Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 25.05.2018
  • 25 may 2018-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Plenumda “Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2017-ci ilin II yarımilliyində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə  təqdimatlara   baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair” ümumiləşdirilmənin  nəticələri müzakirə edilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması dövlət başçısının da daim diqqət mərkəzimdədir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi qeyd edilmiş, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət - prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların  və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi  tövsiyyə edilmişdir.

    Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2009-cu il tarixli 2 saylı qərarlarında və “2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsadətlərə   baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair 7 aprel 2017-ci tarixli Plenumunda  məhkəmələrə tövsiyyə olunmuşdur ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib - edilməməsini yoxlamalıdırlar.                                                                                                                                               

    Plenumda apellyasiya və birinci instansiya məhkəmələrinin sədrlərinin və hakimlərinin, istintaq qurumlarının rəhbərlərinin iştirakı ilə Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.

    Müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsadətlərə əsasən  qanunvericiliyin tələblərinə  uyğun olaraq baxılır. Qeyd edilmişdir ki, ötən müddətdə lüzumsuz həbslərin və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatların sayı azalmış, əsaslandırılmış məhkəmə qərarlarının keyfiyyəti yaxşılaşmışdır.  

    Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsanlara  yol verilməsi halları da aşkar olunmuşdur.

    Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədi ilə məhkəmələrə icmal məktubunun  göndərilməsi qərara alınmışdır.

    Plenumda Məhkəmə Hüquq Şurasının Sədri, Ədliyyə Naziri Fikrət Məmmədov müzakirə edilən məsələ ilə bağlı çıxış etmişdir.

     

    Ali Məhkəmədə müşavirə keçirilib

             Plenumdan sonra ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi, təqsirsizlik prezumpsiyasının real təmin olunması ilə bağlı dövlət başçısının tövsiyələrindən irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.

             Bütün apellyasiya və digər məhkəmə sədrlərinin iştirak etdiyi müşavirədə  Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək bildiriblər ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasını, məhkəmələrə ictimai etimadın yüksəldilməsini şərtləndirir.

             Bu baxımdan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı məhkəmə, istintaq, prokurorluq və ədliyyə orqanları üçün mühüm yol xəritəsidir. Sərəncamın icrası ilə bağlı bir çox işlər həyata keçirilib, o cümlədən cinayət qanunvericiliyinə 300-ə yaxın mühüm dəyişikliklər edilib, həbs edilmiş şəxslərin sayı azalıb, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Probasiya xidməti yaradılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növünün, elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

             Müşavirədə görülən işlərlə yanaşı, nöqsan və çatışmamazlıqlar diqqətə çatdırılaraq insanların azadlıq hüququnun qorunmasına qayğılı münasibətin göstərilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin edilməsi, məhkəmə fəaliyyətinə müdaxilənin yolverilməzliyi vurğulanıb.

             Həmçinin cinayət-prosessual qanunvericiliyə, çəkişmə prinsipinə və təqsirsizlik prezumpsiyasına ciddi əməl edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsi qeyd olunub, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında problemlərə, bəraət hökmlərinin sayının cüzi rəqəmlərlə xarakterizə olunması məsələlərinə toxulunub.

             Tədbirdə məhkəmə sədrləri dinlənilib, mövcud problemlərin həlli yolları təhlil olunub, məhkəmə nəzarətinin gücləndirilməsi, apellyasiya məhkəmələri tərəfindən prinsipiallığın artırılması ilə bağlı və digər tövsiyələr verilib.


<<  Geri qayıt