Azərbaycan Respublikası Ali Məhkəməsi

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •          2019-cu il mayın 14-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

             Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Koreya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. 

            Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, Azərbaycanda Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.

             Səfir Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Səfir iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. 

              Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

     

  • 14.05.2019

<<  Geri qayıt