Azərbaycan Respublikası Ali Məhkəməsi

MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
Eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir
 
Xətai rayon məhkəməsinin qərardadı ilə X.Hüseynovanın S.İ.Quliyeva, H.İ.Quliyeva və R.İ.Quliyevanın R.İ.Quliyev və S.K.Quliyevaya qarşı ümumi mülkiyyətdə olan mənzilin hərraca çıxarılması barədə iddia ərizəsinin qəbulundan imtina edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nin qərardadı ilə Xətai rayon məhkəməsinin qərardadı, Ali Məhkəmə MİÜMK-nin qərarı ilə isə Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
 
X.İ.Hüseynova, R.İ.Quliyeva, S.İ.Quliyeva və H.İ.Quliyeva Ali Məhkəmə MİÜMK-nin qərarından əlavə kassasiya şikayəti verib, prosessual hüquq normalarının düzgün təfsir və tətbiq edilmədiyini, iddia ərizələrinin qəbulundan əsassız imtina edildiyini, əvvəllər baxışının predmeti olmuş iddialarının hazırki iddiadan predmetləri və əsaslarına görə fərqləndiyini, lakin buna baxmayaraq məhkəmənin eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına əsaslanıb iddia ərizələrinin qəbulundan imtina etdiyini də göstərərək, iş üzrə çıxarılmış məhkəmə qərarlarının ləğv edilməsini və işin yeni apellyasiyaya baxışına göndərilməsini xahiş etmişlər.
 
İşdən görünür ki, X.İ.Hüseynova və qeyrilərinin iddia ərizəsini qəbul etməkdən imtina edən Xətai rayon məhkəməsinin hakimi öz qərardadını eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olması ilə əsaslandırmış, yuxarı instansiya məhkəmələri bu qərardadı dəyişdirmədən saxlamışdır.
 
Ali Məhkəmənin Plenumu aşağıdakı əsaslara görə məhkəmə aktlarını qanunsuz və əsassız hesab etmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iddia ərizəsini qəbul etməkdən imtina üçün əsasdır.
 
Xətai rayon məhkəməsinin 16 noyabr 2001-ci il tarixli qərardadından görünür ki, 6 noyabr 2001-ci il tarixli qətnamədə buraxılmış texniki səhvin düzəldilməsinə yönələn həmin qərardadla İ.R.Quliyevdən miras qalmış 4 otaqlı mənzilə həmin iş üzrə tərəflərin 15 payda vərəsəlik hüquqları tanınmış, mübahisəli evin 12,60 kv.m və 12,65 kv.m sahəli otaqları X.İ.Hüseynovanın, S.İ.Quliyevanın, N.İ.Quliyevanın, R.İ.Quliyevanın, hər birinin sahəsi 173,3 kv.m olan 2 otaq isə R.İ.Quliyevin ailəsinin istifadəsinə verilmişdir. Həmin iş üzrə iddianın predmeti vərəsələr arasında miras mənzildən istifadə qaydasının müəyyən edilməsi olmuşdur.
 
X.İ.Hüseynova və qeyrilərinin ikinci iddia ərizəsindən görünür ki, onlar cavabdehlərlə bir banada yaşamağın qeyri-mümkün olduğunu göstərərək ümumi mülkiyyətlərində olan yaşayış yaşayış evinin hərraca çıxarılıb satılmasını və əldə edilən pulun onlar arasında paylarına müvafiq olaraq bölünməsini xahiş etmişlər.
 
Göründüyü kimi, Xətai rayon məhkəməsinin 6 noyabr 2001-ci il tarixli qətnaməsi və 16 noyabr 2001-ci il tarixli qərardadı üzrə X.İ.Hüseynovanın və qeyrilərinin iddiasının predmetini miras evin ideal bölgüsü və bu evdən tərəflərin istifadə qaydasını müəyyənləşdirmək təşkil etdiyi halda, ikinci iş üzrə isə iddianın predmetini tərəflərin ümumi mülkiyyətlərində olan əmlakın hərraca çıxarılıb satılması və əldə edilən pulun onlar arasında bölüşdürülməsi olmuşdur. Həmin iddialar əsaslarına görə də bir-birindən fərqlənirlər. İlk iddiada iddianın əsasını ümumi mülkiyyətdə olan mənzildə payların real məlum olmaması, ikinci iddiada isə iddianın əsasını tərəflərin bir-biri ilə yola getməməsi, ümumi mülkiyyətdə olan evin hərraca çıxarılıb satılması ilə ümumi mülkiyyətə xitam vermə halları olmuşdur.
 
Beləliklə, Plenum hesab etmişdir ki, birinci instansiya, apellyasiya və kassasiya məhkəmələri Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsini səhv təfsir və tətbiq edərək X.İ.Hüseynova və digər iddiaçıların iddia ərizəsini qəbul etməkdən əsassız imtina etmişdir.
 
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın və Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın qərarlarını ləğv edərək işi apellyasiya qaydasında yenidən baxılması üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərmişdir.
 
