Azərbaycan Respublikası Ali Məhkəməsi

ƏSİR, GİROV VƏ İTKİN DÜŞMÜŞLƏR
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 4852 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 54 nəfəri uşaq, 323 nəfəri qadın, 410 nəfəri qocalardır. (01.02.2005-ci il tarixə olan statistikaya görə)
 
1988-2005-ci illərdə 1368 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilmişdir. Bunlardan 169 nəfəri uşaq, 338 nəfəri qadın, 286 nəfəri qocalardır.
 
Təkzibolunmaz faktlar göstərir ki, itkin düşmüş 4852 vətəndaşdan ən azı 783 nəfəri (18 nəfər uşaq, 46 nəfər qadın, 69 nəfər qocalar) ermənilər tərəfindən əsir, yaxud girov götürülmüş, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmişdir. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilmişdir.
 
Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və BQXK bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair faktları təsdiq edirlər.
 
Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, qeyd olunan siyahıdakı şəxslərin böyük əksəriyyəti erməni əsirliyində öldürülmüş, yaxud işgəncə və xəstəliklərdən vəfat etmiş, az bir hissəsi isə indi də gizlədilərək Ermənistanda və işğal olunmuş ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunurlar.