Azərbaycan Respublikası Ali Məhkəməsi

ALİ MƏHKƏMƏNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİNDƏN
 
2003-cü il mayın 16-17-də Respublikasının Lvov şəhərində Ukrayna Təbiətin qorunması üzrə Birləşmiş Millətlər Təşkilatının Proqramı çərçivəsində Ukraynanın Konstitusiya Məhkəməsi ilə birlikdə təşkil edilmiş “Ekologiya hüququnda məhkəmələrin tətbiqi, region tələblərin qiymətləndirilməsi” mövzusunda Şərqi və Mərkəzi Avropanın, Qafqaz və Orta Asiya hakimləri üçün ekologiya hüququ üzrə simpozium keçirilmişdir.
 
Simpoziumda Ali Məhkəmənin hakimi Fərhad Əliyev iştirak etmişdir. Simpoziumun məqsədi regional və milli səviyyədə fəaliyyət planının tərtib edilməsi, Mərkəzi və Şərqi Avropa regionunda ekologiya hüququ sahəsində hakimlərin imkanlarının genişləndirilməsindən ibarət olmuşdur.
 
Seminarda Ekologiya və Hüququ Komissiyasının vitse-sədri xanım Svetlana Kravçenko, Ukraynanın İnzibati Məhkəməsinin sədri Vladimir Karaban, Ukraynanın Konstitusiya Məhkəməsinin hakimi Mixail Kostiski və qeyriləri giriş nitqi ilə seminar iştirakçıları qarşısında çıxış etmişlər.
 
Seminar zamanı dünyada məhkəmə fəaliyyəti, ekologiya hüququnun imkanlarının genişləndirilməsində məhkəmə sisteminin rolu, XXI əsrin hüquq aləmində insan hüquqlarının yeri, ekologiya hüququnda məhkəmələrin rolunun artırılması, ekologiya hüququnda Konstitusiya məhkəmələrinin roluna dair mövzular üzrə müxtəlif ölkələrin hakimlərinin məruzələri dinlənilmiş, müzakirə olunan məsələlərlə bağlı geniş diskussiyalar aparılmışdır.
 
Seminarda müzakirə edilən mövzu üzrə Azərbaycan Ali Məhkəməsinin hakimi Fərhad Əliyev çıxış etmişdir.
 
Seminarın sonunda iştirakçılar tərəfindən Lvov sənədi qəbul olunmuşdur.
 
x                      x                     x
 
2003-cü il iyunun 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini cənab Hacıbala Sadiqov Niderland Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq məsələlər üzrə müşaviri cənab Syük Kaypersini və Beynəlxalq hüquq əməkdaşlığı üzrə Mərkəzin layihə rəhbəri cənab Abdelcalil Taktakı qəbul etmişdir.
 
Görüş zamanı Hacıbala Sadiqov qonaqlara respublikamızda aparılmış məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin tərkibi, strukturu, iş fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
 
Görüşdə Ali Məhkəmənin sədr müavini Ramazan Burcayev iştirak etmişdir.