Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarı (25 oktyabr 2003-cü il)
 
Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının
Q Ə R A R I
 
25 oktyabr 2003-cü il                  Bakı şəhəri
                     
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası R.Məmmədovun sədrliyi, kollegiya üzvləri İ.Nağıyev, Z.Hüseynov, Ə.Rüstəmov, B.Əsədovun iştirakı, G.Məmmədovun katibliyi ilə Goranboy rayon məhkəməsinin hakimi Aslanov Elxan Tərlan oğlunun barəsində AR Ali Məhkəməsi Sədrinin 2 oktyabr 2002-ci il tarixli qərarı ilə qaldırılmış intizam icraatına dair işə baxaraq
 
M Ü Ə Y Y ƏN   E T D İ:
 
Goranboy rayon məhkəməsinin hakimi E.T.Aslanov icraatında olan konret mülki işlərin baxılmasında kobud qanun pozuntusuna yol vermişdir.
 
Belə ki, iddiaçı Məhəmməd Hüsü oğli Böyükkişiyevin cavabdeh Ərəstun Əziz oğlu Zeynalova qarşı vurulmuş ziyanın və əldən çıxmış gəlirin tələbi ilə əlaqədar iddiasına dair mülki iş üzrə Elxan Aslanovun sədrliyi ilə Goranboy rayon məhkəməsi eyni gündə - 22 yanvar 2001-ci ildə biri-digəri ilə düz gəlməyən 3 qətnamə çəxarmışdır.
 
Birinci qətnamə ilə Ərəstun Zeynalovdan 3.372.000 manat, ikinci qətnamə ilə 4.622.000 manat, üçüncü qətnamə ilə 10.611.750 manat alınıb məhəmməd Böyükkişiyevə verilməsi qət edilmişdir.
 
Bundan başqa digər bir işdə - Azad Eyvaz oğlu İsgəndərovun ölmüş elan edilməsi barədəki mülki işdə eyni gündə -26 noyabr 2001-ci il tarixdə Elxan Aslanovun sədrliyi ilə müxtəlif nəticəli 2 qətnamə çıxarılmışdır.
 
Birinci qətnamədə qət edilir ki, Azad Eyvaz oğlu İsgəndərov itkin düşdüyü tarixdən, ikinci qətnamədə qət edilir ki, o, 1 fevral 1994-cü il tarixdən ölmüş elan edilsin.
 
İntizam kollegiyasının iclasında hakim Elxan Aslanov izahat verərək göstərdi ki, təqdim edilən qətnamə surətləri maraqlı şəxslər tərəfindən texniki vasitələrdən istifadə edilməklə saxtalaşdırılmışdır. Lakin intizam kollegiyası bu izahatın doğruluğuna inanmır. Belə ki, göstərilən 5 qətnamədən hər birinin surəti hakim Elxan Aslanovun imzası və məhkəmənin dairəvi möhürü ilə təsdiq edilmişdir.
 
Bundan əlavə, həmin qətnamənin həcmi də müxtəlifdir, birinci qətnamə 5 vərəqə, ikinci qətnamə 5 vərəqə yarım, üçüncü qətnamə 6 vərəqədən ibarətdir. Qətnamələrin təsviri - əsaslandırıcı hissələrinin bəzi yerləri yenidən yazılmışdır.
 
Bunlardan başqa, hakim Elxan Aslanov Zahid Məmmədzadənin pul, Ramilə Musayevanın əmlak tələbinə dair işlər üzrə çıxarılmış qətnamələrin vaxtında icra olunmasına nəzarət etməmişdir.
 
Yuxarıda ətraflı şərh edildiyi kimi, eyni tərəflər arasında eyni məzmunlu iddialar üzrə hakim Elxan Aslanovun sədrliyi ilə eyni gündə müxtəlif məbləğlərdə qətnamələr çıxarılmışdır. Bununla da, hakim Elxan Aslanov əslind vəzifə saxtakarlığı etmişdir. Lakinbu bunları o, tamah və ya sair şəxsi niyyətlərlə etməmişdir. Odur ki, hakim Elxan Aslanov intizam məsuliyyətinə cəlb olunmaqla cəzaladırılmalıdır.
 
Hakim Elxan Aslanovun yol verdiyi bu hərəkətləri itizam kollegiyası kobud qanun pozuntusu kimi qiymətləndirir və hesab edir ki, intizam məsuliyyətinə cəlb olunmalıdır.
 
Göstərilənlərə əsasən və “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 111 və 112-ci maddələrini rəhbər tutaraq İntizam Kollegiyası
 
Q Ə R A R A    A L I R:
 
Goranboy rayon məhkəməsinin hakimi Aslanov Elxan Tərlan oğlu intizam məsuliyyətinə cəlb edilsinvə ona töhmət elan olunsun.
 
Qərardan 10 gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Komissiyasına şikayət verilə bilər.
 
Sədrlik edən:
Kollegiya üzvləri: