Azərbaycan Respublikası Ali Məhkəməsi

Respublika məhkəmələri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı 2002-ci ilin 9 ayında baxılmış mülki, iqtisadi və Azərbaycan Respublikası CM 190-205, 208-213-cü maddələri ilə olan işlər üzrə qanunvericilyinin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi
 
Respublika məhkəmələri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı 2002-ci ilin 9 ayında baxılmış mülki, iqtisadi və Azərbaycan Respublikası CM 190-205, 208-213-cü maddələri ilə olan işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ÜMUMİLƏŞDİRİLMƏSİ
(ixtisarla)
 
Ölkəmizin iqtisadiyyatının yüksəldilməsi prosesini daha da sürətləndirmək və əhatə dairəsinin miqyasını artırmaq məqsədi ilə son illər respublikamızda sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutan tədbirlərin həyata keçirilməsi tarixə Azərbaycanı tərəqqiyə aparan yeni mərhələ kimi daxil olacaqdır.
 
Respublikada bərqərar edilmiş ictimai-siyasi sabitlik, bazar iqtisadi münasibətlərinə keçidin hüquqi-normativ əsaslarının müəyyən edilməsi və digər zəruri şəraitin yaradılması nəticəsində sahibkarlığın inkişafı üçün ölkədə əlverişli zəmin yaradılmış, bu məqsədlə xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmişdir.
 
Azərbaycanda aparılan iqtisadi islahatlara uyğun olaraq sahibkarlığın və biznesin inkişafını daha da sürətləndirmək, onların inkişafı üçün lazım olan əlavə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və hökumət tərəfindən müvafiq qərarların qəbul olunmasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının 2002-ci il aprel ayının 25-də Azərbaycanın yerli sahibkarları ilə, həmin ilin may ayının 15-də isə Azərbaycanda iş görən xarici şirkətlərin nümayəndələri və xarici şirkətlərlə Azərbaycan şirkətlərinin yaratdıqları müştərək müəssisələrin nümayəndələri ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir.
 
Bu görüşlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqaramı (2002-2005-ci illər)”, 27 avqust 2002-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının sahibkarlığa kömək Milli Fondu haqqında” Əsasnamə təsdiq edilmiş və eyni tarixli fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası yaradılmışdır.
 
Ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır.
 
Ölkədə 240-dan çox fəaliyyət növlərinin xüsusi (lisenziya) əsasında fəaliyyəti və lisenziyaların qısa müddətə verilməsi faktiki olaraq sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyulması prosesinə mənfi təsir göstərdiyi üçün bu sahədə olan nöqsanların aradan qaldırılmasını və sahibkarlığın inkişafına dövlət qayğısının artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 sentyabr 2002-ci il tarixdə “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərman imzalanmışdır.
 
Qeyd olunan fərmanla xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayı 24-dan 30-a endirilmiş, xüsusi razılıq tələb olunan fəaliyyətlə məşğul olmanın müddəti azaldılaraq beş il müəyyən edilmişdir.
 
Bundan əlavə, Azərbaycanda aparılan iqtisadi islahatlara uyğun sahibkarlığın inkişafının daha da sürətləndirilməsi və ona mane olan halların aradan qaldırılması məqsədi ilə ölkə başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahələrində əlavə tədbirlər haqqında” 10 sentyabr 2002-ci il tarixli və “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli fərmanları xüsusi əhəmiyyət kəsb edir.
 
Dövlət başçısının 28 sentyabr 2002-ci il tarixli qeyd olunan fərmanı ilə bir sıra nazirliklərə konkret tapşırıqlar, Azərbaycan Respublikası Ali Məhkəməsinə təkliflər, ölkə məhkəmələrinə isə konkret tövsiyələr verilmişdir.
 
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli fərmanının 9-cu bəndində göstərilən təkliflərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2002-ci ilin 9 ayı ərzində respublika məhkəmələri tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar mülki, iqtisadi işlərə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-205, 208-213-cü maddələri ilə olan cinayət işləri üzrə qanunvericililiyin tətbiqi təcrübəsi ümumiləşdirilmişdir.
 
Birinci instansiya məhkəmələri tərəfindən təqdim olunmuş məlumatlardan görünür ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq 2092 iqtisadi və mülki işlərə, 20 nəfər haqqında 16 cinayət işinə baxılmışdır.
 
Statistik məlumatların təhlili göstərir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mülki işlərin 1549-na, yəni 74 faizinə Azərbaycan Respublikasının yerli iqtisadi məhkəmələrində, 276-na, yəni 13,2 faizinə beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsində, 267-nə, yəni 12,8 faizinə respublikanın rayon və şəhər məhkəmələrində baxılmışdır.
 
Qeyd olunan dövrdə sahibkarlıq fəaliyyəti ilə bağlı respublika məhkəmələri tərəfindən baxılmış 2092 mülki işdən 1640-na, yəni 78,4 faizə işə qətnamə çıxarmaqla mahiyyət üzrə baxılmışdır ki, onlardan 1662 iş üzrə, yəni 77 faiz üzrə iddialar təmin olunmuş, 181 iş üzrə, yəni 11 faiz üzrə iddialar qismən təmin olunmuş, 197 iş üzrə, yəni 12 faiz üzrə iddia tələbi təmin olunmamışdır.
 
