Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan məhkəmə sisteminin inkişafının “yol xəritəsi”
  • Ramiz RZAYEV, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

    Xalq qəzeti 20.05.2019

    Müasir dövrdə məhkəmələrin fəaliyyətinin ədalətliliyi və səmərəliliyi cəmiyyətin və dövlətin demokratikliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi və təmininin qiymətləndirilməsinin meyarlarından biri kimi qəbul edilir. Güclü, müstəqil və səmərəli məhkəmə hakimiyyəti həmin dəyərlərin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. 
    Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra öz fəaliyyətində qanunun aliliyinə, insan hüquqları və demokratiyanın müdafiəsinə xüsusi önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə–hüquq islahatlarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, məhkəmələrin fəaliyyətinin hüquqi əsasları yaradılmış, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilmiş, onların səlahiyyətləri genişləndirilmiş, sayı artırılmış, maddi təminatları yaxşılaşdırılmış, hakimlərin səffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yeniləşməsinə nail olunmuşdur. 

    Məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, bu sahədə ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilərək tətbiq olunan yeniliklər, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.

    Məqsəd yüksək nüfuza malik ədalət mühakiməsini davamlı inkişaf etdirməkdir

    Ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il fərmanının qəbul edilməsini şərtləndirmişdir. Bu sənəd məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr qarşıya qoyulmuşdur.

    Respublika Prezidentinin fərmanında müəyyən vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmaqla yanaşı, onların təminatı da müəyyənləşdirilmiş, həyata keçirilməsinin konkret müddətləri dəqiqləşdirilmişdir. Fərmanda qeyd olunur ki, “ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”.

    Dövlət müdafiəsi mexanizmi kimi məhkəmə sistemi hər bir hüquqi dövlətdə mühüm əhəmiyyət kəsb edir. Arbitr rolunda çıxış etməklə məhkəmə sistemi hüquqla tənzimlənən bütün fəaliyyət sahələrini eyni vaxtda müdafiə edir. Məhkəmə orqanları sistemi konstitusiya quruluşunun əsaslarının sarsılmazlığını, hüquq qaydasını, iqtisadi məkanın vahidliyini, fiziki və hüquqi şəxslərin əmlak və qeyri-əmlak hüquqlarını, həmçinin iqtisadi fəaliyyət azadlığını təmin edir.

    Hüquq münasibətlərinin subyektləri arasında hüquq və vəzifələrin həyata keçirilməsi prosesində meydana çıxan mübahisələrin qanun əsasında, ədalətli və tez həll edilməsinə olan tələbatı qarşılamalı olan məhkəmə sisteminin fəaliyyəti daimi təkmilləşməni tələb edir. Bu tələbat qloballaşan dünyanın sürətli inkişafı, insanlar arasındakı iqtisadi, mülki, ailə və digər münasibətlərin ölkə çərçivəsindən kənara çıxaraq beynəlmiləlləşməsi, informasiya-kommunikasiya texnologiyalarının durmadan yeniləşməsi, müvafiq olaraq yeni hüquq münasibətlərinin yaranması və tənzimlənməsi ilə bağlı ayrı-ayrı ölkələrin, beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsini şərtləndirir.

    Ədalət həqiqətin meyarıdır

    Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə nəzərdə tutulmuş tədbirlər hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinə əmin olduğu bir dövlətdə yaşamasının təmininə, xalqın rifah halının yüksəldilməsinə, sabit, hüquqi dövlətdə inam və qayğı ilə əhatə olunmuş şəraitdə yaşamasına yönəlmişdir. Sənədin müddəaları Azərbaycan Respublikası Prezidentinin ardıcıl olaraq həyata keçirdiyi, xalqa qayğı və diqqətin artırılmasına istiqamətlənmiş tədbirlərin hüquqi təmininə xidmət edir.

    Fərmanda Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi tövsiyə olunmuşdur.

    Cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi, ictimaiyyətin qanuna, demokratik dəyərlərə, müstəqil məhkəmələrə inamı – dövlətin mövcudluğunun zəruri şərtidir.

    Ölkə Prezidentinin fərmanında ədalət mühakiməsinin ədalətliliyinə istinad etməsi ilə əlaqədar qeyd olunmuşdur ki, insanlar məhkəməyə hüquq və azadlıqlarının müdafiəsi, ədalətə nail olmaq üçün müraciət edirlər. Məhkəmə qərarı ədalətlidirsə, vətəndaşların məhkəməyə müraciət etmək və məhkəmənin hüquqlarını qorumaqla bağlı ümidləri gerçəkləşir, qərar ədalətli olmadıqda isə hakimə, məhkəməyə, məhkəmə hakimiyyətinə inam sarsılır.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki məhkəmə kompleksinin açılışı zamanı söylədiyi nitqində də ədalət mühakiməsinin ədalətliliyinə xüsusi diqqət ayırmışdır: “...Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.”

    Ədalət mənəvi kateqoriya kimi, həm də milli-mənəvi dəyərlərə söykənir. Ədalət “hər kəsin haqqını özünə vermək”, “hər şeyi öz yerində qoymaq” kimi məna yükünə malikdir. Ədalət həqiqətin meyarı kimi qəbul edilir.

    Ədalət mühakiməsində ədalətə qanunun tətbiqinin düzgün fəaliyyət göstərən mexanizmi sayəsində nail olunan nəticə və ya qərar kimi baxılır. Bu və ya digər konkret vəziyyətə qanunun tətbiqi ədalətə nail olmaq məqsədi daşıyır. Gözləri bağlanmış, bir əlində qılınc, bir əlində tərəzi tutan İlahə – Femida məhz bu ədalətin simvoludur.

    Ədalətlilik qanunun düzgün başa düşülməsi və tətbiqinin başlanğıc nöqtəsidir. Məhkəmə qərarının ədalətliliyi qanunvericiliyin, hüquq normasının düzgün tətbiqindən asılıdır. Məhkəmə ədalətlilik və qanuniliyi qarşı-qarşıya qoymamalıdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərar hüququn tətbiqi aktı olduğundan ictimai fikrin dəyərləri ilə uzlaşmalıdır.

    Məhkəmə qərarı qanun əsasında qəbul edilməli, lakin tətbiq edilən qanun ədalət prizmasında şərh və tətbiq olunmalıdır. Ədalətlilik qanunun şərhinin ilkin başlanğıcı və onun son məqsədi olmalıdır.Ona görə məhkəmə qərarı nəinki qanuni və ədalətli olmalı, həm də cəmiyyət onun ədalətli olmasını görməli və hiss etməlidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə müvafiq olaraq hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

    Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsinə görə isə hakim işə qərəzsiz baxmalı, cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə etməməlidir. Hakim cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz.

    Məhkəmələrin qərəzsizlik prinsipi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışı hüququnun tərkib hissəsini təşkil edir. Bir sıra qərarlarında Konvensiyanın 6-cı maddəsinə şərh verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, “iştirakçı dövlətin üzərinə öz məhkəmə sistemini elə qurmaq öhdəliyi düşür ki, bu sistem 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab versin. Bu tələblərin arasında birinci sırada qərəzsizlik durur”.

    Məhkəmə baxışının aşkarlığı demokratik ədalət mühakiməsinin əsas prinsiplərindən biridir. Bir tərəfdən, onun həyata keçirilməsi zamanı məhkəmənin fəaliyyətinə cəmiyyət tərəfindən nəzarət edilir ki, bu da hakimlərin intizamını, işlərin həlli zamanı onların məsuliyyətini artırır. Digər tərəfdən isə əks əlaqə təmin olunur: məhkəmə iclasında iştirak edən şəxslər məhkəmənin fəaliyyəti ilə tanış olurlar. Məhkəmə iclasının açıqlığı məhkəmə və cəmiyyət arasında əlaqəni təmin edir. Bu məhkəmənin tərbiyələndirici funksiyasının həyata keçirilməsinə şərait yaradır.

     Məhkəmələrin ictimaiyyətlə işinin ən yaxşı forması məhkəmə proseslərinin qanuna müvafiq, yüksək peşəkarlıq səviyyəsində aparılmasıdır. Məhkəmə baxışı zamanı mövcud qanunlar əsasında, tərəflər tam dinlənilməklə, nə üçün məhz belə qərar qəbul edilməsinin tərəflərə və məhkəmə prosesini izləyənlərə çatdırmağa nail olunursa ictimaiyyətdə məhkəmə hakimiyyətinə inam artacaqdır.

    Cəza siyasətinin humanistləşdirilməsi

    Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması dövlət rəhbərinin daim diqqət mərkəzindədir.“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamın preambulasında qeyd olunur ki, “ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq olunması azadlıqdan məhrum olanların sayının çoxalmasına, müəssisələrin yüklənməsinə səbəb olur”.

