Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 07.04.2017
  •      7 aprel 2017-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

           Plenumda 2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsadətlərə   baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin   ümumiləşdirilməsi üzrə  nəticələri müzakirə edilmişdir.

          Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki,       insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması dövlət başçısının da daim diqqət mərkəzimdədir. 

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi qeyd edilmiş, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət - prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların  və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi  tövsiyyə edilmişdir.

           Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı və “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2009-cu il tarixli 2 saylı qərarlarında  məhkəmələrə tövsiyyə olunur ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib - edilməməsini yoxlamalıdırlar.                                                                                                                                               

          Plenumda birinci instansiya və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərinin, istintaq qurumlarının rəhbərlərinin iştirakı ilə aparılmış ümumiləşdirmənin  nəticələri geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.

          Müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsadətlərə əsasən  qanunvericiliyin tələblərinə  uyğun olaraq baxılır. Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsan və qanun pozuntularına yol verilməsi halları da aşkar olunmuşdur.

          Plenumda müzakirə edilmiş məsələlərlə bağlı məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədi ilə məhkəmələrə icmal məktubunun  göndərilməsi qərara alınmışdır.

          Plenumun işində Məhkəmə Hüquq Şurasının Sədri, Ədliyyə Naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, Daxili İşlər Naziri Ramil Usubov,  Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müzakirə edilən məsələlərlə bağlı çıxış  etmişlər.


<<  Geri qayıt