Ümumiləşdirmə ilə əlaqədar olaraq 2002-ci ilin 9 ayında məhkəmələr tərəfindən baxılmış mülki, iqtisadi və cinayət işlərinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin tələbərinə əsasə düzgün əməl olunmuşdur.
 
Bununla yanaşı, müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən bu qəbildən olan mülki və iqtisadi işlərə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığına, işin faktiki halları tam və obyektiv surətdə araşdırılmadığına görə ümumiləşdirmənin əhatə etdiyi dövrdə apellyasiya baxışında birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış 102 qətnamə və 68 qərardad ləğv olunmuş, 75 qətnamə isə dəyişdirilmişdir.
 
Bu müddətdə apellyasiya qaydasında ləğv edilmiş qətnamələrin 75-i yerli iqtisad məhkəmələrinin, 8-i Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin, 19-u isə respublikanın rayon və şəhər məhkəmələrinin payına düşür. Respublika İqtisad Məhkəməsi tərəfindən apellyasiya qaydasında ləğv olunmuş işlər üzrə məhkəmə qərarları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, göstərilən müddətdə bəzi işlər üzrə sübutlara düzgün qiymət verilmədiyinə, işin halları tam və obyektiv surətdə araşdırılmadığına, habelə maddi və prosessual hüquq normaları pozulduğuna görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının qərarı ilə Respublika İqtisad Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə 51 qərarı ləğv edilmişdir.
 
Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsində idarə və ya digər mənsubiyyətdən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlərin mülki icraat qaydasında iqtisad məhkəmələrinin səlahiyyətinə aid olması təsbit olunmuşdur.
 
Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsində qeyd olunmuşdur ki, işə məhkəmədə baxıldığı zaman, işin həmin məhkəməyə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, onda məhkəmə işin aidiyyəti üzrə başqa məhkəməyə baxılmağa göndərilməlidir.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən Qanunun bu tələbi kobud surətdə pozulmuşdur.
 
Belə ki, Kəpəz rayon Məhkəməsinin 6 noyabr 2001-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim H.İsmayılov) Gəncə şəhəri üzrə Vergilər İdarəsinin cavabdeh Ə.B.Rüstəmova qarşı vergi borcunu ödəmədiyinə görə onun siyahıya alınmış əmlakının açıq hərrac yolu ilə satılması və pulun dövlət hesabına keçirilməsi barədə iddiası təmin olunmamışdır.
 
Qətnamədə Gəncə şəhəi üzrə Vergilər İdarəsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Ə.Rüstəmov hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və qanunla müəyyən olunmuş qaydada fərdi sahibkar statusu əldə etmişdir.
 
Ona görə də qeyd olunan işə Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə əsasən müvafiq iqtisad məhkəməsində baxılmalı olduğu halda, Kəpəz rayon məhkəməsi Qanunun tələbini pozmuşdur.
 
Şərh olunan Qanunun pozuntusuna yol verildiyi üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2 fevral 2002-ci il tarixli qərardadı ilə Kəpəz rayon Məhkəməsinin qeyd olunan iş üzrə qətnaməsi ləğv edilmiş və həmin iş mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası 2 saylı yerli iqtisad məhkəməsinə göndərimişdir. Eyni xarakterli qanun pozulduğuna, yəni məhkəmə aidiyyətinin pozulması hallarına Nəsimi rayon Məhkəməsinin hakimi G.Tağızadənin sədrliyi ilə baxılmış beş mülki iş üzrə Qurbanov Natiq Yusif oğlunun, Səfərov Əhməd Əhmədağa oğlunun, Abdullayev Zakir Səlman oğlunun, “KPİS-2 və “Vicdan-2” firmasının Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinə qarşı inzibati tənbeh vermə (cərimə edilmə) haqqında qərarların ləğv edilməsinə dair müraciəti üzrə mülki işlərə baxılarkən də yol verilmişdir.
 
Həmin mülki işlərdə olan sənədlərdən görünür ki, vergi orqanı tərəfindən cərimə olunmuş fikizi şəxslər müəyyən olunmuş qaydada fərdi sahibkarlıqla məşğul olan şəxslər olmuşdur.
 
Başqa bir misal: iddiaçı “Tanşan Qida Mobilya Sənaye Ticarət LTD” şirkəti 1 saylı yerli iddia qaldıraraq cavabdeh “Tanşan” xarici investisiyalı məhdud məsuliyyətli müəssisəsindən mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi, mülki hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 14.02.2002-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim T.Xəlilova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
 
Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir.
 
İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 27, 264.0.5 və 270-ci maddələrinin tələblərini pozmuşdur.
 
Belə ki, iş materialarından məlum olmuşdur ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərar qəbul edərkən məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etsə də, bu barədə protokol tərtib etməmişdir. Bundan əlavə, qərardadın əsaslandırıcı hissəsində tərəflər arasında yaranmış mübahisəyə hansı məhkəmə tərəfindən baxılmalı olması və yaxud ümumiyyətlə, işə məhkəmədə baxılmalı olub-olmaması göstərilməmiş, sənədlər geri qaytarılarkən heç bir prosessual hüquq normasına istinad edilməmişdir.
 
