Azərbaycan Respublikası Ali Məhkəməsi

SUBYEKTIV HÜQUQLARDA ƏHATƏ OLUNMAYAN MARAQLAR VƏ ONLARIN MƏHKƏMƏLƏRDƏ MÜDAFİƏSİ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maraqlarının müdafiəsindən də bəhs olunur (məsələn, 2, 4, 5, 10, 14, 15, 46, 49, 50, 59, 60, 167, 210, 306, 357, 403, 423 və s. maddələrdə). Maddi hüquq normalarında da “mənafe” və “maraq” ifadələri işlədilir (məsələn, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci Ailə Məcəlləsinin 3-cü, Əmək Məcəlləsinin 2-ci maddəsində və s.). Təbii olaraq suallar meydana çıxır: “mənafe” və “maraq” ifadələrinin hüquqi məzmunu nədən ibarətdir; “mənafe” və “maraq”lar subyektiv hüquqlarda tamamilə əhatə olunurmu; subyektiv hüquqlarda əhatə olunmayan mənafe və maraqların məhkəmə müdafiəsi mümkündürmü; mənafe və maraqları pozulmuş şəxslər mülki işə cəlb edilmədikdə mülki prosessual hüquqi imkanlardan necə istifadə etməlidir? Bu yazıda həmin suallara aydınlıq gətirməyə çalışacağıq.
 
“Mənafe” və “maraq” ifadələri müxtəlif elm sahələrində onların predmetlərinə, metodlarına və tədqiqat prinsiplərinə uyğun olaraq izah edilir. Məsələn, fəlsəfədə “mənafe” və “maraq” cəmiyyətin, onun müəyyən qruplarının və ayrı-ayrı fərdlərin öz həyat şəraitlərinə, zəruri tələbatlarına obyektiv münasibətlərini və onlara sərfəli olan şəraitin saxlanılmasına cəhd etmələrini ifadə edir. Psixologiyada “mənafe” və “maraq” ifadələri insanların müəyyən həyat ehtiyaclarının ödənilməsinə yönələn iradə ifadəsi kimi şərh edilir. İqtisadçılar “mənafe” və “marağ”ın izahını ictimai istehsal sistemində insanların yerini müəyyən edən fəaliyyət motivlərində axtarırlar. Normativ hüquqi aktlarda tez-tez işlədilməsinə baxmayaraq hüquq ədəbiyyatında “mənafe” və “maraq” anlayışları xüsusi tədqiq edilməmişdir. Hüquq elmlərində belə bir fikir üstünlük təşkil edir ki, hüquq normalarını tətbiq edən orqanlar və vəzifəli şəxslər qeyri-hüquq sahələrinin işləyib hazırladıqları müvafiq “mənafe” və “maraq” anlayışlarından istifadə edə bilərlər. Fikrimizcə, bu mülahizə ilə kifayətlənmək olmaz. “Mənafe” və “maraq” anlayışlarının hüquqi mahiyyəti və konkret məzmunu da müəyyənləşdirilməlidir ki, onların obyektiv hüquqi mühafizəsini və real müdafiəsini təmin etmək mümkün olsun.
 
Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
 
Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar.
 
“Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur.
 
Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur.
 
Yuxarıda qeyd edildiyi kimi, subyektiv hüquqlarda əhatə olunmayan mənafe və maraqlar da mümkündür. Məhkəmə təcrübəsində təsadüf edilən belə bir misala müraciət edək. “Monitor” jurnalının saylarının birincə Azərbaycan xalqının mənşəyi ilə əlaqədar müəllik yazısı dərc edilmişdi. Bu yazıda müəllif tərəfindən irəli sürülən bəzi fikirlər bir qrup azərbaycanlı ziyalıların narazılığına səbəb olmuşdu. Onlar “Monitor” jurnalına qarşı məhkəmədə iddia qaldırıb müəllif tərəfindən Azərbaycan xalqı barəsində yayılan bəzi fikirlərin təkzib edilməsini, jurnalı və məqalə müəllifinin məsuliyyətə cəlb edilməsini xahiş etmişdi.
 
Həmin məhkəmə icraatı ilə əlaqədar mübahisə doğuran bir sıra suallar meydana çıxmışdı: xalq özü-özlüyündə məhkəmədə iddiaçı ola bilərmi; xalqın adından həmin xalqa daxil olan ayrı-ayrı fərdlərin iddia qaldırmaq hüququ varmı; ayrı-ayrı fərdlərin marağını bütövlükdə xalqın marağı kimi qəbul etmək olarmı? Bu sualların yaranmasının əsas səbəbi xalqın subyektiv mülki hüquqları barədə normativ hüquqi əsasların olmaması idi. Bu mülki işin həllində həm rayon, həm də yuxarı məhkəmələr düzgün olaraq belə nəticəyə gəldilər ki, mülki hüquqda xalqın subyekt kimi tanınmaması, xalqa münasibətdə subyektiv mülki hüquqların müəyyən edilməməsi onun hər bir nümayəndəsinin xalqın mənafe və maraqlarını müdafiə etmək imkanını istisna etmir. Bu müddəa 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində 11.5 öz əksini tapdı. Orada deyilir ki, mülki hüquqi münasibətlərini tənzimləyən hüquq normasının olmaması (subyektiv hüququn müəyyən edilməməsi B.Ə.) və ya onun qeyri-müəyyənliyi məhkəməni mülki işə baxmaqdan imtina etməsinə əsas ola bilməz.
 
Yeni mülki qanunvericilikdə də subyektiv hüquqlarda ifadə olunmayan mənafe və maraqların müdafiəsi imkanı öz əksini tapmışdı.
 
Mülki Məcəllənin 11-ci maddəsi qanun və hüququn analogiyası qaydasında subyektiv mülki hüquqlarda ifadə olunmayan mənafe maraqların müdafiəsinə imkan verir. Həmin maddəyə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda isə münasibətlər qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir.
 
Mənafe və maraqların analogiya əsasında müdafiəsi zamanı üç cəhətə xüsusi diqqət verilməlidir: 1)müasir mülki qanunvericiliyin mənasına görə qanunla qadağan edilməyən istənilən hərəkətlərə yol verilir; 2)hər cür mənafe və maraqlara deyil, yalnız hüquqla qorunan mənafe və maraqlara analogiya tətbiq edilə bilər; 3)hüququn və qanunun analogiyası tətbiq edilərkən ədalət, inkişaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Ədalət, inkişaf və mənəviyyat ifadələri ümumi etik kateqoriyalar olduqlarına görə, bu ifadələrin məzmunu konkret işdən asılı olaraq əxlaq normaları, adət və ənənələrə əsasən izah edilə bilər.
 
Mülki hüququn predmetin müvafiq olaraq mülki hüquqi mahiyyət kəsb edən mənafe və maraqları iki qrupa bölmək olar: əmlak maraqları və qeyri-əmlak maraqları. Təbiidir ki, əmlak maraqları iqtisadi vasitələrlə, şəxsi qeyri-əmlak maraqları isə həm də mənəvi vasitələrlə təmin olunur. Həm əmlak, həm də şəxsi qeyri-əmlak maraqları hüquqi mənafedə ifadə oluna bilər. Bunlardan başqa, ədəbiyyatda, o cümlədən hüquq ədəbiyyatında “ictimai maraq”, “dövlət marağı”, “kollektiv maraq” və “xidmət marağı” ifadələrinə də təsadüf olunur. Fikrimizcə, bu hallarda işə baxan məhkəmələr mübahisəli münasibətlərə obyektiv qiymət vermək üçün, onlar prosesin iştirakçıları olmasalar da, müvafiq dövlət və ictimai orqanları, habelə kollektivin nümayəndəsini işə cəlb edib onların rəyini öyrənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilən bir məktubda tövsiyə edilmişdir ki, dövlət hesabından pul tutulması ilə əlaqədar olan iddialar üzrə işlərə baxıldıqda Azərbaycan Respublikası Maliyyə Nazirliyi və yaxud onun yerli orqanları işə cəlb edilməli, reqres iddia qaldırmaq imkanları olduqda onlara bu hüquqları izah edilməlidir.
 
Mənafe və maraq kateqoriyaları nəinki fiziki və hüquqi şəxslərin tələblərinin ödənilməsi üçün əhəmiyyət kəsb edir, həm də mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin əsasını təşkil edir.
 
Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və bu hüququ həyata keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Məhkəməyə müraciət edən şəxslərin mənafe və maraqlarının olması bu maddələrdə birbaşa öz əksini tapmışdır. Lakin bu heç də o demək deyildir ki, məhkəməyə müraciət edən şəxsin mənafe və marağı məhkəmə prosesinin özü üçün əhəmiyyət kəsb etmir.
 
Qeyd etmək lazımdır ki, hər bir müdafiə tədbirinin öz məqsədi, predmeti və arzuolunan nəticəsi olur. Əgər bu və ya digər müdafiə tədbiri müəyyən vəziyyətin möhkəmləndirilməsinə, bərpasına, maneələrin aradan qaldırılmasına səbəb olmursa, deməli, o, məqsədsiz olur. Təcrübədə bəzən elə hallara təsadüf olunur ki, mübahisə üzrə məhkəməyə müraciət edən şəxsin subyektiv maddi hüququnun və yaxud marağının olmamasına əvvəlcədən hüquqi qiymət verilməklə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Məsələn, A. məhkəməyə müraciət edib bildirir ki, ana tərəfdən babasının mirası oğul və qızları arasında bölüşdürülmüş, ona pay ayrılmamışdır. İddia ərizəsi ilə tanış olan hakim müəyyən edir ki, A-nın vərəsə olan anası sağ olduğu üçün o, babasının vərəsəliyinə çağrıla bilməz. bu halda hakim A-nın vərəsəlik hüququnun olmamasını, güddüyü marağın əsassızlığını bilsə də, iddia ərizəsini qəbul etməkdən imtina etməməlidir. Yadda saxlamaq lazımdır ki, hər bir qaldırılmış iddi əsası olub-olmamasından asılı olmayaraq icraata qəbul edilməli, iddia tələblərinə yalnız məhkəmə iclasında məhkəmə aktı ilə hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi ondan irəli gəlir ki, subyektiv hüquqlar obyektiv xarakter daşısa da, onun daşıyıcıları olan şəxslər tərəfindən yanlış anlaşıla bilər. məhkəmə öz qətnaməsi ilə ona müraciət edən şəxsin maraqları barədə yanlış təsəvvürdə olmasını təsdiq edir. Bundan sonra həmin şəxsin iddia ilə məhkəməyə təkrar müraciət etməyə marağı itir.
 