*           *           *
 
Birinci instansiya məhkəməsinin prosessual normaları pozmasına görə apellyasiya icraatı qeyri-mümkün hesab olunduğundan və bununla da tərəflərdən birinin şikayət vermə hüququ məhdudlaşdırıldığından məhkəmə qərarları ləğv edilmişdir
 
Goranboy rayon məhkəməsinin qətnaməsi ilə iddiaçı S.Bayramovanın M.Bayramova qarşı ev bölgüsü iddiası təmin olunmuş, Goranboy rayonunun Xoylu kəndində yerləşən, yaşayış sahəsi 45,1 kv.m.olan iki otaqlı yaşayış evi bölünmüş, sahəsi 23,6 kv.m. olan otaq Bayramovanın, sahəsi 21,5 kv.m. olan otaq Bayramovanın mülkiyyətinə verilmiş, sahəsi 15,1 kv.m. olan eyvan və yardımçı tikililər isə ümumi istifadədə saxlanmışdır. Həyətyanı torpaq sahəsi tərəflər arasında bərabər hissələrə bölünmüş və onların həmin hissələrə mülkiyyət hüquqları tanınmışdır.
 
Qətnamədən S.Bayramova apellyasiya şikayəti vermişdir. O. Azərbaycan Respublikası MPM-nin 363.1, 363.1.1, 363.1.2 və 363.1.3-cü maddələrində nəzərdə tutulmuş qanun pozuntularına yol verdiyinə görə məhkəmə qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bu qərardan verilən şikayətə birinci instansiya məhkəməsi özü baxmadan onu işlə birlikdə Apellyasiya Məhkəməsinə göndərmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın qərardadı ilə birinci instansiya məhkəməsi tərəfindənAzərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə əməl edilmədiyinə görə apellyasiya icraatı qeyri-mümkün hesab edilmişdir.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın qərarı ilə Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
 
S.Bayramova Ali Məhkəmənin qərarından əlavə kassasiya şikayəti verərək, müvafiq məhkəmə qərarlarının ləğv edilməsini və işin baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. O, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Goranboy rayon məhkəməsinin qətnaməsini iyunun 14-də almş və həmin ayın 19-da apellyasiya şikayəti verməklə MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş şikayət vermə müddətini ötürməmişdir.
 
Ali Məhkəmənin Plenumu aşağıdakılara əsasən iddiaçının əlavə kassasiya şikayəti ilə razılaşmışdır.
 
İş materillarından göründüyü kimi, Goranboy rayon məhkəməsinin 3 may tarixli qətnaməsindən S.Bayramovanın iyunun 19-da məhkəməyə təqdim etdiyi apellyasiya şikayəti, məhkəmənin 21 iyun tarixli qərardadı ilə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə, şikayət imzalanmadığına, eləcə də şikayət ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığına görə geri aytarılmışdır.
 
S.Bayramova şikayəti imzalayıb, dövlət rüsumunu ödədikdən sonra yenidən apellyasiya şikayətini Goranboy rayon məhkəməsinə təqdim etmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən 21 iyun tarixli qərardadına təkrarən baxmadan, işə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nin 10 avqust tarixli qərardadı ilə iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ona əsaslanmışdır ki, birinci insatansiya məhkəməsi şikayətin qaytarılması barədəki qərardaddan onların özünə şikayət verilməli olmasına əhəmiyət verməmiş, Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən şikayətə məhkəmədə baxmadan və bu barədə ayrıca qərardad çıxarmadan işi apellyasiya şikayəti əsasında baxılması üçün göndərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə əməl edilməməsini və bu nöqsan aradan qaldırılmadan apellyasiya icraatına
 
Qeyri-mümkün olmasını qeyd edən məhkəmə kollegiyası apellyasiyanın qeyri-mümkünlüyü haqqında qərar qəbul etmişdir.
 
Qərardadın məzmunundan göründüyü kimi, apellyasiya icraatı şikayətçinin deyil, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərinə əməl etməməsinə görə qeyri-mümkün hesab edilmişdir.
 
Apellyasiya məhkəməsi icraatı qeyri-mümkün edən nöqsanın rayon məhkəməsi tərəfindən aradan qaldırılması üçün tədbir görməmiş, bu barədə müvafiq göstəriş verməmiş, apellyasiyanın S.Bayramovadan asılı olmayan səbəbdən mümkün olmamasını nəzərdən qaçırmışdır. Apellyasiya Məhkəməsi icraatı mümkünsüz edən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbir görməli olduğu halda bunu etməmişdir.
 
İşə kassasiya qaydasında baxan məhkəmə də Apellyasiya Məhkəməsinin yol verdiyi səhvləri aradan qaldırmamışdır.
 
Azərbaycan Respublikası MRM-nin 41-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqların, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququndan əsassız olaraq məhrum edilmişdir.
 
Appelyasiya Məhkəməsinin göstərilən qərardadı ilə S.Bayramova həmin Məcəllənin 357-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayəti vermək, məhkəmə müdafiəsindən istifadə etmək hüququndan əsassız olaraq məhrum edilmişdir.
 
Bu səbəblərdən də Ali Məhkəmənin Plenumu Apellyasiya Məhkəməsinin qərardadını və onunla bağlı Ali Məhkəmənin CİÜMK-nın qərarını ləğv etməklə işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir.
 
*            *            *
 
İddia tələblərinin dəyişdirilməsi barədə yazılı ərizə verilmədiyindən məhkəmə qərarları ləğv olunmuşdur
 
Bakı şəhəri, Nizami rayon məhkəməsinin qətnaməsi ilə iddiaçı H.Bağırovun cavabdehlər G.Bağırovaya və R.Bağırova qarşı avtomaşına malkiyyət hüququnun tanınmasına dair dair iddiası təmin olunmuş, “VAZ 21063” markalı, 56 VS 958 dövlət nömrə nişanlı avtomobilin H.M.Bağırovun adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası DİN-in BDYPİ-nə tapşırılmışdır.
 
Cavabdeh G.Bağırovanın apellyasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın qərarı ilə də cavabdehin şikayəti ilə təmin edilməmişdir.
 
Bağırova əlavə kassasiya şikayəti verərək, hər üç məhkəmə instansiyası tərəfindən çıxarılmış qərarların ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələbləri pozulmuş, qüvvədə olan məhkəmə qətnamələri ilə N.Bağırovun avtomaşın tələbinə dair iddiasının təmin edilməməsi nəzərə alınmamışdır.
 
İş materiallarından göründüyü kimi, Bağırov oğlu R.Bağırova və arvadı G.Bağırovaya qarşı iddia qaldıraraq, “VAZ-21063” markalı 56 VS 958 dövlət nömrə nişanlı avtomaşınını nikah müddətində almasını, lakin oğlunun adına qeyd etdirməsini, Şamaxı rayon DYPŞ-nin əməkdaşları tərəfindən avtomaşının Bağırovaya məxsus olması bildirilərək ondan alınmasını, dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh G.Bağırovanın paylarının müəyyən edilməsinə, qarşılıqlı konpensasiya ödənilməsinə dair təkliflərə məhəl qoymamasını göstərərək mübahisəli avtomaşının birgə nikah müddətində əldə edilmiş əmlak hesab olunmasını, cavabdeh G.Bağırova ilə paylarının müəyyən edilməsini xahiş etmişdir.
 
İddia ərizəsində payların müəyyən olunması xahiş olunmasına baxmayaraq, Bakı şəhəri, Nizami rayon məhkəməsinin qətnaməsi ilə avtomaşın bütünlüklə H.Bağırovun mülkiyyətinə verilmişdir. Məhkəmə iddia tələblərindən kənara çıxmasını onunla izah etmişdir ki, məhkəmə iclasında işə baxılarkən H.Bağırov iddiasına dəyişiklik edərək, mübahisəli avtomaşından keçmiş həyat yoldaşı G.Bağırovaya pay vermək istəmədiyini bildirmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsində göstərilir ki, idia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir. Plenum hesab edir ki, H.Bağırovun avtomaşından pay tələbinə dair iddiası dəyişərək, mübahisəli avtomaşının bütünlüklə onun mülkiyyətinə verilməsi barədə tələbi artıq yeni iddia olduğundan, məhkəməyə yuxarıda göstərilən maddənin tələblərinə uyğun iddia ərizəsi təqdim olunmalı idi.
 
Eləcə də həmin məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddianın dəyişdirilməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır.
 
İş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş belə bir ərizə olmadığı halda birinci instansiya məhkəməsi iddia tələbini dəyişdirməkdə haqlı olmamış, apellyasiya və kassasiya instansiyası məhkəmələri də həmin səhvi təkrar etməklə, qanun pozuntusu ilə çıxarılmış qətnaməni dəyişdirmədən saxlamışlar.
 
Bakı şəhəri, Nizami rayon məhkəməsinin məhkəmə iclası protokolunda H.Bağırovun iddia tələblərini dəyişməsi haqqında heç bir qeyd olmadığından, məhkəmənin hansı əsasla belə nəticəyə gəlməsi məlum deyildir.
 
Qobustan rayon Məhkəməsinin 12 mart 2002-ci il tarixli qətnaməsindən aydın olur ki, H.Bağırovun G.Bağırovaya qarşı avtomaşın tələbinə dair iddiası rədd edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır.
 
Azərbaycan Respublikası MPM-nin 82.2-ci maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.
 
Bakı şəhəri, Nizami rayon məhkəməsi iddianın təmin olunması haqqında qərar qəbul edərkən Qanunun qeyd olunan tələblərini nəzərə almamış, sonrakı məhkəmə instansiyaları da həmin səhvi təkrar etmişdir.
 
Bu səbəblərdən də Ali Məhkəmənin Plenumu Apellyasiya Məhkəməsinin qətnaməsini və Ali Məhkəmənin MİÜMK-nın qərarını ləğv etməklə işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir.