Azərbaycan Respublikası Ali Məhkəməsi

Torpaq qanunvericiliyinin ümumi və iqtisadi məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsi
 
Torpaq qanunvericiliyinin ümumi və iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin 
ÜMUMİLƏŞDİRİLMƏSİ 
(ixtisarla)
 
Məlumdur ki, torpaq, torpaqla bağlı münasibətlər tarixən istənilən cəmiyyətdə əsas müəyyənedici amil olmuş, nəinki sosial-iqtisadi, hətta siyasi və beynəlxalq münasibətlərdə başlıca amil kimi çıxış etmişdir. Torpaq bütün maddi nemətlərin mənbəyi olduğu üçün ictimai-iqtisadi formasiyaların dəyişməsindən asılı olmayaraq, cəmiyyətdə ona münasibət dəyişməmişdir.
 
Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ölkənin siyasi və iqtisadi sferalarını yeni şəraitə uyğunlaşdırmaq üçün qlobal və ciddi islahatlar həyata keçirilməyə başlandı. Torpaq islahatları bu islahatlar arasında öz müstəsna əhəmiyyəti ilə seçilir.
 
Respublikamızda torpaq islahatlarına 1995-ci ildən başlanılmış, bununla əlaqədar Torpaq İslahatı Proqramı hazırlanmış və torpaq islahatının aparılmasının hüquqi əsaslarını müəyyən edən “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi də daxil olmaqla 40-dan yuxarı Qanun, Qayda, Əsasnamə və digər normativ hüquqi aktların qəbul olunması ilə torpaq islahatlarının möhkəm hüquqi bazası yaradılmış və bu sahədə qanunvericiliyin qəbulu, onun icrası prosesi indi də davam etməkdədir.
 
Torpaq əkinçi münasibətlərinin formalaşması, torpaq üzərində yeni mülkiyyət növlərinin yaranması və aqrar sahənin inkişaf etdirilməsi prosesləri həyata keçirilərkən torpaq münasibətlərinin iştirakçıları arasında torpaq sahəsinə və onun üzərində olan obyektlərə hüquqların yaranması, əldə edilməsi, dəyişdirilməsi və bu hüquqların itirilməsilə əlaqədar yaranan mübahisələr əsasən məhkəmə yolu ilə həll olunur.
 
Bu məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin iş planına uyğun olaraq torpaq qanunvericiliyinin ümumi və iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsi ümumiləşdirilmişdir.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bu qəbildən olan mülki işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən düzgün əməl olunmuş, bununla yanaşı bəzi məhkəmələr tərəfindən bu növ mübahisələrə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki halları tam araşdırılmamışdır ki, bu da nəticə etibarı ilə belə qətnamələrin yuxarı instansiya məhkəmələri tərəfindən ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olmuşdur.
 
Ümumiləşdirmənin əhatə etdiyi dövrdə şərh edilən mübahisələr üzrə birinci instansiya məhkəmələrində vətəndaşlar tərəfindən 318, bələdiyyələr tərəfindən 42, rayon torpaq və xəritəçəkmə şöbələri tərəfindən isə 2 iddia qaldırılmışdır.
 
Bu işlər üzrə mübahisələrin obyekti 354 iş üzrə torpaq sahələri, 8 iş üzrə isə torpaq sahəsi üzərindəki əmlak olmuşdur.
 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə görə torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri mülkiyyət hüququnun subyektləridirlər.
 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
 
Ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkəmələrdə baxılmış işlər üzrə torpaq münasibətlərinin iştirakçıları, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri olmuşlar.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən məhkəmə aidiyyatı məsələsinin həllində səhvlərə yol verilmişdir.
 
Belə ki, Xaçmaz rayon məhkəməsi Ə.Abdullayevin şərikli istifadədə olan torpaq sahəsinin bölünməsi tələbinə dair N.Abdullayevə qarşı iddiasını icraata qəbul etmiş, iş məhkəmədə baxılmağa hazırlanaraq məhkəmə baxışına təyin edilmişdir.
 
Həmin iş üzrə Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mühakim edilən hər iki tərəf hüquqi şəxs yaranmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər olduğuna görə Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə (mübahisələrin iqtisad məhkəməsinə aidiyyəti) müvafiq olaraq iddia ərizəsi aidiyyati üzrə baxılmasından ötrü Azərbaycan Respublikasının 1 saylı yerli İqtisad Məhkəməsinə göndərilmişdir.
 
İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Xaçmaz rayon məhkəməsinin hakimi H.Mirzəyev vətəndaş Ə.Abdullayevin iddia ərizəsini 26.09.2000-ci ildə icraata göndərərək onu mahiyyəti üzrə həll etmədən əsassız olaraq uzun müddət icraatında saxlamış, işi yalnız 5 aydan sonra aidiyyəti üzrə yuxarıda göstərilən İqtisad Məhkəməsinə göndərmişdir.
 
Başqa bir misal: Naxçıvan şəhər Məhkəməsinin qətnaməsi ilə “Cavanşir” kooperativinin sədri A.Qasımovun Naxçıvan MR Torpaq Komitəsinə qarşı “Cavanşir” bağçılıq kooperativinə ayrılmış torpaq sahəsinin həmin kooperativin mülkiyyətinə verilməsi barədə iddiası təmin edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin MİÜMK-nın 08.01.2001-ci il tarixli qətnaməsi ilə Naxçıvan şəhər Məhkəməsinin qətnaməsi ləğ edilib. A.Qasımovun iddiası təmin edilməmişdir.
 
İşə kassasiya qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 11.04.2001-ci il tarixli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin MİÜMK-nın həmin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ona görə ki, cavabdeh təşkilat hüquqi şəxs olduğundan, məhkəmədə A.Qasımovun iddianı “Cavanşir” kooperativinin sədri kimi, yoxsa, fiziki şəxs kimi qaldırmasını, yəni işin ümumi məhkəmələrə,yaxud da İqtisad Məhkəməsinə aid olmasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır.
 
Bakı şəhər, Sabunçu rayon məhkəməsində baxılmış bu qəbuildən olan bəzi işlər xüsusilə xarakterikdir.
 
Belə ki, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə hüquqi şəxs olan Sabunçu rayonu Bakıxanov bələdiyyəsi hüquqi şəxslər olan “Lalə” firmasına qarşı, “Səfərli” kafesinə qarşı, “Səbuhi” firmasına qarşı ayrı-ayrılıqda iddia qaldırmış, hər üç iddia ərizəsi icraata qəbul edilmiş, iş məhkəmədə baxılmağa hazırlanmış, sonra iş məhkəmə baxışına təyin edilmiş və məhkəmə iclasında iş üzrə mübahisə edən tərəflərin hüquqi şəxs olması müəyyən edildiyi üçün həmin işlər aidiyyatı üzrə baxılmaq üçün müvafiq iqtisad məhkəməsinə göndərilməli olduğu halda AR MPM-nin 261-ci maddəsinin tələblərinə zidd olaraq həmin işlərin icraatına xitam verilmişdir.
 
Bu qərardadların heç birindən şikayət verilməmişdir.
 
Başqa bir misal: İsmayıllı rayon Tircan bələdiyyəsi torpaq sahəsinin icarə müqaviləsini ləğv etdiyin və həmin torpaq sahəsini vətəndaşlara torpaq payı kimi verdiyinə görə iddiaçı A.Ə.Əbilovun Tircan bələdiyyəsi sədrinin qanunsuz hərəkətindən şikayəti İsmayıllı rayon məhkəməsinin qətnaməsi ilə təmin olunmuşdur. İşdə olan icarə müqaviləsindən görünür ki, iddiaçı A.Ə.Əbilov hüquqi şəxs olan Tircan kiçik müəssisəsinin direktorudur və o, rəhbrlik etdiyi müəssisəni təmsil etməkləhüquqi şəxsdir. Göründüyü kimi, həmin iş üzrə cavabdeh Tircan bələdiyyəsi də hüquqi şəxsdir.
 
Beləliklə, tərəflərin subyektiv tərkibinə görə mübahisə Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə əsasən İqtisad Məhkəməsinə aid olduğu halda həmin işə qanunsuz olaraq İsmayllı rayon məhkəməsində baxılmışdır.
 
Qətnamədən apellyasiya şikayəti verilməmişdir.
 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin birinci hissəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Bu maddənin ikinci hissəsində göstərilir ki, tərəflər müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə razı olmadıqda mübahisəyə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Həmin norma torpaq münasibətləri iştirakçılarına torpaq mübahisələri zamanı birbaşa məhkəməyə müraciət etməyə imkan vermirdi.
 
Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “”Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsi haqqında” 27.07.2000-ci il tarixli qərarı ilə izah etmişdir ki, Torpaq Məcəlləsinin 103-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəa şəxsin torpaq mübahisələrini həll etmək üçün bilavasitə məhkəməyə müraciət etmək hüququnu istisna etmir, yəni pozulmuş torpaq hüquqlarının bərpa edilməsi üçün hara müraciət etməsi şəxsin öz iradəsindən asılıdır.
Konstitusiya Mıhkəməsinin qərarı normativ xarakterli akt olduğundan məhkəmələr işə baxarkən onun tələblərinə əməl etməlidirlər.
 
Buna baxmayaraq, bəzi məhkəmələrdə torpaq mübahisələrinə baxılarkən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əməl edilməmişdir.
 
Belə ki, Bərdə rayon Məhkəməsinin qərarı ilə X.H.Məmmədovun Z.D.Zahidova qarşı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən çıxarılma tələbi üzrə ərizənin qəbulundan əsassız olaraq imtina edilmiş, iddiaçı X.Məmmədova izah edilmişdir ki, bu barədə o, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyəyə müraciət edə bilər.
 
Ümumiləşdirmənin əhatə etdiyi dövrdə öyrənilmiş işlərdən görünür ki, torpaq mübahisələrinə baxılarkən bəzi məhkəmələr mülkiyyətçinin torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənəd təqdim edilmədiyi və şəxsin hüquqi vəziyyəti aydınlaşdırılmadığı halda, iddia ərizəsini icraata götürmüş, mübahisəyə mahiyyəti üzrə baxıb onu həll etmişdir.
 
Belə ki, Xaçmaz rayon məhkəməsinin ətnaməsi ilə Xaçmaz rayon torpaq sahəsinin D.Soltanova və M.Bayramova qarşı zəbt olunmuş 0,52 ha. Torpaq sahəsinin boşaldılması və onun Qaradağ-buduq bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına dair iddiası təmin olunmuşdur.
 
İşdən görünür ki, zəbt olunmuş torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Belə olduğuna görə Xaçmaz rayonunun torpaq şöbəsinə torpaq sahəsinin mülkiyytçisi olan Qaradağ-buduq bələdiyyəsi tərəfindən səlahiyyət verilmədiyi halda, nə üçün onun məhkəmədə iddia qaldırması aydınlaşdırılmamış, bu vəziyyətdə məhkəmə Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi hququ olmayan tərəfi əsl iddiaçı tərəflə əvəz etmək barədə də heç bir tədbir görməmişdir.
 
