Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası hakimlərinin Əxlaq Kodeksi
 
Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə Hüquq Şurası ilə Azərbaycan Respublikası Ali Məhkəməsi “Plenumunun “Azərbaycan Respublikası hakimlərinin Əxlaq Kodeksinin təsdiq edilməsinə dair” birgə
 
Q Ə R A R I
 

12 dekabr 2002-ci il   

  Bakı şəhəri

 

Cəmiyyət dövlət hakimiyyətinin tərkib hissəsi olan məhkəmə hakimiyyətinin müstəqil, sərbəst, ədalətli, qərəzsiz faktlara əsaən və qanunlara müvafiq həyata keçirilməsində maraqlıdır.
 
Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin öz səlahiyyətləri çərçivəsində müstəqil elan etmiş və ədalət mühakiməsinin hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirilməsini təmin edən möhkəm hüquqi zəmin yaratmışdır.
 
Belə bir şəraitdə ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun həyata keçirilməsi və cəmiyyətdə məhkəmənin əsl həqiqətdə müstəqil olduğuna inamın gerçəkləşdirilməsi məsələlərində əsas vəzifə bu hakimiyyətin daşıyıcıları olan hakimlərin üzərinə düşür.
 
Məhkəmənin nüfuzu hakimlərin şərəf, ləyaqətindən, onların əxlaqi keyfiyyətlərindən, cəmiyyət arasında hörmətindən, xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsindən, məişətdə davranışından və mədəniyyətindən birbaşa asılıdır.
 
Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, qanunlara və insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, məhkəmə hakimiyyətinin şərəfini qorumalıdırlar.
 
Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu və Azərbaycan Respublikası Prezidenti yanında məhkəmə hüquq şurası
 
Q Ə R A R I    A L I R:
 
Azərbaycan Respublikası hakimlərinin Əxlaq kodeksi təsdiq edilsin.
 

Məhkəmə hüquq şurasının sədri  

F.Məmmədov

Ali Məhkəmənin sədri

 S.Həsənova

 
 
Azərbaycan Respublikası hakimlərinin
ƏXLAQ KODEKSİ
 
PREAMBULA
 
Ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun həyata keçirilməsi və cəmiyyətdə məhkəmənin əsl həqiqətdə müstəqil olmasına inamın gerçəkləşdirilməsində məhkəmə hakimiyyətnin daşıyıcıları olan hakimlərin üzərinə mühüm vəzifələr düşür.
 
Məhkəmənin nüfuzu hakimlərin əxlaqi keyfiyyətlərindən, ləyaqətindən, cəmiyyət arasında hörmətindən, xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsindən, işdən kənar həyatda davranışından və mədəniyyətindən birbaşa asılıdır.
 
Hakimlər ədalət mükahiməsinin həyata keçirilməsi sahəsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, qanunlara və insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, məhkəmə hakimiyyətinin şərəf və ləyaqətini, yüksək hakim adını və nüfuzunu daim uca tutmalıdır.
 
Bu məqsədlərə nail olmaq üçün hakimlər aşağıdakı nümunəvi qaydalara riayət etməlidirlər.
 
I.ÜMUMİ TƏLƏBLƏR
 
Maddə 1.Hakim bütün fəaliyyət dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında onun məsuliyyətini təcəssüm etdirən hakim andına sadiq qalmalı və səlahiyyətini həyata keçirərkən, eləcə də işdən kənar həyatda bu anda uyğun olan davranış nümayiş etdirməlidir.
 
Maddə 2.Hakim ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarını ümumqəbuledilmiş ədəb qaydalarını rəhbər tutmalı, məhkəmə hakimiyyətinin müstəqilliyi və sərbəstliyini qoruyub saxlamalı, onun nüfuzunu daim artırmalıdır.
 
Maddə 3.Hakim qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, faktlara əsaslanmalı, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalıdır.
 
Maddə 4.Hakimin ədalət mühakiməsini həyata keçirmək sahəsindəki vəzifələri onun bütün başqa sahələrdə olan fəaliyyətinə nisbətdə üstünlük təşkil etməlidir.
 
Maddə 5.Hakim hər bir şəraitdə öz ləyaqətini, şərəfini qorumalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən və şəxsi münasibətlərdən çəkinməlidir.
 
II.HAKİM VƏZİFƏSİNİN İCRASI İLƏ BAĞLI QAYDALAR
 
Maddə 6.Hakim qərəzsiz olmalı, məhkəmə icraatına hər hansı şəxs, o cümlədən qohum, dost və tanışlar tərəfindən müdaxilə edilməsinə yol verilməməlidir.
 
Maddə 7.Hakim işlərin baxılmasında hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipini gözləməli, proses iştirakçılarından heç birinə üstünlük verməməlidir.
 
Maddə 8.Hakim hər hansı hakimiyyət və idarəçilik strukturlarının, habelə ayrı-ayrı şəxslərin təsiri altına düşməməli, məhkəmədə baxılan iş ətrafında yaranmış ictimai fikirdən çıxış etməməli və tənqidlərdən çəkinməməlidir.
 
Maddə 9.Ədalət mühakiməsini lazımi qaydada həyata keçirmək üçünhakim hüquqi biliklərin və peşəkarlıq səviyyəsini daim artırmalıdır.
 
Maddə 10.Hakim özü-özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməli, işlərə və digər materiallara vaxtında baxmalıdır. İstər qulluq vəzifələrini yerinə yetirərkən, istərsə də məişətdə özünü təmkinli, ciddi, ədəbli və səmimi aparmalı, bunları məhkəmə aparatı işçilərindən də tələb etməlidir.
 
Maddə11.Hakim vəzifələrinin icrası ilə bağlı ona məlum olan sirlər barədə məlumatları yaymamalıdır. Başa çatmamış məhkəmə işləri ilə əlaqədar faktlar barədə və yaxud məhkəmə baxışına təyin olunmuş işlər haqqında şərhlər, izahlar verməməli, ictimaiyyət və jurnalistlərlər görüşlərində bu və ya digər məhkəmə işi barədə konkret fikrini bildirməlidir. İşdən kənarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını və digər hakimlərin hərəkətlərini şübhə altında qoymamalıdır.
 
Maddə12.Hakim məhkəmədə baxılan işlər üzrə müşavirə otağının sirrini qorumalı, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamalıdır.
 
Maddə13.Hakim baxılan işlər üzrə istər məhkəmə iştirakçıları, istərsə də digər məhkəmə instansiyaları ilə qanunda nəzərdə tutulmayan qeyri-prosessual münasibət yaratmamalıdır.
 
Maddə14.Hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır.
 
Maddə 15.Hakim müstəqil olmalı, hər bir konkret iş üzrə öz qərarını sərbəst olaraq işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində, özündə yaranan daxili inamına əsaslanmaqla, onun bir tərkibə daxil olan digər hakimlərin mövqeyindən asılı olmadan qəbul etməlidir.
 
Maddə16.Hakimlər KİV-in məhkəmənin fəaliyyətini işıqlandırmaq istəyinə rəgbətlə yanaşmalı və əgər bu işıqlandırma məhkəmə prosesinin gedişinə maneçilik törətməzsə, habelə əldə edilən informasiya məhkəməyə təsir göstərmək vasitəsi kimi istifadə edilməzsə, iş üzrə tərəflərin rəyi nəzərə alınmaqla KİV nümayəndələrinə müvafiq yardım göstərməlidir.
 
Maddə17.Hakim qulluq səlahiyyətlərindən istifadə edərək öz şəxsi və yaxud ailə üzvlərinin maraqlarını güdməyə və müdafiə etməyə haqlı deyildir. O özünü elə aparmalıdır ki, onun ailə, ictimai və s. münasibətləri tutduğu vəzifəyə xələl gətirməsin.
 
Maddə18.Hakim baxdığı işlə əlaqədar olaraq təşəkkür əlaməti kimi hədiyyə, sovqat və bəxşiş qəbul etməməli, işin həllinə təsir edə bilən xidmətlərdən çəkinməlidir.
 
III.HAKİM PROFESSİONAL FƏALİYYƏTİNDƏN KƏNAR DAVRANIŞI
 
Maddə 19.Hakimin professiaonal fəaliyyətindən kənar davranışı onun ədalətli, obyektiv, qərəzsiz olmasına kölgə salmamalıdır.
 
Maddə 20.Hakim heç bir seçkili və ya təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.
 
Maddə 21.Hakim məhkəmə hakimiyyətinin nüfuzuna və professional fəaliyyətinə zərər gətirməyən ictimai fəaliyyətlə məşğul ola bilər.
 
Maddə 22.Hakim hüquq sistemi ilə bağlı və ya ədalət mühakiməsi prosesini həyata keçirərkən, yalnız o hallarda ictimai müzakirələrdə iştirak edə və ya qanunverici, icra orqanları və onların vəzifəli şəxsləri ilə münasibət qura bilər ki, bu, onun vəzifə borcunu yerinə yetirməyə mane olmasın, obyektivliyi barədə şübhə doğurmasın.
 
Maddə 23.Hakim ictimaiyyət qarşısında daxili siyasətin cari məsələləri ilə əlaqədar olaraq öz fikrini bildirməməli, siyasi aksiyalarda iştirak, partiyalara maddi və digər dəstək verməməli, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə təşviqatla məşğul olmamalı, onun bu və ya digər ideoloji təsirə məruz qalmasına dəlalət edən hərəkətlərdən çəkinməlidir.
 
IV.KODEKSİN TƏLƏBLƏRİNİN POZULMASINA
GÖRƏ HAKİMİN MƏSULİYYƏTİ
 
Maddə 24.Hakim professional fəaliyyətində və ya digər hərəkətlərində pozuntuya yol verdikdə toxunulmazlığı təmin edilməklə qanunvericiliklə məsuliyyət daşıyır.
 
Maddə 25.Bu Kodeksin tələblərinin pozulması halları bütün təfərrüatı ilə araşdırılır, hakim adına xələl gətirən hərəkətlərə yol verilməsi müəyyən edidikdə qanunvericiliyə müvafiq tədbirlər görülür.
 
Maddə 26.Hakim onun yüksək adına ləkə gətirən ləyaqətsiz hərəkətə yol verdikdə, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirdikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” qanunun tələblərinə əsasən xitam verilə bilər.