Halbuki, apellyasiya baxışında işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı xarici hüquqi şəxs, cavabdeh isə xarici investisiyalı hüquqi şəxsdir. Ona görə də iddia ərizəsi mahiyyəti üzrə baxılmasından ötrü aidiyyəti üzrə beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair işlər üzrə Azərbaycan Respublikasının iqtisad məhkəməsinə göndərilməli olduğu halda, birinci instansiya məhkəməsi Qanunun tələbini pozaraq aidiyyət qaydaları pozulmaqla qəbul etdiyi iddia ərizəsini geri qaytarmışdır.
 
Qeyd olunan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda şərh olunan qanun pozuntularına yol verildiyi üçün Respublika İqtisad Məhkəməsinin 26 mart 2002-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 14 fevral 2002-ci il tarixli qərardadı ləğv edilərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılmaq üçün Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Respublika İqtisad Məhkəməsinə göndərilmişdir.
 
Bundan əlavə, ümumiləşdirmə ilə əlaqədar tələb olunmuş işlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən iddia ərizələri icraatına qəbul edilərkən həmin mübahisələrin onlara aid olub-olmaması dəqiq surətdə yoxlanılmamış, konkret məhkəməyə aid olmayan işlər üzrə iddia ərizələri uzun müddət icraatda saxlanılmaqla süründürməçilik hallarına yol verilmişdir.
 
Belə ki, “Aztelekom MMM VM”-in M.Qibləsiyeva qarşı pul tələbinə dair 26 avqust 2001-ci il tarixdə məhkəməyə dair olmuş mülki iş hakim V.Nadirov tərəfindən bir il ərzində hərəkətsiz saxlanılmış, həmçinin telefon rabitə xidmətlərinə görə pul məbləğinin ödənilməsinə dair məhkəmə əmri çıxarılması barədə “Azərsell” VM-dən daxil olmuş ərizələr, 19 iyul 2002-ci ildə icraata qəbul edilmiş, bununla əlaqədar 34 işə Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən 3 gün ərzində baxılaraq əmr çıxarılmalı olduğu halda, bu işlər 30 gündən artıq icraatda saxlanılmışdır.
 
Bundan əlavə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma barədə 4 və 7 iyul 2002-ci il tarixlərdə icraata qəbul edilmiş inzibati xəta haqqında 11 materiala Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 15 gün müddətində baxılmalı olduğu halda, həmin materaillar Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi V.Nadirov tərəfindən 30 gündən artıq müddətdə icraatda tamamilə hərəkətsiz saxlanılmışdır.
 
Bunlardan başqa, Səbail rayon məhkəməsinin 31 yanvar 2002-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Namazov) Şəki şəhəri “Ramazan” firmasının cavabdeh V.M.Baxşıyevə qarşı iddiası təmin edilərək, Şəki şəhəri “Ramazan” firmasına məxsus və Şəki şəhər “Şərq Şirniyyatı” ATSC-nin anbarında saxlanılan 180 ton tütün məhsullarının üzərinə qoyulmuş həbs götürülmüşdür.
 
Qəbul edilmiş qətnamədən “Transtbank” Kommersiya Bankı Apellyasiya şikayəti verərək qətnamənin ləğv eddilməsini xahiş etmişdir.
 
Apellyasiya şiakyətindən və işə əlavə olunmuş rəsmi sənədlərdən görünür ki, “Transtbank” KB “Şərq Şirniyyatı” ATSC-yə 938.755.422 manat məbləğində kredit vermiş, kredit alan onu vaxtında qaytarmadığı üçün Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin 21 noyabr 2001-ci il tarixli qətnaməsi ilə “Şərq Şirniyyatı” ATSC-nin hesabından 288162 ABŞ dolları ekvivalenti həcmində manatla borcun alınıb “Transtbank” KB-yə verilməsi qət edilmişdir.
 
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 28 dekabr 2001-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
 
Cavabdehin bank hesabında pul vəsaiti olmadığı üçün “Transtbank KB-nin müraciəti əsasında 1 saylı yerli iqtisad məhkəməsinin 1 fevral 2002-ci il tarixli qərardadı ilə qətnamənin icra üsulu dəyişdirilmiş və cavabdehin əmlakının, o cümlədən hazır tütün məhsullarının üzərinə həbs qoyulmuşdur.
 
Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası 2 saylı yerli iqtisad məhkəməsinin 10 avqust 2001-ci il tarixli qərardadı ilə “Transtbank” KB cavabdeh təşkilat olan “Şərq Şirniyyatı” ATSC-yə qarşı 988.755.422 manat kreditin tutulması üçün müraciət etmiş, həmin qərardadla iddiaçının vəsatəti təmin edilərək cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsi hüquqi şəxslər arasında olan mübahisələrə dair mülki işi icraatına qəbul etməkdə səhvə yol verərək Qanunun tələbini pozmuşdur.
 
Digər tərəfdən, həm də müəyyən edilmişdir ki, işə baxan Səbail rayon Məhkəməsi qanunsuz olaraq icraatına qəbul etdiyi iş üzrə tam araşdırma aparmadan və Bakı şəhərində yaşayan, mülki şəxs olan V.Baxşıyevin düzgün olmayaraq iş üzrə cavabdeh şəxs kimi göstərilməsini nəzərə almadan, V.Baxşıyevin saxlama müqaviləsində iştirak edib-etmədiyini yoxlamadan və hazırkı mübahisəyə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini nəzərə almadan, “Ramazan” firmasının iddiasını təmin edərək Şəki rayon “Şərq Şirniyyatı” ATSC-nin anbarında saxlanan 180 ton tütün məhsulunun üzərindən həbsin götürülməsi barədə qanunsuz qətnamə qəbul etmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 261.0.2 maddəsinə əsasən eyni tərəflər araaında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda və habelə, həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
 
Qeyd olunan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə Apellyasiya Məhkəməsinin 12 mart 2002-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 31 yanvar 2002-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir.
 
Bundan əlavə Səbail rayon Məhkəməsinin 2 may 2002-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Nəsirov) iddiaçı R.Q.Orucovun “VVorld VVide International Groum” firmasının Bakı filialına qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilərək, “VVorld VVide International Groum” firmasının Bakı filialından 748 ABŞ dolları məbləğində maddi və 22.676 ABŞ dolları məbləğində mənəvi ziyan R.Q.Orucovun xeyrinə tutulmuşdur.
 
Apellyasiya Məhkəməsinin 18 iyun 2002-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 oktyabr 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsi və Apellyasiya Məhkəməsində kobud və prosessual qanun yol pozuntularına yol verilmişdir.
 
Belə ki, malın, işin və ya xidmətin qüsuları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61-ci fəslinin normaları ilə nizama salınır. Lakin göstərilən işə baxarkən Səbail rayon Məhkəməsi, bu normaları tətbiq etməmiş, Mülki Məcəllənin 1128-ci maddəsində təsbit olunmuş əsasları müəyyən etmədən subyektiv mülahizələrə əsaslanan qətnamələr qəbul etmişlər.
 
Məhkəmə qətnaməsində mənəvi ziyanı onunla əsaslandırmışdır ki, R.Q.Orucov öz qızına monitor almağa söz vermiş, monitorun qüsurlu çıxması nəticəsində qızı və ailəsi qarşısında pərt olmuş, ailəsi qarşısında nüfuzunu bərpa etmək üçün onları Fransaya səyahətə aparmağa söz vermişdir ki, bunun üçün də 22676 ABŞ dolları məbləğində xərc tələb olunur. Lakin məhkəmə mənəvi ziyanın məbləğini müəyyən edərkən pozuntunun xarakterini, cavabdehin təqsirini, R.Q.Orucovun tələb etdiyi ziyanın məbləğinin reallığını müzakirə etməmişdir.
 
Məhkəmə, eyni zamanda, R.Q.Orucovun tələbini ödəmək üçün filialın əmlakı kifayət etmədikdə, ödəmənin filialın işçilərinə - R.Sleymana, L.İsmayılovaya, V.Səmədova və Ə.Çudaya qarşı yönəldilməsini qət etmişdir. Bu şəxslərdən yalnız R.Sleyman cavabdeh kimi işə cəlb edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsinə görə bu hal prosessual hüquq normalarının kobud surətdə pozulması hesab edilir.
 
Həmin iş üzrə iddia ərizəsinin üzərində olan dərkənardan görünür ki, iddia ərizəsi 20 avqust 2001-ci ildə icraata qəbul edilmiş, yalnız 18 iyun 2002-ci ildə işə işə mahiyyəti üzrə baxılmış və qətnamə qəbul edilmişdir. Səbail rayon Məhkəməsində işin baxılması dəfələrlə əsassız təxirə salınaraq 10 ay müddətində baxılmışdır.
 
Göründüyü kimi, Səbail rayon Məhkəməsində və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində qeyd edilən işə baxılarkən kobud maddi və prosessual qanun pozuntularına yol verilmişdir.
 
Bundan əlavə, Səbail rayon Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.M.Nəsirov) iddiaçı N.L.Ramazanovun cavabdeh “AOQC MOODY İNTERNATİONAL” şirkətinə qarşı yaşayış sahəsi icarə müqaviləsinin şərtlərinə əməl edilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddiası təmin edilərək, cavabdeh şirkətdən iddiaçının xeyrinə 19.800 ABŞ dolları məbləğində icarə haqqı tutulmuşdur. Bundan əlavə, 5.814 ABŞ dolları məbləğində vergi ödəncini də cavabdehdən tutulub dövlət xəzinəsinə keçirilməsi və məhkəmə qətnaməsi icra edilmədiyi təqdirdə ödəmənin cavabdehin əmlakına yönəldilməsi qət edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 27 iyun 2002-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 oktyabr 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilib, N.L.Ramazanovanın iddiası təmin edilməmiş, tərəflər arasında bağlanılmış icarə müqaviləsi ləğv edilərək, cavabdehin əvvəlcədən 6 ay üçün ödədiyi icarə haqqının 5 aylıq miqdarı icarə haqqı kimi, bir aylıq miqdarı isə müqaviləyə müvafiq olaraq icarəçi şirkətin müqaviləni vaxtından əvvəl pozmağa təşəbbüs göstərdiyi üçün N.L.Ramazanovanın xeyrinə tutulmuşdur.
 
Ali Məhkəmədə işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, xarici təşkilat olan “AOQC MOODY İNTERNATİONAL” şirkətinin hüquqlarının pozulması ilə nəticələnən qətnamələr qəbul etmişlər.
 