Bundan əlavə, Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə Xaçmaz rayon İH başçısının Nabran inzibati ərazisi üzrə nümayəndəliyi vətəndaş S.B.Timofeyevanın adına olan Xaçmaz rayonunun Şimali qəsəbəsində yerləşən ərazidə istifadəsiz torpaq sahəsinin üzərində yerləşən yarımçıq evin sahibsiz əmlak kimi Xaçmaz rayon Nabran İnzibati Ərazisi Vahidinin balansına verilməsi barədə iddiası təmin olunmuşdur.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 06.06.2001-ci il tarixli qərarı ilə Xaçmaz rayon məhkəməsinin həmin iş üzrə 11 dekabr 1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin icraatına xitam verilmişdir, ona görə ki, Xaçmaz rayon İH Nabran İƏV-nin məhkəmədə belə bir iddia qaldırmaq səlahiyyəti olmamış, Xaçmaz rayon İH başçısı tərəfindən ona belə bir səlahiyyət verilməmişdir. Belə ki, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsində mülkiyyətçisi olmayan və ya mülkiyyətçisi məlum olmayan əmlakın (sahibsiz əmlakın) maliyyə orqanının ərazisinə əsasən çıxarılmış məhkəmə qətnaməsi əsasında dövlət mülkiyyətinə verilməsi qaydaları müəyyən edilmişdir.
 
Bundan əlavə, Tərtər rayon məhkəməsinin qətnaməsi ilə N.Q.Səfərovun Kərim və Qaçay Şirinov qardaşlarına qarşı həyətyanı torpaq sahəsindən yolun açılması iddiası təmin olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nin 14.08.2001-ci il tarixli qətnaməsi ilə Tərtər rayon məhkəməsinin həmin qətnaməsi ləğv olunmuş və iddia rədd edilmişdir.
 
Həmin işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuş, heç bir səlahiyyətli orqan tərəfindən onların istifadəsinə verilməmiş, ümumiyyətlə, mübahisəli yolun yerləşdiyi torpaq sahəsinin cavabdehlərə rəsmi qaydada verilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
 
Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 17.10.2001-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.
 
Məlumdur ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdırÜmumiləşdirmə zamanı müəyyən olunmuşdur ki, bəzi məhkəmələr belə işlərə baxarkən iddia tələbindən kənara çıxmış və yaxud da öz səlahiyyətinə aid olmayan məsələləri həll etmişdir.
 
Belə ki, Tərtər rayon məhkəməsində iddiaçılar R.M.Mayılov və E.M.Mayılovun cavahdehlər Azər və Fərrux Mustafayevlərə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi təmin olunmuşdur. Həmin qətnamə ilə həm də iddiaçı R.M.Mayılovun torpaq payından 0,04 ha. Digər iddiaçı Ə.M.Mayılovun torpaq payından 0,36 ha-nın qanunvericiliyin tələblərinə müvafiq olaraq alınmasının Tərtər rayon torpaq şöbəsinə tapşırılması qt edilmişdir. İşdən görünür ki, Tərtər rayonu İH-nin torpaq şöbəsinin nümayəndəsi Buruc kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi və Buruc kənd bələdiyyəsinin nümayəndələri şahid qismində məhkəmə iclasında iştirak etsələr də, onlardan heç biri müvafiq iddia tələblərindən kənara çıxmış və iddianın predmetinə aid olmayan məsələləri də (iddiaçılardan torpaq sahəsinin alınmasını) həll etmişdir.
 
Başqa bir misal: Xaçmaz rayon məhkəməsində Mikayıl və Vahid Mehdiyevlərin, Mirisa Bayramova və qeyrilərin qarşı torpaq sahəsinin plan cizgilərinin dəyişdirilməsinə dair iddiası təmin olunaraq aşağıdakı məzmunda qətnamə çıxarılmışdır. Mikayıl və Vahd Mehdiyevlərin dövlət aktında qeyd olunmuş torpaq sahələrinin plan cizgiləri onların faktiki istifadələrində olan torpaq sahəsinin hesabına artırılsın, cavabdeh E.C.Bayramovun dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əvəzləşdirilsin. Onun faktiki istifadəsində olan torpaq sahəsinin plan cizgiləri bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hesabına dyişdirilsin, dövlət aktı ilə E.C.Kərimovun mülkiyyətinə verilmiş torpaq sahəsi ondan alınaraq bələdiyyə mülkiyyətinə verilsin. Ə.H.Məmmədovun və A.Ə.Məmmədovun dövlət aktı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan cizgiləri həmin ərazidə “Məhsul” KFT ilə qonşu olan torpaq sahələri müəyyənləşdirilsin, torpaq sahəsi naturadan ayrılaraq onlara təqdim edilsin”.
 
Qətnamədən göründüyü kimi, hakim nəinki iddia tələbindən kənara çıxmış, həttta iş üzrə tərəf olmayan şəxslərin torpaq sahələrinin dəyişdirilməsini qət etmiş, bir torpaq sahəsini digəri ilə əvəz etmiş, bələdiyyənin və rayon torpaq orqanlarının səlahiyyətlərinə aid məsələləri həll etmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə haqlıdır. Məhkəmənin belə qərardadından şikayət verilə bilər.
 
Bərdə rayon məhkəməsində qətnamənin icrasına möhlət verilməsinə dair cavabdeh Əsgərov Çingiz Murtuza oğlunun şikayətinə baxılarkən göstərilən Qanunun tələbləri pozulmuşdur.
 
Belə ki, Bərdə rayon məhkəməsində D.Həsənovun Ç.Əsgərova qarşı torpaq sahəsindən çıxarılma iddiası təmin ediləndən sonra, cavabdeh Ç.Əsgərov qanunsuz istifadə etdiyi torpaq sahəsində əkib-becərdiyi kənd təsərrüfatı məhsulları yığılana qədər (2002-ci ilin iyun ayına qədər) ona möhlət verilməsi üçün həmin məhkəməyə müraciət etmişdir. Ərizə “apellyasiya şikayəti” adlandırılsa da, məzmununa görə orada qətnamənin icrasına möhlət verilməsinin xahiş edildiyi tam aydın görünür. Qətnamənin icrasına möhlət verilməsinə dair ərizə formaca düzgün tərtib edilmədiyinə və ünvanlanmadığına görə hakim şikayətçiyə qətnamənin icrasına möhlət verilməsi üçün məhkəməyə müraciət etməsinin prosessual qaydasını və formasını izah etməli və göstərilən məzmunlu ərizəyə MPM-nin 231-ci maddəsinin tələblərinə müvafiq olaraq özü baxmalı olduğu halda, qanunun tələbini pozaraq əsassız olaraq onu Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə göndərmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 140-144-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi aydada çağırış vərəqələri ilə xəbərdar etməlidir. Lazımi qaydada xəbərdarlıq edilmiş tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirak olmadan baxmağa xahiş etmədikdə məhkəmə MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizənn baxılmamış saxlanılması barədə qərardad çıxarır.
 
Əlbəttə,məhkəmə belə qərardadı tərəflər çağırış vərəqəsini aldıqdan sonra üzürlü səbəblər olmadan məhkəməyə gəlmədiyi halda çıxara bilər.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən Qanunun bu normasının tətbiqi zamanı səhvə yol verilmişdir.
 
Belə ki, Bərdə rayon məhkəməsində H.Ə.İbrahimovun Bərdə rayonu AİK-ə qarşı torpaq payının yararsız hissəsinin yararlı torpaq sahəsi ilə əvz edilməsi barədə iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır.
 
İşdən görünür ki, işin baxılması bir dəfə də olsun təxirə salınmamışdır.
 
Halbuki eyni hakimin sədrliyi ilə YUSİF Hüseyn oğlu Quliyevin İsa Şəmil oğlu Ağayevə qarşı torpaq sahəsindən çıxarılma və su yolunun verilməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəməyə üzürsüz səbəblərdən gəlmədiklərinə görə baxılmamış saxlanılanadək işə baxılması dəfələrlə təxirə salınmışdır.
 
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (16.07.1996) 7-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyələrin mülkiyyətinə verilmişdir.
 
