Azərbaycan Respublikası Ali Məhkəməsi

MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
Prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə qərardad dəyişdirilərək, iş mahiyyəti üzrə baxılması üçün göndərilmişdir
 
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 6 dekabr 2002-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin “Stonepay” şirkətinə qarşı 07 may 1996-cı il tarixli müqavilənin ləğv edilməsi və 256.049.372.600 manat məbləğində icarə haqqı borcunun tutulması barədə iddia ərizəsi Azərbaycan Respublikasının Məhkəmələrinə aid olmadığına görə baxılmamış saxlanılmışdır.
 
Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 7 yanvar 2003-cü il tarixli 7481-243 saylı qərardadı ilə Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-na kassasiya şikayəti vermişdir.
 
İşin materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyәtinin 24 may 1996-cı il tarixli, 675 saylı sərəncamı ilə Kanadanın ““Stonepay” şirkətinə Yasamal rayonu “Qanlıgöl” ərazisində yaşayış massivinin tikilməsi üçün 50,48 ha torpaq sahəsi ayrıldığını, bu ərazidə yaşayış massivinin layihələşdirilməsinə və tikintisinə icazə verildiyini, həmçinin Bakı şəhər İc” ra Hakimiyyəti ilə “Stonepay” şirkəti arasında 7 may 1996-cı il tarixdə “Bakı şəhərinin ərazisində torpaq sahəsinin ayrılması və yaşayış sahəsinin tikintisi haqqında” müqavilə bağlandığını, həmin vaxtdan indiyə kimi Yasamal rayonu “Qanlıgöl” ərazisində 50,48 ha torpaq sahəsinin həmin şirkətin istifadəsində olduğunu, lakin şirkətin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilmədiyini göstərib “Stonepay” şirkəti ilə bağlanan 7 may 1996-cı il tarixli müqavilənin ləğv edilməsi və şirkətdən 256.049.372.600 manat (52.254.974 ABŞ dolları) icarə borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
 
İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh “Stonepay” şirkətinin nümayəndəsi vəsatət verərək 7 may 1996-cı il tarixli müqavilənin 4.5 bəndində həmin müqavilə ilə əlaqədar mübahisəyə məhkəmə qaydasında Kanada Məhkəməsi, bu mümkün olmadıqda isə Cenevrədə (İsveçrə) Beynəlxalq Məhkəmədə baxılması nəzərdə tutulduğunu, belə olduqda isə hazırkı Azərbaycan Respublikası məhkəmələrində baxıla bilmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
 
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 
İşə kassasiya qaydasında baxılarkən aydın olmuşdur ki, Apellyasiya Məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
 
Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 28, 29 və 257.0.5-ci maddələrinə, habelə 7 may 1996-cı il tarixli müqavilənin 4, 5-ci bəndinə əsaslanmış və hesab etmişdir ki, MPM-nin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar. 7 may 1996-cı il tarixli müqavilənin 4.5-ci bəndində isə yarana biləcək mübahisәyә məhkəmə qaydasında Kanada Mәhkәmәsindә, bu mümkün olmadıqda isə Cenevrədə (İcveçrədə) Beynəlxalq Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Ona görə də işə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz.
 
Lakin məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyib həmin nəticəyə gəlmişdir.
 
Belə ki, Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyati nəzərdə
tutan 39.1-ci maddəsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında iddialar torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin müqavilə aidiyətini nəzərdə tutan 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyəti nəzərdə tutulduğu halda müqavilə aidiyyəti tətbiq oluna bilməz.
 
Hazırkı iş üzrə mübahisə torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, dövlətin torpaq üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə olduğuna görə qanunun göstərilən tələblərinə əsasən həmin mübahisə barədə aidiyyəti müstəsna aidiyyət hesab olunur, ona görə də həmin mübahisəyə müqavilə aidiyyəti tətbiq oluna bilməz və torpağın olduğu Azərbaycan Respublikasının məhkəməsinə aiddir.
 
Məhkəmə isə qanunun göstərilən normalarını tətbiq etmə əvəzinə MPM-nin 28, 29 və 259.0.5-ci maddələrini tətbiq etmiş və səhv nəticəyə gəlmişdir.
 
Göstərilənlərə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 17 aprel 2003-cü il tarixli qərarı ilə Respublika Apellyasiya İqtisad Məhkəməsinin 07 yanvar 2003-cü il tarixli qərardadı dəyişdirilərək “Stonepay” şirkətinin nümayəndəsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatəti təmin edilməmiş və iş mahiyyəti üzrə baxılması üçün Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinə göndərilmişdir.
 