Belə ki, iddiaçı cavabdehin müqavilə şərtlərinə əməl etməsi, yəni müqavilə müddəti ərizində icarə münasibətinin davam etdirilməsi barədə iddia qaldırdığı halda, məhkəmə həmin müqavilənin pozulması və yaxud qüvvədə qalması barədə qətnamə qəbul etmədən cavabdehdən icarə müqaviləsinin qalan 18 ayı üçün 19800 ABŞ dolları məbləğində icarə haqqını, habelə 5814 dollar ödəməni cavabdehin əmlakına yönəltmişdir.
 
Göründüyü kimi, Səbail rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə zidd olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət olan “AOQC MOODY İNTERNATİONAL” şirkətinin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
 
Ümumiləşdirmə ilə əlaqədar işlər nəzərdən keçirilərkən həm də müəyyən etmişdir ki, bəzi hallarda vergi orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektinin fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və bununla əlaqədar bəzi məhkəmələr tərəfindən qanunsuz qərarlar qəbul olunması hallarına yol verilmişdir.
 
Belə ki, Lənkəran şəhəri üzrə Vergilər Şöbəsi ərizə ilə Azərbaycan Respublikası 3 saylı yerli iqtisad məhkəməsinə müraciət edərək, cavabdeh “Lənkəran-Konserv” ATSC-dən vergilərin hesablanması üçün zəruri olan sənədlərin götürülməsi və “Lənkəran-Konserv” ATSC-nin İdarə Heyətinin sədri F.İ.Teymurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
 
Azərbaycan Respublikasının 3 saylı iqtisad məhkəməsinin 12 fevral 2002-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.Zərbəliyev) ərizə təmin edilmiş, mühasibat və digər sənədlərin vergi yoxlamasına təqdim edilməməsinə dair “Lənkəran-Konserv” ATSC-nin “Lənkəran-Konserv” ATSC-nin İdarə Heyətinin sədri F.İ.Teymurovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, “Lənkəran-Konserv” ATSC-dən 01.10.98-ci il tarixdən 01.07.2001-ci il tarixədək vergilərin hesablanması üçün zəruri olan sənədlər götürülərək Lənkəran şəhəri Vergilər Şöbəsinə təqdim edilmişdir. –
 
Qətnamə ilə razılaşmayan “Lənkəran-Konserv” ATSC apellyasiya qayadasında qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə apellyasiya şikayəti ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət etmişdir.
 
Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri üzrə Vergilər Şöbəsi tərəfindən “Lənkəran-Konserv” ATSC-də 01.10.98-ci il tarixdən 01.07.2001-ci il tarixədək olan dövr ərzində vergi qanunverciliyinə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün keçirilmiş səyyar vergi yoxlaması nəticəsində müəssisədə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında heç bir qərar qəbul edilməməsinə baxmayaraq, vergi qanunvericiliyinin tələblərinə zidd olaraq 3 ay sonra yenidən yoxlama keçirilmiş və yoxlamanın nəticəsində əsasən əsassız təkrar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır. İşə 3 saylı iqtisad məhkəməsində baxılaraq müəssisədə təkrar səyyar vergi yoxlamasının təyin edilməsi zamanı vergi orqanları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsi qənaətinə gələrək həmin yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin “Lənkəran-Konserv” ATSC-dən götürülməsi barədə Lənkəran şəhəri üzrə Vergilər Şöbəsinin ərizəsi təmin edilmiş, bu zaman mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış və tətbiq edilməli olmayan hüquq norması tətbiq edilmişdir.
 
Həmin işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, “Lənkəran-Konserv” ATSC-nin apellyasiya şikayəti, onda göstərilən dəlillər əsaslı olmaqla, iş üzrə 3 saylı yerli iqtisad məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.
 
Eyni zamanda, müəyyən edilmişdir ki, “Lənkəran-Konserv” ATSC-də təkrar səyyar vergi yoxlamasının keçirilməsi barədə Lənkəran şəhəri üzrə Vergilər Şöbəsinin qərarı əsassız olduğundan, onun keçirilməsi üçün Cəmiyyət tərəfindən icazə verilməməsi və bununla əlaqədar mühasibat və digər mühasibat və digər sənədlərin vergi yoxlamasına təqdim edilməsinə dair “Lənkəran-Konserv” ATSC-nin İdarə Heyətinin sədri F.Teymurovun hərəkətsizliyi qanuni və əsaslıdır.
 
Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
 
Həmçinin həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Lənkəran şəhəri üzrə Vergilər Şöbəsinin 10.07.2001-ci il tarixədək olan dövr üzrə “Lənkəran-Konserv” ATSC-də vergi qanunvericliyinə əməl olunması vəziyyətinin yoxlanılması üçün səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın keçirilməsi böyük dövlət vergi müfəttişi İ.Ə.Dadaşova tapşırılmışdır.
Məhkəməyə təqdim edilmiş həmin yoxlamanın materiallarından və 21.08.2001-ci il tarixli vergi yoxlaması aktından görünür ki, keçirilən səyyar vergi yoxlaması zamanı 15658,1 min manat məbləğində mənfəət vergisinin, 1961,2 manat məbləğində əlavə dəyər vergisinin, 304,8 min manat məbləğində isə dövlət yol fonduna vergilərin “Lənkəran-Konserv” ATSC tərəfindən azaldılması faktları müəyyən edilmiş və qeyd olunan vergi qanunvericiliyinin pozulması hallarına görə Lənkəran şəhəri üzrə Vergilər Şöbəsi vergi ödəyicisinə qarşı Vergi Məcəlləsinin 58.1-ci bəndinə əsasən müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi barədə 23.08.2001-ci il tarixdə qərar qəbul etmişdir.
 
Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, həmin vergi yoxlamasının nəticələri cəmiyyət tərəfindən qəbul edilir və mübahisələndirilmir.
 
İşdə olan 4 saylı Ərazi Vergilər İdarəsinin 19.11.2001-ci il tarixli əmrindən görünür ki, Vergilər Nazirliyinin şifahi göstərişinə əsasən tomat konservlərinin istehsalı və satışı ilə məşğul olan vergi ödəyicilərinin obyektlərində mal-material dəyərlərinin və digər sərvətlərinin qalıqlarının müəyyənləşdirilməsi məqsədi ilə yoxlamalar keçirilməlidir.
 
Qeyd olunan əmrə əsasən Lənkəran şəhəri üzrə Vergilər Şöbəsi tərəfindən “Lənkəran-Konserv” ATSC-də mal-material dəyərlərinin və pul vəsaitlərinin uçotunun düzgünlüyünün yoxlanması məsələləri üzrə operativ nəzarətin həyata keçirilməsi barədə 20.11.2001-ci il tarixdə qərar qəbul edilmişdir.
 
Lakin qüvvədə olan vergi qanunvericiliyində vergi orqanları tərəfindən vergi ödəyicilərindən mal-material dəyərlərinin və pul vəsaitinin uçotunun düzgünlüyünün yoxlanılması məsələləri üzrə operativ nəzarətin nəzərdə tutulmamışdır.
 
Vergi orqanının 22.11.2001-ci il tarixli qərarından görünür ki, 01.07.2001-ci il tarixdən 22.11.2001-ci il tarixədək olan dövr üzrə “Lənkəran-Konserv” ATSC-də vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuş və yoxlamanın keçirilməsi 4 saylı Ərazi Vergilər İdarəsi Vergi Ödəyicilərinin Auditi üzrə mütəxəssis V.Y.Yunsurova tapşırılmışdır.
 
Bundan əlavə, işdə olan 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ş.Fərziyev tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Ödəyicilərinin Auditi Baş İdarəsinə ünvanlanmış 1101-22396 saylı 11.12.2001-ci il, 1101-22-401 saylı 12.12.2001-ci il və 1101-22402-A saylı 13.12.2001-ci il tarixli məktublardan görünür ki, 01.07.2001-ci il tarixdən 01.11.2001-ci il tarixədək olan dövr üzrə keçirilmiş vergi yoxlaması zamanı vergi qanunvericiliyinin pozulması halları, o cümlədən mal-material dəyərlərinin uçotdan gizlədilməsi, əlavə dəyərin azaldılması və digər faktların aşkar edilməsi ilə əlaqədar “Lənkəran-Konserv” ATSC-də 01.07.98-ci il tarixdən 01.07.2001-ci il tarixədək olan dövr üzrə təkrar səyyar vergi yoxlamasının keçirilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Ödəyicilərinin Auditi Baş İdarəsi təkrar səyyar vergi yoxlamasının təyin edilməsinə etiraz etməmiş və Lənkəran şəhəri üzrə Vergilər Şöbəsinin 14.12.2001-ci il tarixli qərarı əsasında “Lənkəran-Konserv” ATSC-də 01.10.98-ci il tarixdən 01.07.2001-ci il tarixədək olan vergi dövrünün təkrar səyyar vergi yoxlaması təyin edilmişdir.
 
İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi təkrar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olmuş 01.07.2001-ci il tarixdən 01.11.2001-ci il tarixədək olan dövr üzrə “Lənkəran-Konserv” ATSC-də keçirilmiş növbədənkənar vergi yoxlamasının keçirilməsinin qüvvədə olan qanunvericiliyə uyğun olub-olmamasını araşdırmadan, həmin yoxlamanın keçirilməsinin qanuna uyğun olması nəticəsinə gələrək ərizəni təmin etmiş və bu zaman maddi hüquq normalarını pozmuşdur.
 
Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həmin maddədə göstərilən əsaslar olduqda keçirilə bilər.
 
Həmçinin “Səyyar vergi yoxlamasının təyin olunmasına dair Təlimat”ın 8.1, 8.1.1. və 8.3-cü maddəsinə əsasən vergi ödəyicisində aparılmış sonuncu vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə, növbədənkənar vergi yoxlaması təyin edilə bilər.
 
İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Lənkəran şəhəri üzrə Vergilər İdarəsinin 10.07.2001-ci il tarixli qərarı əsasında, “Lənkəran-Konserv” ATSC-də keçirilmiş sonuncu vergi yoxlamasının nəticələri növbədənkənar vergi yoxlamasının keçirilməsinə əsas vermədiyindən iddiaçı tərəfdən qəbul olunmuş 22.11.2001-ci il tarixli qərar əsasında “Lənkəran-Konserv” ATSC-də növbədənkənar vergi yoxlamasının keçirilməsi Vergi Məcəlləsinin 38-ci maddəsinə və Azərbaycan Respublikası prezidentinin “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 07.01.1999-cu il tarixli, 69 saylı fərmanına zidd olmuşdur.
 
“Lənkəran-Konserv” ATSC-nin məhkəməyə təqdim etdiyi 07 saylı 05.02.2002-ci il tarixli arayışından görünür ki, Cəmiyyətdə keçirilmiş əsassız yoxlamalar nəticəsində ona 26.500.000 manat məbləğində zərər dəymişdir
.
Digər tərəfdən, təkrar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 22.06.2000-ci il tarixli A-97 saylı əmri ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamalarının təyin olunması Qaydaları”nın 5-ci bəndinin tələbləri pozulmuşdur.
 
Həmin bəndə təkrar səyyar vergi yoxlamasının təyin olunması yuxarı vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir və qərarda bu Qaydaların 1-ci bəndində sadalanan rekvizitlərdən başqa bu yoxlamanın təyin olunması üçün əsas olan hallara istinad olunmuşdur.
 
Həmin iş üzrə 3 saylı yerli iqtisad məhkəməsinin hakimi Z.Zərbəliyev tərəfindən şərh olunan qanun pozğunluğuna yol verildiyi üçün Respublika İqtisad Məhkəməsinin 22 aprel 2002-ci il tarixli qətnaməsi ilə bu iş üzrə 3 saylı yerli iqtisad məhkəməsinin 12 fevral 2002-ci il tarixli qətnaməsi ləğv edilmiş və Lənkəran şəhəri üzrə Vergilər Şöbəsinin ərizəsi təmin edilməmişdir.
 
Ümumiləşdirmə ilə əlaqədar işlərin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən qətnamələrdən şikayət vermə müddətinin bərpası məsələsi həll edilərkən cidd qanun pozuntularına yol verilmişdir.
 
Belə ki, iddiaçı “Azərnəqliyyat” Kommersiya Bankı iddia ərizəsi ilə Respublika İqtisad Məhkəməsinə müraciət edərək, cavabdeh “Salyan-Sərnişin” ATSC-yə qarşı 99.155.200 manat kredit borcunun və 991.552 manat məbləğində dövlət rüsumunun ödənilməsini xahiş etmişdir.
 
Respublika İqtisad Məhkəməsinin 6 mart 2000-ci il tarixli qətnaməsi ilə iddia tələbi ödənilmişdir. Həmin məhkəmənin 22 may 2000-ci il tarixli qətnaməsi ilə yuxarıda göstərilən qətnamə apellyasiya qaydasında ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur.
 
İşə kassasiya qaydasında Ali Məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, iş üzrə iddiaçı “Azərnəqliyyat” KB iddia ərizəsi ilə Respublika İqtisad Məhkəməsinə 02.02.2000-ci il tarixdə müraciət etmiş və həmin iddiaya mahiyyəti üzrə 06.03.2000-ci il tarixdə hər iki tərəfin nümayəndələrinin, o cümlədən cababdeh “Salyan-Sərnişin” ATSC-nin sədri C.Təhməzovun iştirakı ilə baxılaraq qətnamə qəbul edilmişdir.
 
Qətnamənin təsviri hissəsindən aydın olur ki, cavabdeh C.Təhməzov iddianı etiraf etməklə bərabər məhkəmədə bildirmişdir ki, mübahisəli məbləği ödəməyə bilməməsinin səbəbi onun pul vəsaitinin olması ilə əlaqədardır.
 
Qətnamənin icrası ilə bağlı Respublika İqtisad Məhkəməsi tərəfindən 15.03.2000-ci il tarixdə əmr verilmiş və iddiaçı tərəfindən həmin əmr icraya təqdim edilmişdir. Lakin Salyan rayonu ədliyyə polisinin 24.10.2000-ci il tairixli məktubundan görünür ki, cavabdeh “Salyan-Sərnişin” ATSC-nin bank hesablarında pul vəsaiti olmadığından göstərilən əmrin icrası mümkün olmamışdır.
 
Bununla əlaqədar olaraq “Azərnəqliyyatbank” SKB 13.11.2000-ci il tarixli ərizə ilə Respublika İqtisad Məhkəməsinə müraciət edərək qətnamənin icra üsulunun dəyişdirilərək borcun ödənilməsini cavabdehin əmlakına yönəldilməsini xahiş etmişdir.
 
Respublika İqtisad Məhkəməsi özünün 24.11.2000-ci il tarixli məktubu ilə hər iki tərəfə məlumat verərək bu məsələyə baxılacağını bildirmişdir.
 
Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, 15.12.2000-ci il tarixli qərardadla ərizə təmin edilmişdir. 20.12.2000-ci il tarixdə Respublika İqtisad Məhkəməsinin sədr müavini S.Hüseynovun məktubu ilə “Salyan-Sərnişin” ATSC-dən daxil olmuş ərizə mülki işlə birlikdə 3 saylı yerli iqtisad məhkəməsinə göndərilmişdir.
 
“Salyan-Sərnişin” ATSC-nin 3 saylı yerli iqtisad məhkəməsinə göndərdiyi 28.11.2000-ci il tarixli məktubla cavabdeh bildirmişdir ki, İqtisad Məhkəməsində göstərilən iş üzrə 15.12.2000-ci il tarixli qərardad qəbul edilərkən onun iştirakı təmin edilməmiş, bununla əlaqədar İqtisad Məhkəməsində qəbulda olarkən ona izah edilmişdir ki, qətnamədən və qərardaddan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üçün 3 saylı yerli iqtisad məhkəməsinə müraciət edə bilər.
 
Qeyd edilən məktuba əsasən “Salyan-Sərnişin” ATSC 3 saylı yerli iqtisad məhkəməsinə müraciət etmiş, sonuncu 29.03.2001-ci il tarixli qərardadla 06.03.2000-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilmə müddətini bərpa etmişdir.
 
Yuxarıda göstərilən qərardaddan görünür ki, guya 06.03.2000-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər lazımi qaydada xəbərdar edilməmiş, işə cavabdeh tərəfindən bu xəbərdarlığın alınmasını sübut edən heç bir sənəd əlavə edilməmişdir.
 
Halbuki, yuxarıda qeyd edildiyi kimi, işə cavabdehin nümayəndəsi “ Salyan-Sərnişin” ATSC-nin sədri C.Təhməzovun şəxsən özünün iştirakı ilə 06.03.2000-ci il tarixdə baxılmış, hətta məhkəmə iclasında o özü iddianı etiraf etmişdir.
 
Buna baxmayaraq, işə baxan 3 saylı yerli iqtisad məhkəməsinin sədri Z.Zərbəliyev yuxarıda göstərilən nəticəyə gələrək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əsassız qərar qəbul etmişdir.
 
Məhkəmə kollegiyası şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, hakim Z.Zərbəliyev tərəfindən işin halları təhrif edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsində süni olaraq Qanunun tələbləri pozulmaqla maneələr yaradılmışdır.
 
İşə kassasiya qaydasında baxılarkən, həmçinin müəyyən edilmişdir ki, Respublika İqtisad Məhkəməsində 3 saylı yerli iqtisad məhkəməsinin hakimi Z.Zərbəliyevin qəbul etdiyi əsassız qərardad üzrə yuxarıda şərh olunan hallara əhəmiyyət verilməmiş və məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək, işə yenidən mahiyyət üzrə baxılmışdır.
 
Göründüyü kimi, hər iki instansiya məhkəmələrinin hakimləri kobud qanun pozuntusuna yol vermiş və iki il əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmişdir.
 
Azərbaycan Respublikası “Məhkəmə qərarlarının icrası haqqında” Qanununun 6.1.2-ci maddəsinə əsasən məhkəmə əmrləri icra sənədi sayılır və həmin icra sənədi qanunun tələbinə uyğundursa, məhkəmə icraçısı icra sənədini məhkəmədən qəbul etməli və icraata başlamalıdır.
 
Qeyd olunan Qanunun 8.3-cü maddəsinə əsasən məhkəmə icraçısı icraata başlamaq haqqında qərarın surətini qəbul edildiyi vaxtdan bir gün ərzində tələbkara, borcluya və habelə icra sənədini vermiş məhkəməyə məlumat üçün göndərməlidir.
 
Ümumiləşdirmə ilə əlaqədar bu qəbuldən olan işlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Zaqatala rayon Məhkəməsinin sədri Q. Abbasovun sədrliyi ilə baxılmış 9 iş, həmin rayon məhkəməsinin hakimi S.Seyfullayevin sədrliyi ilə baxılmış 4 iş, Bərdə rayon Məhkəməsinin sədri İ.Əsədovun sədrliyi ilə baxılmış 3 iş, həmin rayon məhkəməsinin hakimi R.Nəbizadənin sədrliyi ilə baxılmış 4 iş, Səbail rayon Məhkəməsinin hakimi A.Namazovun sədrliyi ilə baxılmış 3 iş, həmin məhkəmənin sədri İ.Nəsirovun sədrliyi ilə baxılmış 1 iş, yenə də həmin məhkəmənin hakimi İ.Ağayevin sədrliyi ilə baxılmış 1 iş, Tərtər rayon Məhkəməsinin hakimi Ə.Əhmədovun sədrliyi ilə baxılmış 2 iş üzrə məhkəmə əmrinin və qətnamələrin icra olunması üçün icraata başlanmaq barədə məhkəmə icraçısının qərarları işə əlavə olunmadığından həmin işlər üzrə məhkəmə aktlarının icra olunub-olunmasını müəyyən etmək mümkün olmamışdır.
 
Eyni xarakterli qanun pozğunluğuna respublikanın yerli iqtisad məhkəmələrində baxılmış bir sıra işlər üzrə də yol verilmişdir.
 
“Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarılmış məhkəmənin vəzifəsinə aid olmasına baxmayaraq, qeyd olunan işlər üzrə qərar qəbul etmiş hakimlər həmin qərarların icra olunub-olunmaması haqda müvafiq sənədlərin alınıb işə əlavə olunmasını təmin etməmişdir.
 
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinə dair ümumiləşdirmənin nəticələri 25 mart 2003-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda müzakirə edilmiş və bu qəbildən olan işlərə baxılarkən qanunvericiliyin düzgün tətbiq olunmasını təmin etmək və vahid məhkəmə təcrübəsi yaratmaq məqsədi ilə məhkəmələrə izahlar verilmişdir.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirilmiş
və məhkəmə statistikasının təhlili şöbəsi