Həmin Qanunun 25-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bələdiyyələrə ayrlan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
 
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa görə bələdiyyələr lazımi qaydada yalnız onların mülkiyyətinə verilmiş torpaq üzərində mülkiyyətçi hüquqlarını həyata keçirə bilərlər.
 
Ümumiləşdirmə ilə əlaqədar nəzərdən keçirilən işlərdən görünür ki, bəzən məhkəmələr bələdiyyələrin torpaq üzərində hüquqlarının müdafiəsinə dar mübahisələrə baxarkən onların torpaq üzərində hüquqlarını təsdiq edən zəruri sənədlər olmadan iddia ərizəsini icraata götürmüş və ona mahiyyəti üzrə baxıb həll etmişdir.
 
Belə ki, Ağdaş rayon məhkəməsinin qətnaməsi ilə Ağdaş rayonu Korax kənd bələdiyyəsinin E.Çərkəzova qarşı torpaq sahəsindən çıxarılma və ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmuşdur. E.Çərkəzovun çıxarılması tələb olunan torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını təsdiq edən hər hansı hüquq verən sənəd (akt, qərar, plan-sxem və s.) yoxdur. Buna baxmayaraq, məhkəmənin hansı sübutlara əsasən həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını hesab etməsi və onun iddiasını təmin etməsi aydın deyildir.
 
Eyni nöqsanlara Bərdə rayon məhkəməsinin qətnaməsi ilə Bərdə rayon Mollaməhəmmədli bələdiyyəsinin M.M.Hüseynova qarşı torpaq sahəsindən çıxarma tələbi üzrə iddiasına baxılarkən də yol verilmişdir.
 
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasi Qanunu ilə (17.03.1999-cu il) dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi və icarə münasibətlərinin hüquqi əsasları müəyyən edilmişdir. Həmin Qanunun 12-ci maddəsinə görə torpaq icarə müqaviləsi müvafiq icarə hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmamış torpaqların icarə müqaviləsi etibarsız sayılır. Bu müddətdə həm də nəzərdə tutulmuşdur ki, dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir.
 
Ümumiləşdirmə ilə müəyyən edilmişdir ki, bəzi məhkəmələr bu qəbildən olan işlərə baxarkən qeyd edilən Qanunun tələblərinə heç də həmişə lazımınca əməl etməmişdir.
 
Belə ki, Yevlax rayon məhkəməsinin qətnaməsi ilə İ.M.Rəhimovanın Ə.R.Cəfərovavə qeyrilərinə qarşı ona 15 il müddətinə icarəyə verilmiş 30 hektar torpaq sahəsindən çıxarılma tələbi təmin edilmişdir. İddianın qaldırılmasına əsas verən icarəyə verənlə icarənin münasibətlərini tənzimləyən ən vacib sənəd-icarə müqaviləsi işə əlavə olunmuşdur. Halbuki qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı hüquq və vəzifələrini məhz icarə müqaviləsi tənzimləyir.
 
Başqa bir misal: Tərtər rayon məhkəməsinin qərarı ilə iddiaçı İ.K.Hacıyevin torpaq sahəsinin ona qaytarılması tələbi rədd edilmişdir.
 
İş materiallarından görünür ki, barəsində mübarizə gedən torpaq sahəsinin iddiaçıya verilməsini təsdiq edən heç bir sənəd işə əlavə edilməmişdir.
 
Bundan əlavə, Bərdə rayon məhkəməsinin qətnaməsi ilə T.Ə.İmaovun və T.İmanovun Z.S.Əhmədovaya və qeyrisinə qarşı 15 illiyə icarəyə verilmiş 2 ha.torpaq sahəsindən çıxarılma iddiası təmin olunmuşdur. Bu işdə də nə icarəyə verilmiş torpaq sahəsinin sərhədləri (planı) haqqında sənəd, nə də torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnaməsi və icarə müqaviləsinin müvafiq bələdiyyədə qeydiyyata alınmasını təsdiq edən sənəd işə əlavə olunmamışdır.
 
Qanunun tələbinə görə Məhkəmələr özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələrə baxdıqda Azərbaycan Respublikası MPM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq Dövlət Əmlakı Nazirliyini (indi İqtisad İnkişaf Nazirliyi) mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməlidir.
 
Lakin ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, Qanunun bu tələbinə bəzi məhkəmələr tərəfindən heç də həmişə düzgün əməl olunmur.
 
Belə ki, Azərbaycan Respublikası 3 saylı yerli İqtisad Məhkəməsinin 30 yanvar 2001-ci il tarixli qətnaməsi ilə (hakim Z.Zərbəliyev) “Lənkəran-Bazar” ATSC-nin Lənkəran şəhəri İH-yə qarşı sahiblik və istifadə hüquqlarının qorunması, sərəncamın etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilmişdir.
 
Mübahisə predmetinin özəlləşdirilən “Lənkəran-Bazar” ATSC altında olan torpaq sahəsi ilə əlaqədar olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi Dövlət Əmlak Nazirliyini mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməmiş, yalnız işə apellyasiya şikayəti əsasında baxan Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 22.03.2001-ci il tarixli qərardadı ilə bu nöqsan aradan qaldırılmışdır.
 
Azərbaycan Respublikası MPM-nin 261.04-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu ümtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.
 
Ümumiləşdirmə ilə müəyyən olunmuşdur ki, bəzi məhkəmələr torpaq mübahisələrinə baxarkən yuxarıda şərh olunan Qanunun tələblərinə heç də həmişə düzgün əməl etməmişdir.
 
Belə ki, Tərtər rayon məhkəməsində iddiaçılar Həsənova Validə Bəhrəm qızının və Həsənova Zəminə Kərim qızının cavabdehlər Nofəl Həsənova və Oqtay Nəsirova qarşı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası üzrə iddiaçı V.B.Həsənova iddiadan imtina etdiyinə görə icraata xitam verilmişdir.
 
İşdən görünür ki, iddiaçılar 2 nəfərdir, iddiadan imtina bərədə ərizəni yalnız bir iddiaçı, yəni V.B.Həsənova yazmışdır, işdə Z.K.Həsənovanin işə belə bir ərizəsi yoxdur. Bundan əlavə, icraata xitam edilmənin hüquqi nəticəsi qərardadda şərh edilməmişdir.
 
Yenə də Tərtər rayon məhkəməsində Ə.Q.Məmmədovanın A.F.Əliyevdən icarəyə verilmiş torpaq sahəsindən çıxarılma iddiası üzrə icraata tərəflərin barışıq sazişinə əsasən xitam verilmişdir.
 
Məhkəmə tərəfləri barışıq sazişi imzalandığına istinad etsə də, işdə belə bir müqavilə yoxdur.
 
Bundan başqa, Xaçmaz rayon məhkəməsinin qərardadı ilə Xaçmaz rayon bələdiyyəsinin R.İ.İsmayılova qarşı qanunsuz tutduğu torpaq sahəsinin boşaldılması və özbaşına tikilinin sökülməsi tələbinə dair icraata iddiaçı iddiadan imtina etdiyinə görə xitam verilmişdir.
 
Məhkəmə bu qənaətə gələrkən iddiadan imtinanın qanuna zidd olub-olmamasını aydınlaşdırmamış, ona hüquqi qiymət verməmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir, bəzi işlər üzrə məhkəmə qətnaməsinin icrası habelə işlərə müvafiq sənədlər əlavə olunmadığından bu qətnamənin icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Belə nöqsanlara Beyləqan, Yevlax, Cəlilabad, İsmayıllı, Sabirabad, Zaqatala və 3 saylı yerli iqtisad məhkəmələrində yol verilmişdir.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsi