Azərbaycan Respublikası Ali Məhkəməsi


Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç Ali Məhkəmənin sədri ilə görüşmüşdür

Bölmə: Xəbərlər 10.07.2019 12:35
  •          2019-cu il iyulun 10-da ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

             Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, Avropa Birliyinin üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışmışdır. Bildirilmişdir ki, ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qisa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulmuşdur. Azərbaycanın Avropaya inteqrasiya olunduğu bir zamanda bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən Ali Məhkəmədə işlərə baxılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilir.

              Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.

    Ali Məhkəmənin sədri  Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçi və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab vermişdir.

    Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak etmişdir.  

Baxılıb: 73
Paylaş