    Həmin sərəncamda məhkəmələrə həbs qətimkan tədbiri seçilərkən şəxsin cinayətə aidiyyəti ilə bağlı əsaslı şübhənin, həbs qətimkan tədbirinin seçilməsinin əsaslarının mövcudluğunun araşdırılması, digər qətimkan tədbirinin seçilməsinin qeyri-mümkünlüyü barədə dəlillərin yoxlanılması, Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmininə nail olunması tövsiyə edilmişdir. Bu tövsiyəyə uyğun olaraq, Ali Məhkəmə tərəfindən hər il məhkəmə təcrübəsinin ümumiləşdirilməsi aparılır, onun nəticələri Ali Məhkəmənin Plenumunda müzakirə edilərək sərəncamın icrasının reallaşması üçün müvafiq tədbirlər görülür.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanında məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görülməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilməsi də cəza siyasətinin humanistləşdirilməsinə öz töhfəsini verəcəkdir.

    Sahibkarlığın inkişafına hüquqi dəstək

    Fərmanda bir sıra məsələlərlə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb iki aydan altı ayadək müddətdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi vəzifə olaraq qarşıya qoyulmuşdur. Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması sahəsində də normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulmuşdur.

    Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılmasının bir istiqamətini də milli sahibkarlığın inkişafı təşkil edir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığa dəstəklə bağlı maliyyə mexanizmlərinin daha da əlçatan olması, sahibkarların hüquqlarının müdafiəsinin çevik mexanizminin yaradılması bu sahədə nailiyyətlər üçün geniş imkanlar açmışdır. Sahibkarlığın inkişafı istehsalın artırılmasına, yeni iş yerlərinin açılmasına, ölkənin ərzaq təhlükəsizliyinin təmininə, Azərbaycanda istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması yolu ilə ölkəmizin nüfuzunun artmasına və son nəticədə dünya birliyində dövlətimizin layiqli yerini tutmasına xidmət edir.

    Fərmanda qeyd olunan sahələrdə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və qəbulu bütövlükdə Azərbaycanın iqtisadi inkişafı üçün yeni imkanlar açır.

    Ədalət mühakiməsində səmərəliliyin artırılması yolları

    Məhkəmələrin fəaliyyətinə müdaxilə ədalət mühakiməsinin əsaslarını sarsıdan məsələlərdən biridir. Məhkəmə baxışı gedişində hakimin fəaliyyətinə hər hansı müdaxilə onun qərəzsizliyinə, iş üzrə ədalətli qərarın qəbul olunmasına təsir göstərə bilər. Məhkəmələrdə işlərə baxılmasına başlanmamış və ya məhkəmə prosesinin gedişi zamanı kütləvi informasiya vasitələrində məhkəmədə baxılan işlərlə əlaqədar yazıların dərc edilməsi, işə baxan hakimlər və ya tərəflər barəsində müxtəlif məlumatların verilməsi və məhkəmə fəaliyyətinə digər formada müdaxilələr ədalət mühakiməsinin qərəzsizliyinə və nüfuzuna mənfi təsir göstərə bilər. Təəssüflə qeyd olunmalıdır ki, istər kütləvi informasiya vasitələrindən istifadə olunmaqla, istərsə də digər formalarda məhkəmə proseslərinə təsir göstərmək cəhdləri istisna təşkil etmir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında”Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi ədalət mühakiməsinin qərəzsizliyi və nüfuzunun qorunması məqsədilə fikir azadlığının məhdudlaşdırılmasını nəzərdə tutsa da, bu, milli qanunvericilikdə öz ifadəsini tapmamışdır. Hesab edirik ki, ədalət mühakiməsinin maraqlarının təminatı baxımından qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi məqsədəmüvafiq olardı.

    Hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi də ədalət mühakiməsinin səmərəliliyinə öz təsirini göstərən amillərdir.

    Fərmanda mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi sahəsində normativ aktların qəbul edilməsi də nəzərdə tutulmuşdur. Bəzi hallarda məhkəmə ekspertizalarının keçirilməsi ilə bağlı çətinliklər, ekspert rəylərinin məhkəmələrə təqdim edilməsində vaxt itkisinə yol verilməsi ədalətli məhkəmə baxışının münasib müddətdə başa çatdırılmasına imkan vermir. Ona görə də məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübənin təhlil edilməsi və müvafiq təkliflərin verilməsi ilə bağlı fərmanda nəzərdə tutulanlar məhkəmələrin fəaliyyətinin səmərəliliyinin artmasına hesablanmışdır.

     Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi kimi müddəalar nəzərdə tutulmuşdur. Bu, bir tərəfdən hakimlərin müstəqilliyinə, məhkəmələrdə işlərə qərəzsiz baxılmasına, ədalətliliyin təmin olunmasına, digər tərəfdən isə hakimlərin peşə fəaliyyətinə məsuliyyətlə yanaşmasına, cəmiyyətdə hakimin nüfuzunun yüksək mövqeyinin qorunmasına xidmət edir.

    Ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi; məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi; qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi sahələrində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqinin aparılması kimi müddəalar da fərmanda öz əksini tapmışdır. Hesab edirəm ki, qeyd olunan sahələrdə monitorinqlərin keçirilməsi fərdi məsuliyyət hissini artıracaq, səmərəliliyi yüksəldəcəkdir.

    Məhkəmə aktlarının icrası sahəsində daha yüksək nailiyyətlər əldə olunması üçün fərmanda bir sıra istiqamətlər müəyyənləşdirilmişdir. Belə ki, məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülməsi nəzərdə tutulmuşdur.

    Mübahisələrin məhkəmədənkənar həlli, əslində, Azərbaycan xalqının milli-mənəvi dəyərlərində öz köklərinə malikdir. Azərbaycan cəmiyyətində “ağsaqqal”lar uzun müddət cəmiyyətdəki mübahisələrin tənzimlənməsində aparıcı rola malik olmuş, “ağsaqqal”sözü cəmiyyətdə sabitliyi təmin etmiş, milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunmasına, milli özünəməxsusluğun qorunub saxlanmasına yardımçı olmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu artıq qəbul edilmişdir. Mübahisələrin məhkəmədənkənar, vasitəçilərin köməyi ilə həll edilməsi məhkəmələrin iş yükünün azalmasına, mübahisələrin daha tez başa çatmasına kömək edəcəkdir.

    Müasir dövrdə peşəkarlıq səviyyəsinin artırılmasına zərurət yüksəlmişdir. Məhkəmə proseslərində zamanın tələbinə uyğun olaraq mürəkkəb işlər araşdırılır. Hakimlərin həmin işlərin öhdəsindən gəlmələri üçün daim öz biliklərini artırmalarına, təlimlərini davam etdirmələrinə ehtiyac vardır. Bu cəhətdən fərmanda nəzərdə tutulan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun və maddi-texniki təchizatın yaxşılaşdırılması, məhkəmələrdə kargüzarlığın aparılması ilə bağlı təminatlar da ədalət mühakiməsinin nüfuzunun yüksəlməsinə töhfəsini verəcəkdir.

    Vahid məhkəmə təcrübəsinin yaradılması

     Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra mexanizminin təsbit edilməsi sahəsində də normativ hüquqi aktların layihələrinin hazırlanması da fərmanda nəzərdə tutulmuşdur. Sənəddə həmçinin, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi, bunun nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmin yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi də öz əksini tapmışdır.

    Vahid məhkəmə təcrübəsinin yaradılması milli hüququn insan hüquq və azadlıqları haqqındakı müddəalarının milli səviyyədə tətbiqi zamanı hüquqi mövqeyinin formalaşdırılması, bu müddəaların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentləri işığında şərhi və tətbiqi üçün də zəmin yaradır.

    Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahlar verir.

    Məhkəmə piramidasının zirvəsində yer tutmaqla yanaşı, kassasiya məhkəməsi səciyyəvi əlamətə xas olan özünəməxsus xüsusiyyətə malikdir:

    Kassasiya məhkəməsi respublikamızda belə instansiya kimi yeganədir. Bunun başlıca fundamental prinsip qismində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsində də əks etdirilməsi kassasiya instansiyasının nail olmasına yönəlmiş son məqsədinin ayrılmaz tərkib hissəsi kimi hüquq normalarının dövlətin bütün ərazisində vahid şərhini, təfsiri və tətbiqini ehtiva edən “məhkəmə icraatlarının unifikasiyası”ndan irəli gəlir.

    Konstitusiyanın 96-cı maddəsinə əsasən Ali Məhkəmə həmçinin qanunvericilik təşəbbüsü hüququna malikdir.

    Beləliklə, Konstitusiya Ali Məhkəmənin əsasən üç qrup səlahiyyətlərini fərqləndirmişdir:

    1) kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirmək;

    2) məhkəmələrin praktikasına aid məsələlər üzrə izahlar vermək;

    3) qanunvericilik təşəbbüsü ilə çıxış etmək.

    Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirmək səlahiyyətini apellyasiya instansiya məhkəmələrinin aktlarından verilən şikayətlərə kassasiya instansiyası məhkəməsi kimi baxıb maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaqla həyata keçirir.

    Ali Məhkəmə, həmçinin qanunvericilik təşəbbüsünün həyata keçirilməsi, ayrı-ayrı kateqoriya işlər üzrə ümumiləşdirmə aparıb onların Plenumda müzakirə edilməsi, icmal məktubların yazılması, seminarların, zona müşavirələrinin keçirilməsi, kitab və məqalələrin yazılması, Avropa Məhkəməsinin ayrı-ayrı qərarlarının tərcümə edilməsi və öyrənilməsi üçün yerli məhkəmələrə göndərilməsi, hakimlərə və hakimliyə namizədlərə, vəkillərə mühazirələrin oxunması yolu ilə vahid məhkəmə təcrübəsinin yaradılması sahəsində səmərəli işi həyata keçirir.

     “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” və “Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı “İnsаn hüquqlаrı və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin presedentlərinin tətbiqi hаqqındа” Аzərbаycаn Respublikаsının Аli Məhkəməsinin Plenumunun qərarlarında beynəlxalq hüquq normalarının, Kоnvensiyа müddəаlаrının və Аvrоpа Məhkəməsinin presedentlərinin düzgün və vаhid qаydаdа tətbiqinin təmini məqsədilə müvafiq izahlar vermişdir.

    Bununla belə vahid məhkəmə təcrübəsinin yaradılması sahəsində görülməsi vacib olan işlər mövcuddur. İnanırıq ki, fərmanın müddəalarını rəhbər tutaraq Ali Məhkəmə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir.

    “Elektron məhkəmə” günün tələbidir

    Prezident İlham Əliyevin bu il aprelin 3-də imzaladığı fərmanda ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasının təmin edilməsi, burada dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkanlar yaradılması, fiziki və hüquqi şəxslərin bu informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görülməsi nəzərdə tutulmuşdur.

    Dövlət başçısının “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlar səmərəli fəaliyyət üçün hüquqi baza yaratmışdır.

    Azərbaycan Respublikasında informasiya cəmiyyətinə keçidin təmin edilməsi, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli sərəncamı ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında irəliyə doğru mühüm addım kimi qiymətləndirilməlidir.

    Azərbaycan Respublikası Ali Məhkəməsində 2016-cı ildən “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilməyə başlanmış və bu sistemin tətbiqi göstərilən elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, operativliyin təmin olunmasına gətirib çıxarmışdır.

    Bununla belə, hesab edirik ki, “Elektron məhkəmə” sistemindən istifadənin imkanları genişdir. “Elektron məhkəmə” vətəndaşların məhkəməyə yaxınlaşmasını təmin edəcək, məhkəmə proseslərinin şəffaflığını, zəruri hallarda məhkəmə proseslərinin məsafədən həyata keçirilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını, məhkəmə proseslərinin onlayn qaydada izlənilməsini və sair təmin edəcək, ədalət mühakiməsinin səviyyəsinin yüksəldilməsində önəmli vasitəyə çevriləcəkdir.

    Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması, hakimlərin iş yükünün azalmasına, məhkəmə qərarlarının, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə, heç şübhəsiz ki, öz təsirini göstərəcəkdir.

    Ümumiyyətlə, fərmanda nəzərdə tutulan tədbirlər vahid bir məqsədə – ədalət mühakiməsinin nüfuzunun gücləndirilməsinə, dövlətlə xalqın birliyinə xidmət edir.

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhkəmə-hüquq islahatları prosesini daim diqqətdə saxlaması isə fərmanda qoyulan vəzifələrin və verilən tövsiyələrin həyata keçiriləcəyinə, respublikamızda digər inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, insanların məhkəmə müdafiəsi hüququna tam təminat verən müasir, etimad doğuran və yüksək nüfuza malik olan məhkəmə sisteminin inkişaf edəcəyinə əminliyi daha da artırır.

    Şübhəsiz ki, yaradılan şəraitdən lazımınca istifadə etməklə fərmanda müəyyən edilmiş vəzifələr və cənab Prezidentin tövsiyələri uğurla həyata keçiriləcəkdir.


<<  Geri qayıt