Azərbaycan Respublikası Ali Məhkəməsi

CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
Bir hərbi qulluqçunun tabeçilik münasibətlərində olmayan digər hərbi qulluqçuya qarşı şəxsi münasibətlər zəminində zorakılıq hərəkətləri etməsi hərbi cinayət kimi qiymətləndirilə bilər
 
Bakı hərbi məhkəməsinin7 fevral 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Ü.E.Cəfərov digər cinayətlərlə yanaşı, Azərbaycan Respublikası CM-nin 332.1 və 128-ci maddələri ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, N hərbi hissəsinin mayoru R.Y.Əliyevdən borc kimi aldığı 300 ABŞ dolları məbləğində pulun vaxtında qaytarılmaması zəminində baş vermiş münaqişə zamanı sonuncuya zorakılıq göstərərək ona sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir.
 
Hökmdən məhkumun onun müdafiəçisinin apellyasiya şikayətlərinə və dövlət ittihamçısının apellyasiya protestinə əsasən işə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində baxılarkən, Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi də yoxlanılmışdır.
 
Apellyasiya Məhkəməsinin 11 aprel 2003-cü il tarixli qərarı ilə Bakı hərbi məhkəməsinin hökmü aşağıdakı əsaslara görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsas ilə dəyişdirilmiş və Ü.E.Cəfərovun Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına dair hissəsi hökmdən xaric edilmişdir.
 
İstər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur ki, 15 dekabr 2001-ci il tarixdə tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular – polkovnik-leytenant Ü.E.Cəfərov və R.Y.Əliyev arasında baş vermiş münaqişənin səbəbi Ü.E.Cəfərovun sonuncudan borc kimi aldığı pulun qaytarılması olmuş və hadisənin həm təqsirləndirilən şəxsin, həm də zərərçəkənin xidməti vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi olmamışdır. Bu hal həmçinin apellyasiya şikayətlərinə və apellyasiya protestinə məhkəmə baxışı iclasında bir daha öz təsdiqini tapmışdır.
 
Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin mənasına görə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma hərəkətləri adətən təqsirkarın özü üçün əlverişli xidmət şərait yaratmaq, kollektivdə imtiyazlı mövqeyə nail olmaq, birgə qulluq etdiyi hərbi qulluqçuları tabe etmək məqsədi ilə, o cümlədən də xuliqanlıq niyyətilə törədilir.
E.Ü.Cəfərovun barəsindəki cinayət işinin materiallarından görünür ki, bu hallarda heç biri ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müəyyən edilməmişdir.
 
Digər tərəfdən, həqiqi hərbi xidmət dövründə hərbi qulluqçular arasında formalaşan qarşılıqlı münasibətlər yalnız hərbi nizamnamələrlə tənzim edilən münasibətlərdən ibarət olmur. Əmlak, ailə-nikah və sair şəxsi münasibətlər zəminində həyata keçirilən öhdəliklər hərbi qulluqçular arasında xalis şəxsi münasibətlər də yarada bilər. Belə münasibətdən zorakı hərəkətlər tətbiq edilməsi ilə də müşayiət oluna bilər. Belə hallarda təqsirkarın əməli hərbi xidmət əleyhinə olan cinayət kimi qiymətləndirilə bilməz və baş vermiş əməlin konkret hallarından asılı olaraq şəxsiyyət əleyhinə və ya xuliqanlıq cinayətlərinə məsuliyyət nəzərdə tutuan CM-nin müvafiq maddəsi ilə tövsif edilməlidir.
 
Apellyasiya Məhkəməsi yuxarıda şərh olunan tələbləri əsas götürmüş və Ü.E.Cəfərovun barəsində hökmdə müvafiq dəyişiklik etmişdir.
 
Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə Tutulmuş cinayətin iki və ya iki dəfədən çox törədilməsi Cinayətin təkrar törədilməsi hesab edildiyindən belə cinayətlər yalnız təkrarlığa görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməlidir
 
Sumqayıt hərbi məhkəməsinin 5 iyul 2002-ci il tarixli hökmü ilə R.İ.Heydərovun CM-nin 332.1 və 332.2.1-ci maddələri ilə ona görə məhkum olunmuşdur ki, o müxtəlif vaxtlarda, yəni fevralın 3-də və 22-də hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq onunla tabelik münasibətində olmayan sıravi əsgərlər A.İ.Cərullayevi və K.X.Xəlilovu döymüşdür. Həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən R.İ.Heydərovun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 332.1 və 332.2.1-ci maddələri ilə tövsif edilmiş və o, bu maddələrlə təqsirli bilinib Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
 
R.İ.Heydərovun müdafiəçisinin apellyasiya şikayətinə əsasən işə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 iyul 2002-ci il tarixli qərarı ilə hökm cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilmişdir.
 
Cinayət işinin materiallarından göründüyü kimi, R.İ.Heydərov müxtəlif vaxtlarda eyni xarakterli iki əməl törətmiş, yəni hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq onunla tabelik münasibətlərində olmayan sıravi əsgərlər A.İ.Cərullayevi və K.X.Xəlilovu ayrı-ayrı vaxtlarda döymüşdür.
 
Lakin təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsifi zamanı işə baxan məhkəmə nəzərə almamışdır ki, R.İ.Heydərovun törətdiyi eyni xarakterli iki cinayəti Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən təkrar törədilmiş cinayətlər kimi qiymətləndirilməli və Məcəllənin 332.2.1-ci maddəsində hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozulmasına görə məsuliyyət nəzərdə tutulduğundan onun hər iki əməli yalnız bu maddə ilə ixtisaslaşdırılmalı idi. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinin mənasına görə, təqsirkarın iki və ya daha çox eyni xarakterli cinayət törətməsi təkrarlıq tövsifedici əlamətlərin yaranmasına səbəb olduğundan və Məcəllənin və Xüsusi hissəsinin maddəsində təkrarlığa görə məsuliyyət nəzərdə tutulmuşdursa, onun birinci əməlinin ayrıca tövsifinə ehtiyac yoxdur. Qanunun bu tələbinin nəzərə alınmaması nəticəsində R.İ.Heydərov əsassız olaraq artıq cəzaya məruz qalmışdır.
 
Apellyasiya Məhkəməsi cinayət qanunu normasının yuxarıda şərh olunan tələblərini rəhbər tutmaqla R.İ.Heydərovun Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına və ona cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair hissələri hökmdən xaric etmiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş nöqsan aradan qaldırılmışdır.