Orderin etibarsız hesab edilməsi barədə iddianı bu orderin verilməsi nəticəsində hüquqları pozulmuş vətəndaşlar, ixtiyarında mübahisəli yaşayış sahəsi olan orderin qanunvericiliyə zidd verildiyini hesab edən səlahiyyətli icra hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, müvafiq müəssisələr, idarələr və təşkilatlar qaldıra bilər
 
Bakı şəhər Xətai rayon Məhkəməsinin 4 sentyabr 2002-ci il tarixli qətnaməsi ilə Əhmədova Dürnisə Kamal qızının qeyrilərinin Ərəbxanov Nəriman Rəhmətullayeviç və qeyrilərinə qarşı mənzildən çıxarılma barədə iddiaları təmin olunmuş, Əliyeva Nəzirə Abbas qızının və qeyrilərinin Əhmədova Dürnisə Kamal qızı və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi, mənzildən istifadə hüquqlarının itirilməsi və özlərinin mənzilə hüquqlarının tanınması barədə iddiaları təmin olunmuşdur.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MDİÜMK-nın 23 dekabr 2002-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin qətnaməsi ləğv edilib, D.K.Əhmədovanın və qeyrilərinin iddiaları təmin olunmamış, N.A.Əliyevanın qarşılıqlı iddiası qismən təmin edilərək, D.K.Əhmədovanın adına verilmiş order etibarsız hesab olunub, N.A.Əliyeva və qeyrilərinin mənzildən istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddiaları baxılmamış saxlanılmışdır.
 
İş materiallarından görünür ki, D.K.Əhmədova və qeyriləri məhkəmədə iddia qaldırıb, 1984-cü ildən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsində dayandıqlarını, Səbail rayon İcra Hakimiyyətinin 25 dekabr 2001-ci il tarixli sərəncamı və orderi ilə Bakı şəhəri Neapol küçəsindəki 86 saylı evin birotaqlı 3-cü mənzilinin onlara verildiyini, cavabdehlər N.R.Ərəbxanovun və S.Ş.Kəngərlinskayanın onlara verilmiş mənzili zəbt etdiklərinə görə ora köçə bilmədiklərini, onların başqa yerdə mənzilləri olduğunu bildirib cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul etməyi xahiş etmişdir.
 
N.A.Əliyeva, N.R.Ərəbxanov və S.Ş.Kəngərlinskaya isə qarşılıqlı iddia qaldırıb, mübahisəli mənzilin icarəçisinin L.K.Çaplığına olduğunu, N.A.Əliyevanın 1994-cü ildən həmin mənzildə yaşayıb, L.K.Çapliginanı müalicə etdiyini 1997-ci ildə Çapliginanın işləmək üçün Rusiyaya getdiyini bildirib, onun L.K.Çapliginanın ailə üzvü kimi tanınması və D.K.Əhmədovanın adına verilmiş orderin etibarsız hesab edilməsini xahiş etmişdir.
 
İş materiallarından görünür ki, Bakı şəhəri Neapol küçəsindəki 86 saylı evin 3-cü mənzilinin icarəçisi L.K.Çaplıginadır. O, 1997-ci ildə Azərbaycandan köçüb getmişdir.
 
N.A.Əliyevanın qarşılıqlı iddiasına əsasən mübahisəli mənzilin D.K.Əhmədovaya verilməsi barədə Səbail rayon İcra Hakimiyyətinin 28 dekabr 2001-ci il tarixli orderini etibarsız hesab edən Apellyasiya Məhkəməsinin MİÜMK-sı öz qətnaməsini həmin mənzilin boş olmaması, L.K.Çaplıginanın mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmə qətnaməsinin olmaması ilə əsaslandırılmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 Oktyabr 1992-ci il tarixli qərarının 4-cü bəndinin 3-cü hissəsinə görə (20 may 1994-cü il tarixli redaksiyada) orderin hüquqları pozulmuş vətəndaşlar ixtiyarında mübahisəli yaşayış sahəsi olan və orderin qanunvericiliyə zidd verildiyini hesab edən səlahiyyətli icra hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, müvafiq müəssisələr, idarələr və təşkilatlar qaldıra bilər. İş materiallarından görünür ki, N.A.Əliyevanın və digər cavabdehlərin mübahisəli mənzilə dair heç bir hüquqları olmadığı halda Apellyasiya Məhkəməsinin MİÜMK-sı onların iddiaları üzrə D.K.Əhmədovanın adına verilmiş orderi etibarsız hesab etmişdir. Halbuki, belə iddianı mübahisəli mənzilin icarəçisi L.K.Çaplıgina və yaxud icra hakimiyyəti orqanları qaldıra bilərdi.
 
Bundan əlavə, Apellyasiya Məhkəməsinin MİÜMK-sı mübahisəli mənzilin icarəçisi L.K.Çaplıginanın mənzildən istifadə hüquqları ilə əlaqədar məsələlərə da hüquqi qiymət verib, onun Azərbaycandan müvəqqəti getməsi nəticəsinə gəlmişdir.
Mənzildə onlara yaşayış hüququnun verilməsi barədə N.A.Əliyevanın və qeyrilərinin iddiasını baxılmamış saxlayan Apellyasiya Məhkəməsinin MİÜMK-sı öz qətnaməsini L.K.Çaplıginanın yaşayış yerinin məlum olmaması və onun məhkəməyə çağırılıb izahatının alınmasının mümkün olmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi MİÜMK-nın gəldiyi bu nəticə Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə uyğun deyildir.
 
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-sı 26 mart 2003-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərmişdir.