Azərbaycan Respublikası Ali Məhkəməsi

İntizam kollegiyasının iş təcrübəsindən
 
İNTİZAM KOLLEGİYASININ İŞ TƏCRÜBƏSİNDƏN
 
Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası “20 aprel 2001-ci il Bakı şəhərində Kollegiyanın Sədri R.U.Məmmədovun sədrliyi, kollegiya sədrinin müavini Z.H.Hüseynov, kollegiya üzvləri Ə.M.Rüstəmov və İ.M.Nağıyevin iştirakı, S.Salahovun katibliyi ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Rasim Soltan oğlu İskəndərovun barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 3 aprel 2001-ci il tarixli qərarı əsasında başlanılmış intizam icraatına dair işə baxaraq
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Bakı şəhərinin Nəsimi rayon Məhkəməsi hakiminin 2001-ci il 27 yanvar tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin polis nəfəri, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Quliyev Arzu Hüseyn oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir.
 
Arzu Quliyev 2001-ci il yanvarın 19-da saat 17 radələrində Bakı şəhəri, 3-cü mikrorayon, A.Mustafayev küçəsində yerləşən 6 saylı bazarın qarşısında “Etimad” qəzetinin baş redaktoru Quliyev Etibar Mansur oğluna qarşı zor tətbiq edib ona xəsarət yetirməklə xuliqanlıq etməkdə təqsirləndirilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin cinayət və inzibati hüquq pozmalara dair işlər üzrə məhkəmə kollegiyası H.Talıbovun sədrliyi, R.İskəndərov və Ə.Quliyevdən ibarət tərkibdə (material R.İskəndərovun icraatında olmuşdur) 2001-ci il 19 fevral tarixdə təqsirləndirilən şəxs Arzu Quliyevin müdafiəçisinin şikayətinə baxaraq həmin tarixli qərarı ilə rayon məhkəməsinin hakimi tərəfindən seçilmiş həbs qətimkan tədbirini ləğv etmiş, Arzu Quliyevi həbsdən azad etmişdir.
 
Həmin qərardan kassasiya protesti verilmiş, lakin AR CPM-nin 157.6-cı maddəsinə əsasən bu məsələyə dair Apellyasiya instansiyası məhkəməsinin qərarı qəti olduğuna görə AR Ali Məhkəməsinin hakimi M.A.Ağazadənin 17 mart 2001-ci il tarixli qərarı ilə kassasiya protesti baxılmamış saxlanılmışdır.
 
Bununla belə, materiallardan məlum olmuşdur ki, iş üzrə qərar qəbul edilərkən Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən qanunvericiliyin təlbləri kobudcasına pozulmuş, həbsin tətbiqinin zəruriliyini təsdiq edən materiallar prokurordan tələb olunmamış, şikayətə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir.
 
Azərbaycan Respublikası Ali Məhkəməsini hakimi M.A.Ağazadə rəsmi tərtib etdiyi arayışda həmin qərarın qəbul edilməsində hakimlərin yol verdikləri qanun pozuntularını Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin nəzərinə çatdırmaqla Apellyasiya məhkəməsində material icraatında olmuş hakim R.S.İskəndərovun barəsində intizam işi başlamaq məsələsini müzakirə etməyi tövsiyə etmişdir.
 
Eyni əsaslar üzrə Azərbaycan Respublikasının Baş Prokuroru da Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə təqdimatla müraciət etmişdir.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri AR Apellyasiya Məhkəməsinin hakimləri H.H.Talıbov, R.S.İskəndərov və Ə.H.Quliyevdən rəsmi izahatlar almışdır ki, eyni məzmunlu həmin izahatlar əsasən həbs qətimkan tədbirinin dəyişdirilməsində onların haqlı olmaları barədədir. Material üzrə şikayətə baxılmasının vaxtı barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi və həbsin zəruriliyini təsdiq edən materialların ondan tələb edilməsinə dair qanunun tələbinə riayət olunmasını isə hakim R.S.İskəndərov həbs qərarından şikayətin daxil olması barədə I instansiya məhkəməsi hakimin Baş Prokurorluğa məlumat vermiş olması və belə materiala qapalı məhkəmə prosesində 3 gün müddətinə baxılmalı olması ilə izah etmişdir. İntizam Kollegiyasının iclasında da hakim R.S.İskəndərov analoji izahat verdi və əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxsin hərəkəti amnistiya aktının təsiri altına düşdüyünə görə onun barəsində həbs qətimkan tədbiri, ümumiyyətlə, seçilə bilməzdi.
 
İntizam kollegiyası hakimin izahatını dinləyib təqdim olunan materialları araşdırmaqla təqsirləndirilən şəxs Arzu Quliyevin barəsində qətimkan tədbirinin seçilməsinə və bunun dəyişdirilməsinə əsasların olub-olmamasının mahiyyətinə toxunmadan hesab edir ki, həmin materialın baxılmasında Apellyasiya İnstansiya Məhkəməsi Qanununun kobud şəkildə pozulması halına yol vermişdir ki, bu da hakim R.S.İskəndərovun barəsində intizam icraatı başlanmasına səbəb olmuşdur.
 
Əvvəla, Nəsimi rayon Məhkəməsi hakiminin qərarı bu əsasla ləğv edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 155.3 və 155.3.1-ci maddələrinə əsasən həbs və alternativ qətimkan tədbiri yalnız 2 ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq oluna bilər. Halbuki CPM-nin 155.3.2-ci maddəsinə görə CPM-nin 155.1.1-155.1.3-cü maddələrində göstərilmiş hallarda 2 ildən az müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayəti törətməkdə ittiham olunan şəxs haqqında da həbs qətimkan tədbiri tətbiq oluna bilər. Birinci instansiya məhkəməsinin hakimi təqsirləndirilən şəxs Arzu Quliyev haqqında həbs qətimkan tədbiri tətbiq olunması barədə vəsatəti təmin edərkən məhz həmin hallardan birinə istinad etmişdir.
 
Apellyasiya məhkəməsi həmin məsələyə toxunmamış, öz qərarında qanunun mənasını müəyyən dərəcədə təhrif etmişdir.
 
Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 453.3-cü maddəsinə əsasən bu növ qərarların qanuniliyinin Apellyasiya instansiyası məhkəməsində yoxlanılmasına dair məhkəmə iclasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun iştirak etmək hüququ vardır. Materiallardan isə görünür ki, işə baxılması vaxtı barədə müvafiq prokurora məlumat verilməmişdir.
 
Azərbaycan Respublikası CPM-nin 452.4.2-ci maddəsinə əsasən belə vəsatətlərə baxarkən Apellyasiya Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan həbsin tətbiqinin zəruriliyini təsdiq edən materialları tələb etməli idi. Qanunun bu tələbləri kobud surətdə pozulmuşdur.
 
Hər üç hakimin izahatlarında göstərdikləri bu növ materiallara qapalı məhkəmə iclasında baxılmalı olduğundan prokurora xəbər verilməməsi əsaslı hesab edilə bilməz. Qapalılığın proses iştirakçısına aidiyyәti yoxdur.
 
İş Apellyasiya Məhkəməsinin hakimi Rasim İskəndərovun icraatında olmaqla, iş üzrə məruzəçi də o olduğundan məhkəmə tərkibinin digər hakimləri H.Talıbov və Ə.Quliyev haqqında intizam işi qaldırılması məqsədəmüvafiq hesab edilməmişdir.
 
Yuxarıda sadalanan qanunu pozuntularına görə bilavasitə iş üzrə məruzəçi hakim Rasim İskəndərov intizam məsuliyyəti daşımalıdır.
 
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam kollegiyası haqqında əsasnamənin 6-cı maddəsinə müvafiq olaraq və “Məhkəmələr və hakimlər haqqında Qanunun 111 və 112-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası
 
Q Ə R A R A   A L I R:
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi İskəndərov Rasim Soltan oğluna töhmət elan edilsin.
 
İntizam kollegiyasının qərarından 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam komissiyasına şikayət verilə bilər.
 
Sədrlik edən:
kollegiya üzvləri:
 
 
Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam kollegiyasının
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası 15 may 2001-ci ildə Bakı şəhərində, Kollegiyanın sədri R.U.Məmmədovun sədrliyi, kollegiya üzvləri Ə.M.Rüstəmov, B.H.Əsədov və İ.M.Nağıyevin iştirakı, S.S.Salahovun katibliyi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi İskəndər Vəli oğlu Qasımovun barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 1 may 2001-ci il tarixli qərarı əsasında başlanılmış intizam icraatına dair işə baxaraq
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi İ.Qasımovun 2001-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilən Mərdanov Tahir Mərdan oğlunun işi üzrə istintaq müddətinin uzadılmasına dair Bakı şəhər prokuroru Ə.Mirsalamlının 2000-ci il 25 oktyabr, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini R.Rzayevin 2001-ci il 8 yanvar tarixli qərarları, eləcə də işin Bakı BPİ-nin İstintaq İdarəsindən alınaraq Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə verilməsinə dair Bakı şəhər prokurorunun birinci müavini S.Məmmədlinin məktubu ləğv edilərək iş üzrə toplanmış 4 cilddən ibarət sübutlar etibarsız hesab edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 2 mart tarixli qərarı ilə Xətai rayon Məhkəməsinin hakimi İ.Qasımovun həmin qərarı dəyişdirilmədən saxlanmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət və İntizibati Hüquqpozmalara dair İşlər Üzrə Məhkəmə Kollegiyasının 2001-ci il 10 aprel tarixli qərarı ilə hakim İ.Qasımovun və Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qərarları ləğv olunmuş, iş üzrə aparılmış istintaq hərəkətləri düzgün hesab edilmiş və şikayət üzrə işin icraatına xitam verilmişdir.
 
Məhkəmə kollegiyası müəyyən etmişdir ki, bu işə baxılarkən rayon məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən ciddi prosessual qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət və İnzibati Hüquqpozmalara dair İşlər Üzrə Məhkəmə Kollegiyası 10 aprel 2001-ci il tarixdə hakim İ.V.Qasımovun barəsində xüsusi qərar çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri 1 may 2001-ci il tarixdə hakim İ.V.Qasımov haqqında intizam icraatı başlamışdır.
 
Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Məhkəməsində plan üzrə icra və əmək intizamına əməl olunması vəziyyətini öyrənərkən hakim İ.V.Qasımov tərəfindən icra və əmək intizamının ciddi pozulması faktlarını aşkar etmişdir. Bu barədə rəsmi tərtib olunmuş arayış da Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyasına təqdim edilmişdir.
 
Hakim İ.V.Qasımov intizam icraatının materialları, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindәn daxil olmuş arayışla tanış olub, yazılı izahatını İntizam kollegiyasına təqdim etmişdir.
 
Yazılı izahatında olduğu kimi, hakim İ. V.Qasımov İntizam kollegiyasının iclasında da fəaliyyətində müəyyən edilən ciddi qanun pozuntularını etiraf etməyərək göstərdi ki, qəbul etdiyi qərarları o qanuni, özü barəsində çıxarılmış xüsusi qərarı isə əsassız sayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş arayışda qeyd edilən qanun pozuntularına münasibət bildirərək qeyd etdi ki, arayışda sadalanan faktlar düzgün deyildir.
 
İntizam kollegiyası hakimin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsinin izahatlarını dinləyib təqdim edilən materialları araşdırmaqla belə bir nəticəyə gəlir ki, konkret işlərin baxılmasında hakim İ.V.Qasımov tərəfindən ciddi qanun pozuntularına yol verilməsi halı tamamilə təsdiq olunur və onun barəsində intizam icraatı düzgün başlanılmışdır.
 
Belə ki, Tahir Mərdanovun cinayət işi üzrə istintaq müddətinin uzadılmasına və aidiyyət məsələsinin həllində qanun pozuntularına yol verilmişdir deyə, həmin məsələlər üzrə qəbul olunmuş qərarları istintaq aparmış müstəntiqlərin, prokurorların prosessual hərəkətlərini qanunsuz hesab etməklə hakim özü Azərbaycan Respublikası CPM-nin tələblərini kobud surətdə pozmuş, özünün səlahiyyətlərinə aid olmayan məsələyə dair şikayәti icraatına götürüb ona baxaraq qanunsuz qərar qəbul etmiş, Apellyasiya Məhkəməsi isə həmin qanunsuz qərarı dəyişdirmədən saxlamışdır.
 
Cinayət prosesini həyata keçirən orqanın hansı prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə şikayət verilməli olması Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsində konkret olaraq göstərilmişdir. Həmin maddədə cinayət işi üzrə istintaq müddətinin uzadılması barədəki qərardan və işin bir istintaq idarəsindən alınıb başqasına verilməsindən məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmamışdır.
 
Beləliklə də, məhkəmə özü prosessual qanun pozuntularına yol vermiş, işin istintaqının başa çatmasını əsassız olaraq süründürmüşdür.
 
Məhkəmə kollegiyası müəyyən etmişdir ki, yuxarıda göstərilən qanun pozuntularına təqsirləndirilən şəxsin vәkilinin əsassız vəsatətləri səbəb olmuşdur.
 
Rayon məhkəməsinin hakimi İ.Qasımov vəkilin yuxarıdakı məzmunlu şikayətini məhkəməyə aid olmadığı üçün heç icraata qəbul etməməli idi.
 
İntizam kollegiyası hesab edir ki, hakim İ.Qasımov məhkəməyə aidiyyәti olmayan şikayəti icraata qəbul edib baxmaq və əsassız qərarlar çıxarmaqla kobud qanun pozuntularına yol vermişdir.
 
Bakı şəhəri Xətai rayon Məhkəməsində icra və əmək intizamına riayət olunması vəziyyətinin öyrənilməsinin nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş arayışda qeyd edildiyi kimi, intizam kollegiyasının iclasında da təsdiq edildi ki, hakim İ.V.Qasımovun sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-7-ci maddəsinin 2-ci hissəsi ilə məhkum edilmiş M.Q.Ədilovun barəsində olan hökm kobud prosessual pozuntu ilə icraya yönəldilmişdir. Həmin hökm məhkum Q.M.Ədilova verilməsi üçün 05.02.2001-ci il tarixdə 3 saylı istintaq təcridxanasına verilmiş, məhkum Q.Ədilov 12.02.2001-ci il tarixdə hakim İ.Qasımova ərizə ilə müraciət edərək onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkum Q.Ədilovun ərizəsi Xətai rayon Məhkəməsinə 14.02.2001-ci il tarixdə olmasına baxmayaraq hakim İ.Qasımov CPM-nin 386.3 maddəsinin tələblərini pozaraq 3 saylı istintaq təcridxanasında saxlanılan məhkum Q.Ədilova məktub göndərərək, onun ərizəsinin 15 fevral 2001-ci il tarixdə daxil olmasını və hökmün qanuni qüvvəyə mindiyini əsas götürərək məhkəmə qaydasında amnistiya tətbiq edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli “Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibəti ilə Amnistiya haqqında qərarı”nın 13-cü bəndinin 1-ci hissəsində göstərilmişdir ki, bu qərar qüvvəyə mindiyi günədək icraatlarında olan baxılmamış cinayət işləri və materiallar üzrə, habelə cinayətlərinə dair işlərinə baxılsa da barələrindəki hökmlər qanuni qüvvəyə minməmiş şəxslər haqqında amnistiya aktını məhkəmə tətbiq etməlidir.
 
Hüseynov Yaşar Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.2-ci və 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində onun ittiham aktını almasına dair qəbz olmamışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, həbsdə olan məhkum İ.Hüseynova hökmün surəti Azərbaycan Respublikası CPM-nin 358-ci maddəsi ilə nəzərdə tutulan 3 gün müddətində deyil, yalnız 10 gün sonra 05.02.2001-ci ildə göndərilmişdir. Bundan sonra hakim İ.V.Qasımov növbəti pozuntuya yol verərək həbsdə olan məhkum İ.Hüseynovun 13.02.2001-ci ildə verdiyi apellyasiya şikayətini əsassız olaraq 15.02.2001-ci ildə geri qaytarmış, eyni zamanda 16.02.2001-ci il tarixli məktubla istintaq təcridxanasına hökmün icrası barədə göstəriş verərək, onun, yəni hökmün 14.02.2001-ci il tarixdən qanuni qüvvəyə minməsini bildirmişdir.
 
Arayışda hakim İ.V.Qasımovun icraatında olan bir sıra başqa cinayət və mülki işlər üzrə zəruri qərarların tərtib edilməməsi, müddət pozuntularına yol verilməsi, ittihamnamə yaxud yekun protokolunun təqsirləndirilən şəxsə verilməsini təsdiq edən qəbzlərin olmaması və bu kimi sair nöqsanların mövcud olması əsaslandırılmışdır.
 
Bütün bunlar, habelə hakim İ.V.Qasımovun kollegiyanın iclasında özünü qeyri-səmimi aparması onun barəsində intizam cəzasının tətbiq edilməsinin zəruriliyinə dəlalət edir.
 
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası haqında əsasnamənin 6-cı maddəsinə müvafiq olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 111 və 112-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası
 
Q Ə R A R A  A L I R:
 
Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hakimi İskəndər Vəli oğlu Qasımova töhmət elan edilsin.
 
İntizam kollegiyasının qərarından 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam komissiyasına şikayət verilə bilər.
 
Sədrlik edən:
Kollegiya üzvləri: