Azərbaycan Respublikası Ali Məhkəməsi

Montenegro Ali Məhkəməsi sədrinin Azərbaycana rəsmi səfəri
  •         2017-ci il sentyabrın 25-də Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi və  Montenegronun birinci xanımı, Ali Məhkəmənin hakimi Svetlana xanım Vuyanoviçin də daxil olduğu  nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlmişdir.

             Sentyabrın 26-da Montenegro Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, böyük siyasi xadimin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzdülər.

           Montenegrolu qonaqlar Şəhidlər xiyabanını ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü. Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

          Həmin gün Azərbaycan Respublikası Ali məhkəməsində  Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

          Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi   nümayəndə heyətini Azərbaycanda yenidən salamlamaqdan məmnun olduğunu bildirmiş, iki ölkə arasında olan əlaqələrin intensiv xarakter aldığını qeyd etmişdir. Ali məhkəmənin sədri 2014-cü ilin oktyabrında   xanım Vesna Medenitsanın Azərbaycana səfərini və 2016-cı ilin iyununda özünün Montenegroya rəsmi səfərini  xatırlatmışdır. Bu görüşlərin yaddaşında xoş və unudulmaz iz buraxdığını vurğulamışdır.

          Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna  lazım olduğu məqamlarda istinad olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.

          Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsa Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərdiklərini qeyd etmiş, qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

          Görüşdə hüquqi dövlət quruculuğu sahəsində görülən tədbirlər və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mabadiləsi aparılmışdır.

          Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmış, Xatirə kitabına ürək sözlərini yazmışdır.

          Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətinin  Azərbaycana səfəri davam edir. 


<<  Geri qayıt