Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəməsinin Plenumu 12.04.2019

Bölmə: Plenum İclaslar 12.04.2019 12:35
  • 12 aprel 2019-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

    Həmin məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə geniş miqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir.

    Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir.

    Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri edir.

    Xüsusilə, ölkə başçısı cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

    Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.

    Dövlət başçısının proqram xarakterli Fərmanında məhkəmə hakimiyyətinə məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində, eləcə də işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyyələr verilmişdir.

    Fərmanda eləcə də məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən edilməklə yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar verilmişdir.

    Konstitusiyanın 131-ci maddəsinə görə, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, o kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

    Ölkə başçısının Fərmanda qeyd olunan tapşırıqların vaxtında, dürüst və dönmədən icrasının təmin edilməsi, həmçinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəlilyinin artırılması üçün hər bir məhkəmə sədrinin, həmçinin ədalət mühakiməsini həyata keçirən hakimlərin üzərinə mühüm vəzifələr düşür.

    Bunun üçün məhkəmə sədrləri, hakimlər öz fəaliyyətlərində ədalət mühakiməsinin prinsiplərinə ciddi əməl etməklə yanaşı, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, bir sözlə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görməli, məhkəmə icraatı zamanı süründürməçiliyə və digər neqativ hallara yol verməməlidirlər.

    Lakin, ayrı-ayrı kateqoriya işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bəzi hakimlərin fəaliyyətində hələ də qeyd olunan neqativ hallar davam etməkdədir və belə nöqsanlar onların fəaliyyətində artıq sistemli xarakter alıb.

    Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək üçün qanunamüvafiq tədbirlər görülür, lakin Fərmanında göstərilən tövsiyyələrə əməl edilməsi üçün məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılmasından ötrü daha çevik, mükəmməl mexanizmlərin işlənib hazırlanmasına zərurət vardır.

    Plenumda “2016-2017-ci illərdə respublikanın birinci instansiya məhkəmələri tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı  baxılmış mülki işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair”  nəticələr müzakirə edilmişdir.

    Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bəzi hakimlər tərəfindən həmin işlərə baxılarkən maddi, prosessual hüquq normalarının tələblərinin pozulduğu, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvlərə yol verildiyi müəyyən edilmişdir.

    Aparılmış ümumiləşdirmənin nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda ətraflı müzakirə edilmiş, yol verilmiş nöqsanlar hakimlərin nəzərinə çatdırılmış, kobud qanun pozuntusuna yol verən hakimlər barəsində müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına təklif edilmişdir.

    Plenumda həmçinin  konkret işlərə baxılmışdır.

     

Baxılıb: 68
Paylaş