Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə müşavirə keçirilmişdir
  •      13 fevral 2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində Baş Prokurorluğun, Ədliyyə və Daxili İşlər Nazirliklərinin məsul əməkdaşlarının, respublikanın Apellyasiya, Ağır Cinayətlər, hərbi, Sumqayıt şəhər, Bakı şəhəri və Abşeron rayon məhkəmələrinin sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

          Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə edilmişdir.

         Müşavirəni giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında qeyd etmişdir ki, dövlət həyatının ayrı-ayrı sahələrində idarəçiliyin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların təyin edilməsi və icrası, qətimkan tədbirlərinin seçilməsi ilə bağlı fəaliyyətin səmərəli təşkilini zəruri edir. İbtidai araşdırma və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə bir çox hallarda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi azadıq hüququ məhdudlaşdırılmış təqsirləndirilən şəxslərin və məhkumların artmasma səbəb olmuşdur ki, bu da ölkə başçısı tərəfindən qeyd edilən Sərəncamın verilməsini, qanunvericiliyin təkmilləşdirilməsini, habelə cinayət törətmiş şəxslərin qanunla müəyyən edilmiş hallarda azadlıq hüququnun təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.

          Müşavirədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Namik Əsgərov, Ədliyyə Nazirinin müavini Azər Cəfərov, Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsinin rəisi Sərvər Mehrəliyev çıxış edərək təmsil etdikləri dövlət qurumlarının Sərəncamdan irəli gələn vəzifələrindən və onların vaxtında icrası üçün görüləcək tədbirlər barədə danışmışlar.

         Sərəncamın icrası ilə bağlı həm məhkəmələrə, həm də bir sıra dövlət orqanlarına ölkə Prezidentinin verdiyi tövsiyələrin və tapışırqların yerinə yetirilməsi istiqamətləri müəyyən edilərək bu işdə sui-istifadə hallarına yol verilməməsi vurğulanmışdır.


<<  Geri qayıt