Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin beynəlxalq əlaqələrindən
GÖRÜŞLƏR, SƏFƏRLƏR
 
2003-cü ilin sentyabr ayının 25-27-də Bosniya-Hersoqovina Respublikasının Sarayevo şəhərində Avropa Şurası və Bosniya-Hersoqovina respublikasının Xarici İşlər Nazirliyi ilə birgə PASO (Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə Proqramı) çərçivəsində Cənub-Şərqi Avropada şahidlərin müdafiəsi və insan alverinə qarşı mübarizə ilə bağlı əməkdaşlığa həsr olunmuş regional seminar keçirilmişdir.
 
Bu seminarda Ali Məhkəmənin beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Məlahət Həsənova iştirak etmişdir.
 
Seminarın məqsədi Cənub-Şərqi Avropada insan alverinə qarşı milli və regional səviyyədə görüləcək tədbirlərin müəyyənləşdirilməsindən ibarət idi.
 
Seminarda Avropa Şurasının nümayəndəsi cənab Aleksandr Seger və Bosniya-Hersoqovina hökumətinin nümayəndəsi cənab Anton Qirqinov giriş nitqi ilə seminar iştirakçılarının qarşısında çıxış etmişlər.
 
Seminar zamanı əməkdaşlığa dair məlumat haqqında, beynəlxalq hüquqi sənədlər, korrupsiya, mütəşəkkil cinayətkarlıq, insan alveri ilə əlaqədar təlimat, insan alveri vəziyyətində şahidin müdafiəsi, Cənub-Şərqi Avropada şahidlərin müdafiəsinin mexanizminə dair mövzular üzrə iştirakçı ölkələrin nümayəndələrinin məruzələri dinlənilmiş, müzakirə olunan məsələlər ətrafında diskussiyalar olmuşdur.
 
Daha sonra iştirakçı ölkələr işçi qruplara bölünmüş, iştirakçılar arasında paylanılmış şahidlərin müdafiəsi proqramına dair müzakirələr olmuş, fikir mübadiləsi aparılmışdır.
 
Seminar zamanı Ali Məhkəmənin nümayəndəsi Azərbaycanda insan alveri ilə mübarizə və bu problemin qarşısının alınması üzrə görülən tədbirlər barədə iştirakçılara məlumat vermişdir.
 
*            *            *
 
2003-cü il sentyabrın 6-da Ali Məhkəmənin sədri xanım Südabə Həsənova Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Tszya Çunvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüş zamanı Südabə Həsənova qonaqlara Azərbaycan müstəqillik əldə etdikdən sonra möhtərəm Prezident Heydər Əliyevin başçılığı ilə 1995-ci ildə Azərbaycan Respublikasının Ali Qanunvericilik Aktı olan Konstitusiyamızın qəbul edilməsi, 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən üçpilləli məhkəmə hakimiyyətinin yaradılması, ölkəmizdə aparılmış məhkəmə-hüquq islahatları, beynəlxalq meyarlara uyğun yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual məcəllələri və digər qanunların qəbul edilməsi barədə məlumat vermişdir.
 
Daha sonra Südabə Həsənova 2000-ci ilin sentyabr ayının 1-dən Azərbaycanda məhkəmə hakimiyyətinin yeni qanunlarla və yeni keyfiyyətdə işə başlaması, respublikamızda üçpilləli məhkəmə sistemi yaradılmaqla vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı məhkəmə müdafiəsi üçün möhkəm təminat yaradılması haqqında ətraflı məlumat verərək məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün bütün şəraitin yaradıldığını, Ali Məhkəmənin yeni strukturu və iş fəaliyyəti haqqında danışmışdır.
Görüş zamanı cənab Tszya Çunvan Çin Xalq Respublikasının Prokurorluq sistemi və onun iş fəaliyyəti haqqında qısa məlumat verdi.
 
Görüşün sonunda Çin Xalq Respublikasının Ali Xalq Prokuroru cənab Tszya Çunvan Ali Məhkəmənin sədri S.Həsənovaya dərin minnətdarlığını bildirmiş və ona şərəfli işində müvəffəqiyyətlər arzulamışdır.
 
Görüşdə Ali Məhkəmənin sədr müavinləri – R.Burcayev, H.Mirzəyev iştirak etmişlər.