Azərbaycan Respublikası Ali Məhkəməsi

Xuliqanlıq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı sual və onun cavabı
  • Sual:  Xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxs silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirdikdə, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəldikdə, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısı alındıqda, təqsirkarın bu kimi əməlləri necə tövsif edilməlidir?

    Cavab: İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin  qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. CM-nin 221.2-ci maddəsində isə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Əsas müddəaları 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir:

    “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —

    iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

    Bu maddənin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir:

    əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi);

    belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi;

    şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi.

    CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə  təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür. Xulaqanlığın törədilməsi zamanı zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır xəsarətin yetirilməsi, habelə onun qəsdən öldürülməsi CM-nin 221.1-ci maddəsinin əhatə dairisəndən çıxır və belə halllarda əməl xuliqanlıqla yanaşı həm də xuliqanlıq niyyətilə zərər çəkmiş şəxsin sağlımlığına az ağır və ağır zərərin vurulması, yaxud onun həmin niyyətlə qəsdən öldürülməsi kimi qiymətləndirilərək müvafiq olaraq CM-nin CM-nin 221.1 və 221.2-ci maddəsi ilə yanaşı həm də 127.2.3 və ya 126.2.4, yaxud da 120.2.2-ci maddəsi ilə tövsif edilir.

    Əmlakı məhv etmək dedikdə isə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülür.

    CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə müxtəlif üsullarla (silahı nümayiş etdirməklə, odlu silahdan havaya atəş açmaqla və sair) zərər çəkmiş şəxsə hədə qorxu gəlmə yalnız psixi zorun tətbiq edilməsinə dəlalət edir, bu isə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmir.  

    Belə olan halda, xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxsin silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirməsi, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəlməsi, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısının başqa şəxslər tərəfindən alınması, habelə qeyd edilən əşyaları tətbiq etmiş şəxsin onun iradəsindən asılı olmayan digər səbəblərdən zərər çəkmişə şəxsə zor tətbiq edə, əmlakı zədəyə və ya məhv edə bilməməsi hallarında əməl CM-nin 221.3-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq CM-nin 221.1 və 221.2-ci maddəsi ilə tövsif edilir.


<<  Geri qayıt