müvəqqəti) dövlət nəzarətini həyata keçirən orqanların qərarı əsasında mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilib-verilməməsini yoxlamalıdırlar.

    Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni keçirilmiş malların və ya digər əşyaların mədəni sərvətlər kateqoriyasına mənsub olması məsələsi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli 208 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na uyğun olaraq həyata keçirilən ekspertiza yolu ilə müəyyən edilir.

    Məhkəmələrə tövsiyə edilsin ki, mədəni, tarixi və ya arxeoloji sərvətlərin qaçaqmalçılığına dair işlərə baxarkən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən rəyin verilməsindən asılı olmayaraq  iş üzrə müvafiq məhkəmə ekspertizalarının (məhkəmə-sənətşünaslıq, məhkəmə-arxeoloji və sair) keçirilməsini təmin etsinlər.

             “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli 293 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na əsasən müvəqqəti ixrac oluna bilər.

    Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarılmaması CM-nin 207-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.

    7. Şəxsin CM-nin 206.2-ci maddəsində göstərilən əşyalar istisna olmaqla malların və digər əşyaların, o cümlədən Azərbaycan manatının, xarici valyutanın və valyuta sərvətlərinin qaçaqmalçılığında təqsirli olması məsələsini həll edərkən, məhkəmələrə GM-nin 146 və 304-cü maddələrinin, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın və Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 03 mart 2016-cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın tələblərini nəzərə almaları tövsiyə edilir.

    İzah edilsin ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki,  şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. 

    Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir.

    Malların və ya digər əşyaların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində nəzərdə tutulmuş məbləğdən az məbləğ təşkil etdikdə şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirli bilinməsi istisna olunur və belə hallarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-482-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilir.

    8. Qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və digər əşyaların dəyəri müəyyən edilərkən onların dövlət tərəfindən tənzimlənən qiymətləri, bu qiymətlər olmadıqda isə - cinayətin törədildiyi vaxt faktiki (bazar) qiymətləri əsas götürülməlidir.

    Xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə-fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir.

    Cinayət təqibi zamanı malların və digər əşyaların dəyərinə dair mübahisə yarandıqda və ya buna qədər müəyyən edilmiş qiymətlər şübhə doğurduqda, habelə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə-fakturalar, invoys sənədləri təqdim edilmədikdə və ya saxtalaşdırıldıqda qiymətlərin düzgün müəyyən edilməsi üçün cinayət təqibi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir.

    Gömrük sərhədindən qeyri-qanuni yolla keçirilmiş xarici valyutanın dəyəri həmin valyutanın cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Manatına münasibətdə məzənnəsi əsasında tənzimlənir.

    Nəzərə alınmalıdır ki, həm GM-nin 1.0.34-cü maddəsinin tələbinə əsasən, həm də CM-nin 206.1-ci maddəsinin mənasına uyğun olaraq saxta valyuta mallara və digər əşyalara aid edilmədiyinə və buna görə də qaçaqmalçılıq cinayətinin predmeti hesab olunmadığına görə saxta valyutanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxsin əməli buna müvafiq əsaslar olduqda yalnız CM-nin 204-cü maddəsi ilə tövsif edilir.  

    9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri CM-nin 206-cı maddəsi ilə yanaşı, həm də CM-nin 318-ci maddəsi ilə tövsif edilir. 

    10. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür.

    11. Qaçaqmalçılıq zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etmə dedikdə, gömrük orqanlarına CM-nin 206-cı maddəsində göstərilmiş malların və ya digər əşyaların keçirilməsi üçün saxtalaşdırılmış və ya qeyri-qanuni yolla əldə olunmuş, yaxud başqa mallara aid olan, habelə hüquqi qüvvəsi olmayan sənədlərdən, eləcə də saxta gömrük plomblarından, möhürlərdən, markalardan, ştamplardan və digər eyniləşdirmə vasitələrindən (GM-nin 87.2-ci maddəsində göstərilmiş) istifadə olunması başa düşülür. Belə hallarda sənədləri saxtalaşdırmış, yaxud da saxta sənədlərdən istifadə etmiş şəxsin əməlinin  CM-nin 206-cı maddəsi ilə yanaşı, həm də CM-nin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur.

    Məhkəmələrin diqqətinə çatdırılsın ki, GM-nin 146.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı hər bir prosedur üçün gömrük orqanına təqdim edilməli olan sənədlərin və məlumatların tam dairəsi müəyyən edilmişdir. Bunu nəzərə alaraq, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsini həyata keçirən şəxsin gömrük orqanlarına əlavə, normativ-hüquqi aktlarda nəzərdə tutulmamış sənədləri və məlumatları təqdim etməməsi qeyri-qanuni hesab edilə bilməz.

    12. Məhkəmələrə izah edilsin ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.

    Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir.

    13. Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə  - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.

     Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil.

    14. Məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair),  müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir.

     Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir.

    15. Məhkəmələrə tövsiyə edilsin ki, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anını malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də GM-si ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə  (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə almaqla müəyyən etsinlər.

    16. Nəzərə almaq lazımdır ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən GM-də nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür.

    Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir.

    Malların və ya digər əşyaların daşınması prosesində sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edilməsi, eləcə də bəyan etməmə, düzgün bəyan etməmə və ya gömrük nəzarətindən gizlətmə faktları aşkar olunmadığı halda CM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət gömrük orqanları tərəfindən mallar və ya digər əşyaların buraxılmasına icazə verildiyi andan, şəxsin gömrük prosedurunun başa çatdırılmasından yayındığı halda isə, mallar və ya digər əşyaların gömrük nəzarətindən faktiki çıxarılmasında ifadə olunan cinayət xarakterli hərəkətlərin törədildiyi andan başa çatmış hesab edilir.

    Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir.

    17.  Nəzərə alınmalıdır ki, malların və ya digər əşyaların ölkədən çıxarılmasına bilavasitə yönəldilmiş hərəkətlərə gömrük bəyannaməsinin verilməsindən başqa, qeyd olunmuş malların və ya digər əşyaların gömrük sərhədini faktiki olaraq keçirilənədək onlarla bağlı edilən, GM-də nəzərdə tutulmuş digər hərəkətlər (Azərbaycan Respublikasından çıxan fiziki şəxsin gömrük nəzarəti zonasına girişi və ya daxil olması, nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxmaq üçün nəzarət-buraxılış məntəqəsinə daxil olması, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara göndərmək üçün nəqliyyat təşkilatlarına malların və ya poçt rabitəsi təşkilatlarına beynəlxalq poçt göndərişlərinin təhvil verilməsi, şəxs tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş yerlərdən kənar mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən faktiki keçirilməsi) aiddir.

    Buna görə, qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədildikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük nəzarəti başa çatdığı andan, malların və ya digər əşyaların gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisindən çıxarılması zamanı  isə bu cinayətin predmetlərinin gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir.

     18. Məhkəmələrin diqqətinə çatdırılsın ki, təqsirkarın hərəkətləri qaçaqmalçılığa hazırlıq və ya bu cinayəti törətməyə cəhd etmə kimi qiymətləndirilərkən CM-nin 28 və 29-cu maddələrinin tələbləri ilə yanaşı həmçinin malların və ya digər əşyaların gömrük ərazisinə gətirilib-gətirilməməsi və burada gömrük prosedurlarının başlanılıb-başlanılmaması, habelə qaçaqmalçılığın törədilməsi üçün əvvəlcədən müəyyən hərəkətlərin edilib-edilməməsi nəzərə alınmalıdır.

    Şəxs CM-nin 206.3 və 206.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərlə qaçaqmalçılığın törədilməsi üçün gömrük ərazisinə daxil olana qədər və ya gömrük sərhədini qanunsuz keçənədək qaçaq malın keçirilməsi üçün nəqliyyat vasitələrini gizli saxlanc yerləri ilə təchiz etdikdə, yaxud da xarici ölkəyə aparmaq niyyəti ilə dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan olunmuş malları və digər əşyaları əldə etdikdə, habelə sair bu kimi hazırlıq tədbirləri gördükdə, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilmədikdə onun əməlləri qaçaqmalçılığa hazırlıq kimi qiymətləndirilir.

    Şəxsin gömrük sərhədini keçənədək qaçaqmalçılıq cinayətinin törədilməsinə bilavasitə yönəldilmiş hərəkətlər (məsələn, qaçaqmalçılığın törədilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqəsində gömrük orqanının əməkdaşı ilə sövdələşməsi, yaxud ona qarşı zor tətbiq etməsi, yaxud da cinayətin predmeti olan mal və ya digər əşya ilə birlikdə dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçməyə cəhd etməsi və sair) törətməsi, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdırmaması həmin cinayəti etməyə cəhd hesab edilir.

    19.  Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.

    Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir.

    Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir.  

    Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.

    Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir.

    20. Qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilmiş hesab edilməsi üçün məhkəmələr CM-nin 34.3-cü maddəsinə müvafiq olaraq cinayət işləri üzrə belə dəstənin əlamətlərinin mövcudluğuna dair kifayət qədər sübutların olub-olmamasına diqqət yetirməlidirlər.

    Məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlarla qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilməsi təsdiq olunduqda CM-nin 34.6-cı maddəsinin tələblərinə müvafiq olaraq malları və ya digər əşyaları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərlə yanaşı dəstənin digər üzvlərinin də (cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin) əməlləri CM-nin 206.4-cü maddəsi ilə tövsif edilir.

    21. CM-nin 206.3.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs dedikdə CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslər başa düşülür.

    Hər hansı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi zamanı qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq cinayətinin tərkibini yaradan əməllər törətdikdə onun bu əməlləri CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilir. İzah edilsin ki, bu halda vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi qaçaqmalaçılığın əlavə olaraq CM-nin 308-ci maddəsi ilə tövsif edilməsi tələb olunmur.

    Vəzifəli şəxsin qulluq mövqeyindən istifadə etməklə törətdiyi qaçaqmalçılıq cinayətinin təşkilatçılarının, təhrikçilərinin və köməkçilərinin hərəkətləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci və CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilir.

    Eyni zamanda nəzərə alınmalıdır ki, qaçaqmalçılığın icraçısı olmayan vəzifəli şəxs CM-nin XXXIII fəslində nəzərdə tutulmuş hər hansı cinayət əməllərini törətməklə (məsələn, rüşvət almaqla, vəzifəsindən sui-istifadə etməklə və sair) digər şəxslər tərəfindən qaçaqmalçılığın törədilməsində iştirak etdikdə, onların əməlləri CM-nin 32 və 206-cı maddələri (iştirakçılığın növündən, qaçaqmalçılığın predmetindən və tövsifedici əlamətlərin mövcudluğundan asılı olaraq) və korrupsiya cinayətlərinə və qulluq mənafeyi əleyhinə digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə tövsif edilir.  

    22. Məhkəmələrə izah edilsin ki, GM-nin 22.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1998-ci il tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük brokeri haqqında” Əsasnaməyə və 23 yanvar 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokerinin fəaliyyətini tənzimləyən Qaydalara” əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturunda olmayan kommersiya xarakterli hüquqi şəxsdir və onun fəaliyyəti təmsil etdiyi şəxsin tapşırığı ilə mülki-hüquqi müqavilə əsasında sonuncunun hesabına onun və ya öz adından malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarını həyata keçirməkdən və digər vasitəçilik funksiyalarını yerinə yetirməkdən ibarətdir.

    Buna görə, gömrük brokerinin mütəxəssisi qaçaqmalçılıq cinayətini törətdikdə onun əməli CM-nin 206.3.3-cü maddəsi ilə deyil, gömrük sərhədindən keçirilən malların və ya digər əşyaların CM-nin 206.1, yaxud 206.2-ci maddələrində göstərilən predmetlərə aid edilməsindən və digər tövsifedici əlamətlərin mövcudluğundan asılı olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.4-cü maddəsi ilə, gömrük orqanının vəzifəli şəxsinin törətdiyi qaçaqmalçılıq cinayətində iştirak etdikdə isə CM-nin 32.5-ci maddəsinə istinad olunmaqla, CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilməlidir.

    23. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılıq cinayətini törədən şəxsin eyni zamanda gömrük nəzarətini həyata keçirən şəxsə qarşı malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni keçirilməsinə mane olmamağa məcbur etmək məqsədi ilə istənilən zor və ya psixi təsir tətbiq etməsi (məsələn, zərbə vurması, əl-qolunu bağlaması və sair), habelə zərər çəkmiş şəxsin sağlamlığına yüngül və ya az ağır zərər vurması CM-nin 206.3.4-cü maddəsi ilə tövsif edilməlidir.

    Qaçaqmalçılığın məqsədləri üçün zorun tətbiq edilməsi nəticəsində gömrük nəzarətini həyata keçirən vəzifəli şəxsin sağlamlığına ağır zərər vurulduqda və ya o, qəsdən öldürüldükdə, bu əməlləri törətmiş təqsirkar şəxsin əməlləri CM-nin 206.3.4-cü maddəsi ilə yanaşı həmçinin CM-nin həyat və sağlamlıq əleyhinə olan cinayətlərə dair on səkkizinci fəslinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilir.

    24. Nəzərə alınmalıdır ki, gömrük orqanı tərəfindən malların sərbəst dövriyyəyə buraxılması haqqında qərar qəbul edildikdən sonra şəxsin xeyli və ya külli miqdarda  gömrük ödənişlərinin ödənilməsindən yayınması ilə bağlı əməlləri qaçaqmalçılıq cinayətinin tərkibini yaratmır və belə əməllər yalnız CM-nin 209-cu maddəsi ilə tövsif edilir.

    25. Məhkəmələrə izah edilsin ki, şəxsin CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində nəzərdə tutulmuş külli miqdarda bilə-bilə pis keyfiyyətli məhsulları, keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirməsi və satması qeyd olunan məhsulların növündən və dəyərindən asılı olaraq CM-nin 206-cı maddəsi ilə yanaşı həm də müvafiq olaraq CM-nin 200 və ya 200-1-ci maddələri ilə tövsif edilir.

     26. Məhkəmələrin diqqətinə çatdırılsın ki,  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir.

    İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GM-nin tələbləri nəzərə alınmalıdır.

    Nəzərə alınsın ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.0.1-ci maddəsinə və CM-nin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və ya digər əşyalara münasibətdə də məsələ bu qaydada həll edilir.

    CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir.

    Qaçaqmalçılıq cinayətinə dair işlər üzrə cinayət təqibi zamanı həmin cinayətin predmeti hesab edilərək maddi sübüt kimi tanınmış dəyəri olmayan əşyalar CPM-nin 132.0.2-ci maddəsinə uyğun olaraq məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər.

    Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir.

    27. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın  xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.

    Eyni zamanda nəzərə alınmalıdır ki,  GM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli  keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir.

    Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur.

    28. Məhkəmələrin nəzərinə çatdırılsın ki, qaçaqmalçılıq cinayətinə dair işlərə baxarkən bu cinayətin aşkar edilməsindən sonra onun törədilməsində şübhəli bilinən şəxs gömrük zonasında və ondan kənar saxlanılarkən təhqiqat və ibtidai araşdırma orqanları tərəfindən bununla bağlı CPM-nin 148-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsini yoxlasınlar. Bu zaman cinayətin törədilməsində şübhəli bilinən şəxsin hüquqlarının, o cümlədən azadlıq hüququnun pozulması müəyyən edildikdə məhkəmələrə xüsusi qərarlar qəbul etməklə belə pozuntulara münasibət bildirmələri, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri əməllərə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən isə cəza çəkmə müddətinin onların azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablamaları tövsiyə edilir.

    29. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 03 may 1993-cü il tarixli 1 saylı Qərarı qüvvədən düşmüş hesab edilsin.

     

    Azərbaycan Respublikası

    Ali Məhkəməsinin Sədri                                                   Ramiz Rzayev


<<  Geri qayıt