Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi üzvləri Ali Məhkəmənin sədri ilə görüşmüşlər
  •           2017-ci il yanvarın 13-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

              Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat vermiş, Azərbaycanda  Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilməsini, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi əhəmiyyət verilərək Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimləri, Ali Məhkəmədə daimi fəaliyyət göstərən həftəlik xüsusi seminarların, Ali Məhkəmə hakimləri və Aparatı işçilərinin təşkilatçılığı və iştirakı ilə Bakı şəhərində və regionlarda seminarların keçirilməsini qeyd etmişdir.

               O cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələrin, regionlarda yeni apellyasiya, inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılmasını, hakimlərin ştat sayının 2 dəfə artırılmasını, məhkəmə aparatlarının strukturunun təkmilləşdirilməsini, məhkəmə infrastrukturunun müasirləşdirilməsi məqsədilə məhkəmələr üçün yeni, müasir binaların istifadəyə verilməsini, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasını, ədalət mühakiməsinin təkmilləşdirilməsi məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bunun nəticəsi olaraq Ali Məhkəmənin Plenumu tərəfindən müvafiq qərarların qəbul edilməsini qeyd etmişdir.

               Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi üzvləri Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmiş, Ali Məhkəmənin Plenumunun qəbul etdiyi müxtəlif qərarlarının məhkəmə təcrübəsinin təkmilləşdirilməsində əhəmiyyətini yüksək dəyərləndirmiş, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişlər.         

              Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


<<  Geri qayıt