Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİ
 
Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. (AR-nın Konstitusiyası, maddə 131).
 
Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
 
Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər.
 
 
Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyalarından ibarətdir.
 
Ali Məhkəmədə mülki işlər üzrə, iqtisadi mübahisələrə dair işlər üzrə, cinayət işləri üzrə və hərbi məhkəmələrinin işləri üzrə məhkəmə kollegiyaları təşkil edilir.
 
Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-Məsləhət şurası fəaliyyət göstərir.
 
Ali Məhkəmədə hakimlərdən ibarət tərkibdə intizam kollegiyası təşkil edilir.
 
Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin sədrindən, onun müavindən, kollegiya sədrlərindən və hakimlərdən ibarət tərkibdə fəaliyyət göstərir. Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
 
Ali Məhkəmənin Plenumu:
 
Azərbaycan Respublikası məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin mə'lumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin mə'lumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;
 
Ali Məhkəmə sədrinin təklifinə əsasən Ali Məhkəmənin kollegiyalarının tərkibini təşkil edir və hakimləri kollegiyalar üzrə müəyyən edir;
 
Ali Məhkəmə sədrinin təqdimatına əsasən Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;
 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir;
 
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası hakimlərinin vəzifədən kənarlaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxır və müvafiq rə'yi sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edir;
 
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir; qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə və yaxud hüquq və azad- lıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır; Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə müraciət etmək barədə məsələlərə baxır və qərar qəbul edir; Azərbaycan Respublikası hakimlərinin andını qəbul edir; qanunvericiliklə müəyyən edilmiş hallarda MəhkəməHüquq Şurasının qərarlarından verilmiş şikayətlərə baxır; Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır. Ali Məhkəmənin sədri Ali Məhkəmənin Plenumunun iclaslarına sədrlik edir. Ali Məhkəmənin Plenumunun iclaslarında apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru və müvafiq icra hakimiyyəti orqanının rəhbəri iştirak edirlər. Ali Məhkəmənin Plenumunun iclaslarında əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərin baxılmasında müdafiə tərəfin iştirakı tə'min edilir. Ali Məhkəmənin Plenumunun iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.
 
Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Plenumun üzvlərinə və Plenumda iştirak edən digər şəxslərə Plenuma ən geci 10 gün qalmış mə'lumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
 
Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Plenumun iclası səlahiyyətli sayılır. Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Ali Məhkəmənin Plenumunun üzvləri məhkəmə işləri üzrə səsvermədə bitərəf qala bilməzlər. Ali Məhkəmənin Plenumuna sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir. Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər, həmçinin Ali Məhkəmənin sədri məhkəmə qərarlarından əlavə kassasiya qaydasında və yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna verdiyi təqdimatlarla əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmirlər.
 
Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır. Ali Məhkəmənin aparatı Plenumunun iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını tə'min edir, Plenumun qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür.
 
Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə məhkəmə qərarları, bəraət hökmü, bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları səsvermədə iştirak edən Plenum iştirakçılarının üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.
 
Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə baxılır:
 
apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;
 
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin apellyasiya instansiyası məhkəməsi kimi baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;
 
qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə.
 
Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Ali Məhkəmə səlahiyyətinə aid edilmiş işlərə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hədlərdə kollegiyaların iclaslarında baxır.
 
Məhkəmə kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
 
Məhkəmə kollegiyalarının işinə rəhbərliyi kollegiyaların sədrləri həyata keçirirlər.
 
Ali Məhkəmə kollegiyasının sədri:
 
müvafiq məhkəmə kollegiyasının iclaslarında sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;
 
işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri və başqa vəzifələri bölüşdürür;
 
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
 
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;
 
Ali Məhkəmənin Plenumunda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
 
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
 
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması sahəsində kollegiyanın işini təşkil edir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Ali Məhkəmə sədrinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
 
Ali Məhkəmənin sədri: Ali Məhkəmənin işinin təşkilinə və onun katibliyinin işinə rəhbərlik edir, Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını tə'min edir;
 
Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, kollegiyalar arasında işləri və başqa vəzifələri bölüşdürür;
 
Ali Məhkəmənin hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin Plenumuna təkliflər verir;
 
Ali Məhkəmə katibliyinin işçilərini işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələrini həll edir;
 
Ali Məhkəmə katibliyinin strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir;
 
Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;
 
məhkəmələrdən işləri tələb edir;
 
qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir;
 
qanunla müəyyən edilmiş hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna təqdimatlar verir;
 
Ali Məhkəməni təmsil edir;
 
Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir,
 
Plenumun qərarlarını və iclas protokollarını imzalayır;
 
Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair mə'lumat verir;
 
Ali Məhkəmənin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;
 
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
 
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir; şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
 
Ali Məhkəmə sədr müavini:
 
məhkəmə iclaslarına sədrlik edir, Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.