Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarı (28 mart 2003-cü il)
 
Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam kollegiyasının
Q Ə R A R I
 
28 mart 2003-cü il                                         Bakı şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası R.Məmmədovun sədrliyi, kollegiya üzvləri Z.Hüseynov, İ.Nağıyev və B.Əsədovun iştirakı, G.Məmmədovun katibliyi ilə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hakimi Nadirov Vilayət Rəhim oğlunun barəsində AR Ali Mıhkəməsi Sədrinin 18 mart 2003-cü il tarixli qərarı əsasında başlanılmış intizam icraatına dair işə baxaraq
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Baki şəhəri izami rayon məhkəməsinin hakimi Vilayət Nadirov tərəfindən işin təşkilində, işlərə baxılmasında və məhkəmə qərarlarının icrasında bir sıra kobud qanun pozuntularına yol verilmişdir.
 
İntizam icraatının başlanmasına dair qərarda və qərara əlavə edilmiş sənədlərdə, o cümlədən AR Ədliyyə Nazirliyindən daxil olmuş materiallada hakim Vilayət Nadirovun yol verdiyi kobud qanun pozuntuları və nöqsanlar öz əksini tapmışdır.
 
Belə ki, hakim Vilayət Nadirovun icraatında olan “Aztelkom MMM VM”-in M.Qibləsiyevadan pul tələbi, A.Quliyevin E.Paşayevaya qarşı valideynlik hüququndan məhrum edilməyə dair iddiaları üzrə mülki işlər Vilayət Nadirov tərəfindən məhkəmədə bir il müddətində hərəkətsiz saxlanılmışdır. Eləcə də Vilayət Nadirov telefon rabitə xidmətinə görə pul məbləğlərinin alınması barədə əmr icraatına dair “Azərsell BM”-dən 19 iyul 2002-ci ildə icraatına qəbul etdiyi 34 işə Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinin tələbinə görə 3 günə baxıb əmr verməli olduğu halda həmin işləri 30 gündən çox icraatdahərəkətsiz saxlamışdır.
 
Qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olma barədə 4 iyul və 17 iyul 2002-ci il tarixlərdə icraata qəbul etdiyi 11 materiala 15 gün müddətində baxılmalı olduğu halda Vilayət Nadirov həmin materialları 30 gündən çox hərəkətsiz saxlamış, bununla da İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuşdur.
 
Vilayət Nadirovun sədrliyi ilə A.Ağayevin T.Sultanovaya qarşı mənzilə hüququn itirilməsinə dair mülki işə, bundan başqa 13 mülki işə cavabdehlərin iştirakı olmadan baxılıb iddialar təmin edildiyi halda, qətnamələrin surəti onlara göndərilməmiş, bununla da vətəndaşların apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmışdır.
 
Bundan başqa Vilayət Nadirov fəaliyyətində daha ciddi qanun pozuntularına yol vermişdir.
 
Belə ki, keçmiş Bakı şəhər Məhkəməsinin cinayət işləri üzrə birinci instansiya məhkəmə kollegiyasının 25 noyabr 1997-ci il tarixli hakimi ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 88-1 və 172-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu üzrə 13 il müddətinə azadlıqdan məhrum edilmiş Cəlilov Rauf Məlikməmməd oğlunun işi üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin hökmü icrası qaydasında 9 fevral 2001-ci il tarixli qərarı olduğu halda, yəni məhkumun  əməlləri artıq yeni Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif edilərək üzərində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanıldığı halda Vilayət Nadirov Cinayət prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Rauf Cəlilovun ərizəsinə əsasən işə yenidən baxmış və 14 may 2002-ci il tarixli qərarla onun əməlini Cinayət Məcəlləsinin 195.1-ci və 179.2.4-cü maddələrinə tövsif edərək ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməklə, cəzasını 5 il azaltmış və beləliklə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərii öz üzərinə götürmüşdür.
 
Bundan başqa, həmin iş üzrə qəbul edilən qərarda ittihamın mahiyyəti də təhrif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Rauf Cəlilov müxtəlif banklardan redit götürdüyü 1.498.600.000 manat pulu talan etməkdə, nağdlaşdıraraq mənimsəməkdə təqsirli bilindiyi halda, Vilayət Nadirov 14 may 2002-ci il tarixli qərarda göstərmişdir ki, Rauf Cəlilov banklardan 1.498.600.000 manat məqsədli kreditlərin ayrılmasına nail olduqdan sonra o, həmin pulun 20.000.000 manat nağdlaşdıraraq mənimsəmişdir. Qərardan belə çıxır ki, Rauf Cəlilov cəmi 20 milyon manat pul mənimsəmişdir.
 
Vilayət Nadirov ciddi rejimli cəzaçəkmə müıssisəsində cəza çəkən 8 nəfər məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmələrinə dair 23 yanvar 2001-ci il tarixdə icraatına qəbul etdiyi materiallar üzrə cəzaların icrası məsələsinin 70-ci maddəsinin tələblərini pozaraq heç bir araşdırma aparmadan, xasiyyətnamə belə tələb etmədən elə həmin günü materiallara baxaraq qərarlar qəbul etmişdir.
 
Hakim V.Nadirov Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilən A.Ataşovun barəsində 29 dekabr 1998-ci il tarixli amnistiya aktını düzgün tətbiq etməmiş, amnistiyanı məhkumun cəzasının çəkilməmiş hissəsinə tətbiq etməli ikən, ümumi cəzaya tətbiq edərək cəzaı yarıyadək azaltmış və onu cəzadan tamamilə azad etmişdir.
 
Əmr icraatı ilə bağlı Vilayət Nadirov 2002-ci ilin yanvar ayında çıxardığı 53 iş üzrə məhkəmə əmrlərini 6 aydan çox keçməsinə baxmayaraq icra etməmiş, icraya nəzarət üzrə heç bir tədbir görməmişdir.
 
Vilayət Nadirovun sədrliyi ilə 20 cinayət işi üzrə çıxarılmış hökmlər aylarla, bəzən də bir il keçməsinə baxmayaraq icra edilməmiş, hətta cərimələr ödətdirilməmişdir.
 
Vilayət Nadirovun işinin keyfiyyət göstəriciləri də qənaətbəxş deyildir.
 
Təkcə 2002-ci ildə onun sədrliyi ilə baxılmış işlər üzrə 7 nəfər haqqında hökmlər dəyişdirilmiş, 7 qətnamə ləğv olunmuş, 4 qətnamə dəyişdirilmişdir.
 
Belə ki, Vilayət Nadirovun sədrliyi ilə 4 sentyabr 2002-ci il tarixli hökmlə əvvəllər məhkum olunmuş Vüqar Hüseynovu CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilib CM-nin 62-ci maddəsini tətbiq etməklə 1 il 6 ay müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum etmişdir.
 
Dövlət ittihamçısının protestinə əsasən hökm cəzanın yüngüllüyünə görə dəyişdirilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 15 noyabr 2002-ci il tarixli qərarı ilə CM-nin 62-ci maddəsinin tətbiqi hökmdən xaric edilmiş, Vüqar Hüseynovun üzərində 1 il 6 ay müddətinə real olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
 
Vilayət Nadirovun sədrliyi ilə məhkəmə 29 aprel 2002-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsi ilə rayon məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsini ləğv edərək iddianı təmin etmişdir. Qətnamənin ləğvinə işin hallarının tam araşdırılmaması və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəb olmuşdur.
 
Vilayət Nadirov kollegiyanın iclasında işdə yol verdiyi qanun pozuntularını etiraf edərək, izahatında göstərdi ki, nöqsanlara yol verilməsinə onun birinci dəfə hakim vəzifəsinə təyin edilməklə təcrübəsiz olması və işin, həmçinin böyük olması səbəb olmuşdur. İntizam kollegiyası hesab edir ki, bütün bunlar Vilayət Nadirovun intizam məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz.
 
Intizam kollegiyası hakim Vilayət Nadirovun işdə yol verdiyi bütün bu nöqsanları kobud qanun pozuntuları kimi qiymətləndirir və hesab edir ki, onun barəsində intizam icraatı düzgün başlanılmışdır.
 
Göstərilənlərə əsasən və “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 111 və 112-ci maddələrini rəhbər tutaraq AR Ali Məhkəməsinin İntizam Kollegiyası
 
Q Ə R A R A   A L I R:
 
Baki şəhəri, Nizami rayon məhkəməsinin hakimi Nadirov Vilayət Rəhim oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona töhmət elan olunsun.
 
İntizam kollegiyasının qərarından 10 gün müddətinə AR Ali Məhkəməsinin İnzibati Komissiyasına şikayət verilə bilər.
 
Sədrlik edən:
Üzvlər: