Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİ

  • Ümumi məlumatlar

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
 
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
 
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
 
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilmişdir), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
 
Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsi88-ci maddəsinin I hissəsi, 102-ci maddəsi103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi130-cu maddəsinin III-VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.

 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
 
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
 
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
 
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
 
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
 
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
 
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
 
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;
 
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
 
Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə sorğu, müraciət və ya şikayət verə bilərlər:
 
Azərbaycan Respublikasının Prezidenti;
 
Azərbaycan Respublikasının Milli Məclisi;
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti;
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi;
 
Azərbaycan Respublikası Prokurorluğu;
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
 
məhkəmələr;
 
ayrı-ayrı (fiziki və hüquqi) şəxslər;
 
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
 
Qüvvədə olan qanunvericilik aktları, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə aktları insan hüquq və azadlıqlarını pozduqda İnsan hüquqları üzrə müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
 
Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün hakimləri daxildir. Konstitusiya Məhkəməsi Plenumunun iclasları, bir qayda olaraq, Konstitusiya Məhkəməsinin sədri tərəfindən çağırılır.
 
Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.
 
Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
 
Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
 
Konstitusiya Məhkəməsinin tarixi
 
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası “Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” 14 iyul 1998-ci il tarixli, 522-IQR saylı Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilk 7 hakimini təyin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli Fərmanı ilə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması üçün zəruri məsələlər öz həllini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasında yaradılmış ali konstitusiya mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəqilliyini və Konstitusiya Məhkəməsi hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi iki ay müddətində onun yüksək statusuna uyğun olan bina, məhkəmə hakimiyyəti rəmzləri, hakimlərin xüsusi geyimləri, xüsusi avadanlıq, rabitə (o cümlədən hökumət rabitəsinin bütün növləri), nəqliyyat, digər zəruri təşkilati-texniki vasitələrlə təmin etsin; "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 92-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminə hər ay öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün 210 min manat məbləğində vergilərdən azad olunan pul təminatının verilməsi üçün vəsait ayırsın; hər il Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca maddə ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun; öz səlahiyyətləri daxilində "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bakı şəhəri icra hakimiyyətinə tapşırılsın ki, mənzili olmayan və ya mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Bakı şəhərində mənzillə təmin etsin.

3. Müəyyən olunsun ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası ərazisi hüdudlarında dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə edirlər.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 iyul 1998-ci il.

 

  • BEYNƏLXALQ ƏLAQƏLƏR
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əlaqələrə, o cümlədən xarici ölkələrin Konstitusiya Məhkəmələri ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, Çexiya Respublikası, Slovakiya Respublikası, Macarıstan Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, İspaniya Krallığı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Moldova Respublikası, Litva Respublikası, Latviya Respublikası, Qırğızıstan Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları rəsmi səfər etmişlər.
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində mütəmadi olaraq konstitusiya mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyət quruculuğu və digər müasir hüquqi məsələlərə həsr olunmuş birgə beynəlxalq seminarlar və konfranslar təşkil olunur. Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövür ərzində Konstitusiya Məhkəməsinin sədri, hakimləri və əməkdaşları ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Slovakiya, Çexiya, Polşa, İspaniya, Belçika, Rumıniya, Albaniya, Moldova, Ukrayna, Kipr, Hindistan və Cənubi Koreyaya rəsmi səfərlər etmişlər. Konstitusiya Məhkəməsinin fəaliyyətində beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirilir, Azərbaycan Republikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bundan əlavə hər-hansı hüquqi məsələyə aydınlıq gətirilməsi üçün xarici ölkələrin təcrübəsinin nəzərdən keçirilməsinə ehtiyac yarandıqda, Konstitusiya Məhkəməsinin Aparatı Avropa Şurasının Venesiya Komissiyasının Avropa Konstitusiya Məhkəmələri üçün yaratdığı operativ əlaqə vasitəsilə qısa müddət ərzində lazımi məlumat və rəyləri almaq imkanına malikdir. Venesiya Komissiyasının bütün Avropa Konstitusiya Məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya Məhkəmələrinin, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində dərc olunur. Bundan əlavə, Komissiyanın ekspertləri "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanunun və Məhkəmənin Daxili Nizamnaməsinin layihələrinə dair öz rəylərini vermişlər. Qeyd edilməlidir ki, Venesiya Komissiyası, ATƏT, GTZ-nin Bakıdakı nümayəndəliyinin dəstəyi və Avropa ekspetlərinin iştirakı ilə Konstitusiya Məhkəməsinin əməkdaşları üçün təlim kursları keçirilmişdir.
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatına tamhüqüqlu üzv seçilmişdir.