Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASININ APELLYASİYA MƏHKƏMƏLƏRİ
Apellyasiya məhkəməsi mülki, iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. (AR-nın Konstitusiyası, maddə 132).
 
Apellyasiya məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
 
Apellyasiya məhkəməsi Rəyasət Heyətindən, mülki işlər üzrə kollegiyadan, iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyadan, cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin işləri üzrə kollegiyadan ibarətdir. Apellyasiya məhkəməsinin kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
 
Apellyasiya məhkəməsi hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxildirlər.
 
Apellyasiya məhkəməsi hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
 
Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.
 
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
 
Apellyasiya məhkəməsinin Rəyasət Heyəti:
 
apellyasiya məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarının tərkiblərini təşkil edir;
 
qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;
 
Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin, məlumatlarını dinləyir;
 
apellyasiya məhkəməsində baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;
 
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.
 
Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.
 
Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
 
Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.
 
Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
 
Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
 
Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır. Apellyasiya məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri tədbirlər görür.
 
Apellyasiya məhkəməsinin kollegiyaları:
 
apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar.
 
Apellyasiya məhkəməsinin kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Apellyasiya məhkəməsinin sədri:
 
apellyasiya məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
 
Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür;
 
Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair apellyasiya məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;
 
apellyasiya məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
 
apellyasiya məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını,müəyyən edir;
 
apellyasiya məhkəməsi və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;
 
apellyasiya məhkəməsini təmsil edir;
 
apellyasiya məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;
 
Ali Məhkəmənin Plenumunda iştirak edir, həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və apellyasiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
 
apellyasiya məhkəməsi hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;
 
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
 
məhkəmə statistikasının təhlili, apellyasiya məhkəməsində baxılmış işlər üzrə məhkəmə təcrübəsindən öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
 
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir;
 
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Apellyasiya məhkəməsinin sədr müavini:
 
məhkəmə iclaslarında sədrlik edir, apellyasiya məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Apellyasiya məhkəməsi kollegiyasının sədri:
 
müvafiq məhkəmə kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;
 
məhkəmə statistikasının təhlili, apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
 
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;
 
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyasının işini təşkil edir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Apellyasiya məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası apellyasiya məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.
 
Apellyasiya məhkəməsinin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Apellyasiya Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.