Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidenti:

1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri tə`yin edir;

2. Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

3. dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə tə`yin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə tə`yin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iste`fası haqqında qərar qəbul edir;

7. Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə tə`yin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə tə`yin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə tə`yin və vəzifədən azad edir;

10. Azərbaycan Respublikası Milli Bankı İdarə Hey`əti üzvlərinin vəzifəyə tə`yin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

11. Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;

12. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda hey`ətini vəzifəyə tə`yin və vəzifədən azad edir;

13. Azərbaycan Respublikası Prezidentinin icra aparatını təşkil edir və onun rəhbərini tə`yin edir;

14. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;

15. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin tə`sis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini tə`yin edir və geri çağırır;

16. xarici dövlətlərin diplomatik nümayəndələrinin e`timadnamə və övdətnamələrini qəbul edir;

17. hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;

18. referendum tə`yin edir;

19. qanunları imzalayır və dərc edir;

20. vətəndaşlıq məsələlərini həll edir;

21. siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

22. əfv edir;

23. dövlət təltifləri ilə təltif edir;

24. ali hərbi və ali xüsusi rütbələr verir;

25. ümumi və qismən səfərbərlik e`lan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

26. Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

27. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

28. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tə`yinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

29. fövqəl`adə və hərbi vəziyyət e`lan edir;

30. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə e`lan edir və sülh bağlayır;

31. Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

32. Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Azərbaycan Respublikasının Konstitusiyası,
maddə 109.