MPM-nin 46-cı maddəsində “işdə iştirak edən şəxslər”in tərkibi müəyyən edilmişdir. Burada “maraqlı şəxslər” həmin kateqoriyaya daxil edilmişdir. İşdə iştirak edən şəxslərin tərkibinə daxil olan iddiaçı, cavabdeh, üçüncü şəxs və ərizəçinin işdə hüquqi maraqları olsa da, həmin ifadədə göstərilən digər “maraqlı şəxslər” onlardan fərqləndirilməlidir. Fikrimizcə, o şəxslər “maraqlı şəxslər” kimi prosesə cəlb edilməlidir ki, onların hərəkətləri prosesin gedişinə təsir etməsə də (məsələn, iddiadan imtina etmək). qəbul ediləcək qətnamə mənafe və maraqlarına təsir etmiş olar. Məsələn, vərəsələr arasında miras evin bölünməsi barədə mübahisəyə baxıldıqda müəyyən olunur ki, miras qoyan miras kütləsinə daxil olan otaqlardan birini başqasına kirayəyə vermişdir. Lakin kirayə müqaviləsinin müddəti hələ bitməmişdir. Həmin işə baxıldıqda qəbul edilən qətnamə kirayəçinin hüquqlarına təsir etdiyi üçün o, hökmən maraqlı şəxs kimi işə cəlb edilməlidir.
 
MPM-nin 357-ci, 403-cü və 423-cü maddələrinə görə digər işdə iştirak edən şəxslərlə yanaşı, maraqlı şəxslər də apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri verə bilərlər. Məhkəmə təcrübəsində bəzən elə hallara təsadüf olunur ki, prosesdə iştirak etməyən, lakin məhkəmə qətnaməsi mənafe və marağına toxunan şəxslərdən də şikayətlər qəbul edilir. MPM-nin 357-ci maddəsinin 357.2-ci hissəsinə görə apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifəsinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi, burada maraqlı şəxsin mənafeyi subyektiv hüquqlarının mövcudluğu ilə əlaqələndirilmişdir. Subyektiv hüquqlarda ifadə edilməyən maraqlar apellyasiya şikayəti vermək üçün əsas hesab edilməmişdir. Lakin qeyd etmək lazımdır ki, subyektiv hüquqda ifadə olunmayan marağın müdafiəsi üçün işə cəlb edilmiş şəxslər də apellyasiya şikayəti verə bilərlər. A və B arasında evin faktiki satılması ilə əlaqədar mübahisəni həll edən məhkəmə A-nın tələbini təmin edib, onlar arasında alqı-satqı müqaviləsini bağlanılmış hesab etmişdir. B. həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Onun bacısı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, mübahisəli ev üzərində vərəsəlik hüquqlarından qardaşı A-nınxeyrinə imtina etdikdə o, belə güman etmişdir ki, həmin ev həmişə qardaşının mülkiyyətində qalacaq, o, ata mülkünə sərbəst gəlib-gedə biləcəkdir. Qardaşı bu evi satmaqla onun marağını nəzərə almamışdır. Buna görə də o, həmin qətnaməni ləğv edib, alqı-satqı müqaviləsini etibarsız hesab etməyi xahiş etmişdir. Şikayətçinin dəlilləri subyektiv hüquqlarına əsaslanmadığı üçün onun apellyasiya şikayəti qeyri-mümkün hesab edilir. MPM-nin 357-ci maddəsindən fərqli olaraq 403 və 423-cü maddələrdə işdə iştirak etməyə cəlb edilməyən maraqlı şəxslərin kassasiya və əlavə kassasiya şikayəti verməsi imkanı onların hüquq və vəzifələri ilə əlaqələndirilməmişdir. Belə hesab etmək olar ki, MPM-nin 403 və 423-cü maddələrində göstərilən mənada maraqlı şəxslər dedikdə məhkəmə qətnaməsi hüquq və vəzifələrinə təsir edən şəxslər nəzərdə tutulur.
 
Beləliklə, demək olar ki, mənafelərin və maraqların qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımdan hər cür maraq deyil. MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafiəsindən imtina olunması üçün əsas deyilir. MPM-nin 13-cü maddəsinin 13 maddəsinin 13.5-ci bəndinə müvafiq olaraq məhkəmə öz aktında maddi hüquqi əsas kimi Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürə bilər.
 
B.H.ƏSƏDOV,
Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimi, hüquq elmləri namizədi, dosent.