Azərbaycan Respublikası Ali Məhkəməsi

İDDİA MÜDDƏTİNİN TƏTBİQİ VƏ BƏRPASI
Mülki qanunvericilikdə iddia müddətinin tətbiqi və bərpası məsələləri əsaslı dəyişikliyə uğramışdır. 1 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilirdi. Yəni mülki mübahisələrə baxmağa səlahiyyələri olan orqanlar tərəflərin vəsatətlərindən asılı olmayaraq iddia müddətini məcburi tətbiq edirdi. Aralarında mübahisəyə baxıldıqda nə iddiaçı, nə də cavabdeh iddia müddətinin tətbiqindən imtina edə bilməzdi. Mülki mübahisəyə baxan orqanlar isə borclu idilər ki, öz təşəbbüsləri ilə iddia müddətlərini, həmin müddətlərin dayandırılması, axımının kəsilməsi qaydalarını rəhbər tutsunlar və iddia müddətinin keçməsinin səbəblərini aydınlaşdırsınlar. Göstərilən orqanlar bu hallardan asılı olaraq iddia müddətinin tətbiqi məsələsini həll edir, iddia müddəti aid edilməyən tələblər üzrə isə müvafiq normaları rəhbər tuturdu.
 
2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci bəndində (fikrimizcə, Qanunun maddələri bir neçə hissədən ibarət olduqda, (məsələn, 377.1, 379.1.1 və s.) həmin hissələri müstəqil maddə kimi ifadə etmək düzgün deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü bəndinə görə normativ hüquqi aktın maddələri ayrı-ayrı hüquq normalarını əks etdirən bəndlərə, bəndlər isə yarımbəndlərə bölünə bilər. Bu qaydaya görə Mülki Məcəllənin 371.1 hissəsini 371-ci maddənin 1-ci bəndi, 379.1.1 hissəsini isə 379-cu maddənin 1-ci bəndinin 1-ci yarımbəndi kimi ifadə etmək düzgündür) isə müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
 
İddia müddəti tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi verir.
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Belə hesab edilir ki, cavabdeh tərəfindən ərizə verilməyən hallarda da iddiaçı qarşılıqlı tələbi üzrə iddia müddətinin tətbiqinə dair ərizə verə bilər. İlk tələb üzrə iddia müddətinin tətbiq edilməməsi qarşılıqlı tələb üzrə iddia müddətinin tətbiq olunmasını istisna etmir.
 
Məlum olduğu kimi, mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslər iddiaçının bütün hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Mülki Prosessual Məcəllənin 55-ci maddəsinin 1-ci bəndinə görə onlar bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Onların tələbləri üzrə cavabdehliyə əsaslanaraq demək olar ki, tərəflər iddia müddətinin tətbiqi barədə ərizə verdikləri hallarda müstəqil iddia irəli sürən üçüncü şəxslər də bu barədə ərizə verə bilərlər. Əks halda, onların ərizəsi iddia müddətinin tətbiq edilməsi üçün əsas sayılmır.
 
Mülki Prosessual Məcəllənin 59-cu maddəsinin 1-ci bəndinə görə qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki şəxslər və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və ya digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Başqa şəxslərin hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edən şəxslər iddia üzərində sərəncam vermək səlahiyyətinə malik deyildir. Barışıq sazişi bağlamaq səlahiyyətlərinin olmamasına, habelə iddiadan imtina etdikdə mənafeləri qorunan şəxslərin işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüquqlarının qalmasına əsaslanaraq, demək olar ki, onların iddia müddətinin tətbiq edilməsini tələb etmək hüquqları yoxdur. Lakin hüquqları qorunan şəxslər prosessə iştirak etdikdə özləri iddia müddətinin tətbiqi barədə ərizə verə bilərlər.
 
Nümayəndənin iddia müddətinin tətbiqi barədə ərizə verməsi mümkündür. Nümayəndəlik institutu həm mülki-hüquqi, həm də prosessual hüquqi məzmuna malikdir. Tərəflər nümayəndəyə bütün hüquqlarını həyata keçirməyi həvalə etdikdə, onların iddia müddətinin tətbiqi barədə ərizə verə bilməsi şübhəsizdir.
 
İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən bir neçə cavabdehə qarşı qaldırdıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıqda həll edilməlidir. Bu zaman birgə iştirakçılardan hər hansı birinə iddia müddətinin tətbiqi digər iştirakçılar barədə eyni nəticə çıxarmağa əsas vermir.
 
İddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə verilmədikdə apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrinə verilə bilməz.
 
Məhkəmə təcrübəsində bəzən elə işlərə təsadüf edilir ki, məhkəmə tərəflərin tələb və etirazları üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə qətnamə qəbul edir. Bu təcrübəni düzgün hesab etmək olmaz. Məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir.
 
İddia müddətinin keçməsi adətən iddiaçının tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına səbəb olur. Köhnə Mülki Məcəllənin 82-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuşdu ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Yeni Mülki Məcəllənin 375-ci maddəsinin 2-ci bəndində isə deyilir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Məcəllədə işlədilən “iddiadan imtina” ifadəsi Mülki Məcəllənin 375-ci maddəsinin məzmununa uyğun olmadığına görə düzgün hesab edilmir. Fikrimizcə, həmin ifadə “iddianın təmin edilməməsi” və yaxud “iddianın rədd edilməsi” kimi yazılmalı idi.).
 
Bu, o deməkdir ki, iddia müddəti keçmiş tələblərə baxıldıqda, cavabdeh iddiaçının tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdikdə iddia rədd edilir. Belə ərizə olmadıqda iddia müddətinin keçməsindən asılı olmayaraq mübahisə həll edilir. Maddi hüquq tələbinin məzmunundan asılı olaraq iddia ya təmin edilir, ya da rədd olunur.
 
İddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Üzürlü səbəblər olduqda ötürülmüş iddia müddəti bərpa edilə bilər. Köhnə Mülki Məcəllənin 82-ci maddəsinin 2-ci hissəsinə görə məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzürlü hesab etdikdə pozulmuş hüququ müdafiə edirdi. Həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpasına yol verilirdi.
 
Yeni Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununda ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir.
 
İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə, digər halların olması da, istisna edilmir. Mülki Məcəllənin 382-ci maddəsində göstərilən hallar, nəinki adi fiziki şəxslər, hətta sahibkarlar üçün də səciyyəvidir. Fikrimizcə, sahibkarlara münasibətdə də iddia müddəti bərpa edilə bilər. Mülki Məcəllədə göstərilən hallar cavabdehin şəxsiyyəti ilə əlaqədar olduqda üzürlü hesab edilmir. Lakin artıq qeyd edildiyi kimi, qarşılıqlı öhdəliklərin icrasında cavabdehin şəxsiyyəti ilə əlaqədar olan hallar ona münasibətdə üzürlü sayıla bilər.
 
İddia müddətinin bərpası ilə əlaqədar digər yenilik bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddətin nəzərə alınmasıdır. Yəni, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər.
 
Mülki Məcəllənin 382-ci maddəsinin mənasına görə iddia müddətinin bərpası dedikdə həmin müddətin yeni müddətə təzələnməsi kimi başa düşülməməlidir. Mülki Məcəllənin 382-ci maddəsində deyilir ki, iddia müddətinin ötürülməsinin səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüquqi müdafiə edilməlidir. Bu, o deməkdir ki, vaxtı ötürməklə məhkəməyə müraciət etmiş şəxsə, sadəcə olaraq, həmin tələb üzrə hüquqlarının müdafiəsinə imkan verilir.
 
İddia müddətinin əlavə tələblərə tətbiqi məsələsinə Mülki Məcəllədə ayrıca maddə həsr olunmuşdur. Mülki Məcəllədə “əlavə tələb” ifadəsi prosessual mənada deyil, maddi hüquqi mənada işlədilmişdir. O tələblər əlavə tələblər hesab edilir ki, onlar əsas tələblə üzvi əlaqədə olub və onların icrasını təmin edir. Əlavə tələblərə öhdəliklərin icrasının təmin edilməsi üsuları olan girov, dəbbə pulu, saxlama, zaminlik və beh tələbləri daxildir.
 
Mülki Məcəllənin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Lakin qeyd etmək lazımdır ki, qanunvercilikdə əlavə tələblər üçün qısaldılmış iddia müddətləri müəyyən edilə bilər. Bu hallarda əlavə tələblər üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilməlidir. Əlavə tələblərə də iddia müddəti Mülki Məcəllənin 375-ci maddəsində müəyyən edilmiş qaydada tətbiq olunur.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi,
hüquq elmləri namizədi, dosent
B.ƏSƏDOV