Azərbaycan Respublikası Ali Məhkəməsi

Rəsmi sənədlər

RƏSMİ SƏNƏDLƏR 

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir
 
I fəsil
ÜMUMİ MÜDDƏALAR
 
Maddə1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı
 
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət –bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Nxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir.
 
Maddə 2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunvericilik
 
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Bələdiyyələrin statusu” haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, bələdiyyələrin fəaliyyətini təınzimləyən digər qanunlardan və normativ-hüquqi aktlardan ibarətdir.
 
Maddə 3. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən
 
3.1.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyhata keçirir.
 
3.2.Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.
 
Maddə 4.İnzibati nəzarətin həyata keçirilməsinin şərtləri
 
4.1.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir.
 
4.2.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
 
4.3.Qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin hakimiyyətlər inzibati nəzarəti həyata keçirən orqana həvalə edə bilərlər.
 
4.4.İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.
4.5.İnzibati nəzarət həyata keçiriləkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.
 
II fəsil
İNZİBATİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
 
Maddə 5. İnzibati nəzarət icraatın başlanması üçün əsaslar
 
5.0.İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır:
 
5.0.1.bələdiyyələrin normativ aktlarının və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanununun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda:
 
5.0.2.hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti daxil olduqda.
 
Maddə 6. İnzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim Olunan bələdiyyə aktları
 
6.0.Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
 
6.0.1.bələdiyyələrin normativ aktları;
 
6.0.2.dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar;
 
6.0.3.bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar;
 
6.0.4.birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktlar;
 
6.0.5.yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar.
 
6.0.6.bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar.
 
Maddə 7. Müraciətlər üzrə həyata keçirilən inzibati nəzarə
 
7.1.Bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəsinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər.
 
7.2.İnzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu andan 25 gün müddətində, əlavə araşdırmalar tələb oluursa, 30 gün müddətində baxır. Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə dərhal məlumat verilməlidir.
 
7.3.İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş m üraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir.
 
7.3.1.bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş icraata başlayır;
 
7.3.2.müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab göndərir.
 
Maddə 8. İnzibati nəzarət icraatı
 
8.1. İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 15 gün ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir.
 
8.2.İnzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar apara bilər. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməmişdir.
 
8.3.İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanua zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir.
 
8.4.İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir.
 
8.5.İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3. və 8.4.-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə ytirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir.
 
8.6.Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 gün müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir.
 
8.7.Bələdiyyənin fəaliyyətində cinayət aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər.
 
Maddə 9. İzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi
 
İnzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik katlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər.
 
Maddə 10. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata Keçirən orqanın təklif və tövsiyələri
 
10.1.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı ümumiləşdirmələr apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edə bilər.
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur.
 
III fəsil
YEKUN MÜDDƏALARI
 
Maddə 11. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın hərəkətlərindən şikayət verilməsi
 
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin qanuna zidd qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə qanunla müəyyən edilmiş qaydada şikayət verilə bilər.
 
Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət
 
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
Maddə 13.Qanunun qüvvəyə minməsi
 
Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
 
Bakı şəhəri. 13 may 2003-cü il
№ 454-IIQ
 
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununa 20 iyun 2003-cü il tarixdə
edilən dəyişiklikdən sonra Qanunun 109-cu maddəsi
aşağıdakı məzmunda oxunmalıdır:
 
Maddə 109. Hakimlərin sosial müdafiəsi
 
Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.
 
Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir.
 
Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.
 
Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
 
Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.
 
Bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin 5-ci hissəsinin müddəaları şamil edilir.
 
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış
borcların tənzimlənməsi tədbirləri barədə
 
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli
F Ə R M A N I
 
Əhalinin sosial müdafiəsini gücləndirmək, habelə özlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinə investisiyaların cəlb edilməsini təmin etmək məqsədi ilə qərara alıram
1.”Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalar” təsdiq edilsin (əlavə olunur).
 
2.Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndində göstərilən Qaydalara əsasən dövlət müəssisələrinin borclarının ödənilməsi Azərbaycan Respublikasının 2003-cü və 2004-cü illərin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi üçün nəzərdə tutulan vəsait və məcburi dövlət sosial sığorta vəsaiti hesabına həyata keçirilir.
 
3.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu bu Fərmanın icrası ilə bağlı zəruri tədbirlər görsünlər.
4.Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
 
27 sentyabr 2003-cü il tarixli
“Azərbaycan” qəzetində dərc edilmişdir.
 
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi
Q A Y D A L A R I
 
Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 26 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir.
 
1.ÜMUMİ MÜDDƏALAR
 
1.1.Bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra - borclar) ödənilməsi prosesini tənzimləyir.
1.2.Bu qaydalar dövlət müəssisələrinin aşağıdakı borclarının ödənilməsinə şamil edilir.
 
1.2.1.əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlər;
 
1.2.2.”Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sosial sığorta üzrə aşağıdakı ödənişlər:
 
1.2.2.1. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununauyğun olaraq əmək (sosial sığorta) pensiyaları;
 
1.2.2.2.əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər;
 
1.2.2.3.hamiləliyə və doğuma görə müavinətlər;
 
1.2.2.4.uşağın anadan olmasına görə birdəfəlik müavinətlər;
 
1..2.2.5.qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinətlər;
 
1.2.2.6.dəfn üçün müavinətlər;
 
1.2.2.7.sanatoriya-kurort müalicəsi üzrə xərclər.
 
II.QAYDALARIN TƏTBİQ DAİRƏSİ
 
2.1.Bu Qaydalar:
 
2.1.1.”Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına;
 
2.1.2.idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.
 
III. BORCLARIN MALİYYƏLƏŞDİRİLMƏSİ
 
3.1.Dövlət müəssisələrinin bu Qaydaların 1.2.1-ci bəndində göstərilən borclarının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2003-cü və 2004-cü illər üçün dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürür.
 
3.2.Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu Qaydaların 1.2.1-ci bəndində göstərilən borcları isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına müəyyən olunmuş qaydada maliyyələşdirir.
 
IV. BORCLARIN ÖDƏNİLMƏSİ QAYDALARI
 
4.1.Borclar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir.
 
Bu məqsədlə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi dövlət müəssisələrinin siyahısını Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edir.
 
4.2.Dövlət müəssisələri Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə bir ay müddətində borcun məbləği barədə üzləşmə aktları tərtib edirlər.
Tərtib olunmuş üzləşmə aktlarına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tələb olunan vəsaiti on beş bank günü ərzində dövlət müəssisələrinin hesabına köçürürlər.
 
Dövlər müəssisələri həmin vəsait hesabına borcların bilavasitə ödənişini həyata keçirirlər.
 
4.3.Dövlət müəssisələri borcları ödədikdən sonra yeddi gün müddətində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna hesabat təqdim edirlər.
 
4.4.Bu qaydaların 4.3-cü bəndində göstərilən hesabat təqdim edildikdən sonra borcların ödənilməsi barədə yaranan hər hansı mübahisəyə görə məsuliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada hesabatı təqdim etmiş dövlət müəssisəsi daşıyır.
 
V.MƏSULİYYƏT
 
Bu Qaydaların pozulmasına təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
27 sentyabr 2003-cü il tarixli
“Azərbaycan” qəzetində dərc edilmişdir.