Azərbaycan Respublikası Ali Məhkəməsi

BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •           2016-cı il sentyabrın 15-də BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

              Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, məhkəmələrdə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.

              BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycanla BMT arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.         

              Qonağa hüquq müdafiəçilərinin, QHT-lərin hüquqlarının məhkəmə qaydasında təmin olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının ölkədaxili hansı prosedurlardan keçməsi ilə bağlı ətraflı məlumat verilmişdir.

               Görüşün sonunda Ali Məhkəmənin sədri BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forsta fəaliyyətində uğurlar arzulamışdır.


<<  Geri qayıt