Azərbaycan Respublikası Ali Məhkəməsi

RAMAZAN RƏCƏBLİ – 75
Bu günlərdə görkəmli hüquqşünas, respublika məhkəmə və ədliyyə işçiləri veteranlarından biri Rəcəbli Ramazan Babakişi oğlunun 75 yaşı tamam olmuşdur.
 
R.B.Rəcəbli 1928-ci il iyun ayının 20-də Neftçala rayonunun İkinci Qaralı kəndində anadan olmuşdur. 1948-ci ildə Xıllı qəsəbə orta məktəbini bitirən R.Rəcəbli həmin il Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir. 1953-54-cü illərdə Ağcabədi, 1954-60-cı illərdə Masallı, 1961-64-cü illərdə Füzuli rayon xalq məhkəmələrində hakim, 1964-67-ci illərdə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baş hakim işləyən R.Rəcəbli 1967-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə üzv seçilmişdir. O, 1980-ci ilə qədər həmin vəzifədə çalışmışdır.
 
1980-93-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi olmuş R.Rəcəbli sonralar yenidən Ali Məhkəməyə qayıtmış və son 10 ildir ki, Respublika Ali Məhkəməsi sədrinin köməkçisi vəzifəsində işləyir.
 
Son dərəcə məsuliyyətli, səliqəli, obyektiv və savadlı şəxs olan R.Rəcəbli bütün ömrü boyu hansı vəzifədə işləməsindən asılı olmayaraq tapşırılan işi vicdanla yerinə yetirmişdir.
 
İctimai işlərə həvəs göstərdiyindən hələ universitetdə oxuduğu illərdə hüquq fakültəsi tələbə-elmi cəmiyyətinin sədri, unuversitet üzrə tələbə-elmi cəmiyyətinin sədr müavini, daha sonralar Azərbaycan Respublikası Hüquqşünaslar İttifaqının sədr müavini olmuşdur.
 
R.Rəcəbli xalq hakimi işlədiyi bütün rayonlarda yerli hakimiyyət orqanlarına deputat seçilmiş, həmin rayonların ictimai həyatında yaxından iştirak etdiyindən ziyalıların, ümumiyyətlə, hamının dərin hörmətini qazanmışdır.
 
Şübhəsiz ki, R.Rəcəbli bir hüquqşünas, hakim kimi özünün bütün bacarığını və istedadını ədalət mühakiməsinin həyata keçirilməsinə sərf etmişdir. Onun sədrliyi ilə çıxarılan məhkəmə qərarları qanunilik, obyektivlik, savadlı tərtibatı baxımından başqaları üçün həmişə nümunə olmuşdur.
 
Hakimlik təcrübəsini həmişə gənc hakimlərlə bölüşdürməyi özünə borc bilən R.Rəcəbli yeni hüquqşünaslar nəslinin yetişməsinə layiqli töhfəsini vermişdir.
 
R.Rəcəbli bu gün də özünün səmərəli fəaliyyətini davam etdirir.
 
Bu günlərdə Ali Məhkəmənin Plenum zalında R.Rəcəblinin yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Ali Məhkəmənin rəhbərləri, iş yoldaşları onu anadan olmasının 75 illiyi və hakim kimi əmək fəaliyyətinə başlamağının 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmişlər.
 
Biz də həmin təbriklərə qoşulur və yubilyarımıza, görkəmli hüquqşünas, veteran-hakim Ramazan müəllimə cansağlığı, uzun ömür, şərəfli işində yeni uğurlar arzulayırıq.
 
Redaksiya heyəti