Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəməsinin Plenumu 18.01.2019
  • 18 yanvar  2019-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Plenumda “2018-ci ilin I yarımilliyində Respublikanın birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən  təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında  təqdimatlara   baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair”  nəticələr müzakirə edilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması üçün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi qeyd edilmiş, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət - prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların  və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi  tövsiyyə edilmişdir.

    Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2009-cu il tarixli 2 saylı qərarlarında, “2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsatətlərə   baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair” 7 aprel 2017-ci tarixli və “Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2017-ci ilin II yarımilliyində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara   baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair” 25 may 2018-ci il tarixli  Plenumlarında  məhkəmələrə tövsiyyə olunmuşdur ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib - edilməməsini yoxlamalıdırlar.

    Plenumda apellyasiya və birinci instansiya məhkəmələrinin sədrlərinin və hakimlərinin iştirakı ilə Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.

    Müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsatətlərə əsasən  qanunvericiliyin tələblərinə  uyğun olaraq baxılır. Qeyd edilmişdir ki, 2016-cı ilin I yarımilliyinə nisbətən 2018-ci ilin müvafiq  dövründə məhkəmələrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması haqqında 3758 təqdimat az daxil olmuş, baxılmış 4518 təqdimatın isə 89,1 faizi təmin edilmişdir.

    Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsanlara  yol verilməsi halları da aşkar olunmuşdur.

    Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədi ilə məhkəmələrə icmal məktubunun  göndərilməsi qərara alınmışdır.

    Plenumda həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin  2019-cu ilin I yarısına dair iş planı təsdiq edilmişdir.


<<  Geri qayıt