Azərbaycan Respublikası Ali Məhkəməsi

ERMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINA TƏCAVÜZÜNÜN QURBANI OLMUŞ QADINLAR VƏ UŞAQLAR BARƏDƏ ARAYIŞ
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, erməni tərəfi "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozur, Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə qırılması, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.
 
1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı ermənilər Qarabağlı kəndindən girov götürdükləri 117 nəfər dinc sakini Xankəndinə apararkən yolda onların 76 nəfərini güllələmiş, onlardan 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olmuşdur. Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun "Tunel" adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla birlikdə yandırılmışdır. Bu günahsız soyqırım qurbanlarının az qala yarısı qadınlar və uşaqlar idi. Erməni vandalizminin ən bariz nümunələrindən olan və təəssüf ki, bütün dünyanın göz yumduğu Xocalı soyqırımı zamanı erməni və rus yaraqlılarının qətlə yetirdikləri 613 nəfər Xocalı sakinin 63 nəfərini azyaşlı uşaqlar, 106 nəfərini isə müxtəlif yaş həddində olan qadınlar təşkil edirdi. Hadisədən sonra əldə olunmuş bəzi meyitlərin xarici müayinəsi məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa, girovluqdan qaçmağa müvəffəq olmuş sakinlərin ifadələrinə, eləcə də digər dəlil sübutlara əsasən, ermənilər ələ keçirdikləri dinc sakinlərə ən ağlasığmaz işgəncələr verir, onlara qarşı sözün həqiqi mənasında vəhşilik nümayiş etdirirmişlər.
 
Meyitləri qaytarılmış Məmmədova Tamara Səlim qızının, Dadaşova Əsli Bəbir qızının, Hümbətova Ənahət Eldar qızının, Nurəliyeva Dilarə Oruc qızının, Beybutova Səriyyə Yusif qızının və başqalarının gözləri çıxarılmış, döşləri kəsilmiş, dişləri çəkilmiş, cinsiyyət üzvlərinə atəş açılmışdır. Kərimova Firəngül Məhəmməd qızının gözləri çıxarılmaqla, qulaqları və döşləri kəsilməklə yanaşı, bütün bədəni tikə-tikə doğranmışdır. Həsənova Fitat Əhəd qızına, Həsənova Gülçöhrə Yaqub qızına, Abışova Məruzə Məhəmməd qızına, Əmirova Mahı Bəbir qızına, Orucova Xəyalə Telman qızına, Rəhimova Şövkət Şükür qızına, Behbutova Sürəyya İbrahim qızına, Cəfərova Rəfiqə İman qızına və onlarla, yüzlərlə digər qadınlara dəhşətli işkəncələr verilmişdir. Onlar zorlanmış, dişləri mismar kəlbətini, çəngəl, boltaçanla və s. çıxarılmış, döş qəfəsləri soyulmuş, yandırılmış, süngü ilə dəlik-deşik edilmiş, ağır hərbi texnikanın altında qoyularaq əzilmişlər.
 
Ümumiyyətlə, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddialı təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülmüş, qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Təcavüz nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş 4844 nəfər (01.03.2005-ci il tarixə olan məlumat) Azərbaycan vətəndaşından 321 nəfərini qadınlar, 54 nəfərini uşaqlar, əsir götürülməsi faktı ermənilər tərəfindən danılan 783 nəfər (Dövlət Komissiyasında onların ermənilər tərəfindən əsir və girov götürülməsi və saxlanma yerlərini təsdiq edən məlumatlar var) Azərbaycan vətəndaşından 46 nəfərini qadınlar, 18 nəfərini isə uşaqlar təşkil edir. Bu günə qədər erməni əsirliyindən azad edilmiş 1368 nəfərdən (01.03.2005-ci il tarixə olan məlumat) 338 nəfəri qadın, 169 nəfəri uşaqlardır. Bundan başqa aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq girovluqda ən vəhşi metodlarla öldürülmüş, ömürlük fiziki və mənəvi şikəst edilmişlər:
 
- Xocalı sakini Hümbətov Cəlil Hümbətəli oğlu təsdiq edir ki, ermənilər şəhəri işğal edərkən bütün ailə üzvləri ilə birlikdə həyat yoldaşı Firuzəni, qızı Sümuzəri və gəlini Südabəni onun gözləri qarşısında güllələyib öldürmüşlər.
 
- Xocalının işğalı zamanı girov götürülmüş və indiyə qədər taleyi naməlum olan Məmmədovlar ailəsinin 6 nəfər üzvündən 3-ü Məmmədova Səltənət Zülal qızı, Məmmədova Lətifə İbad qızı, Məmmədova Şövkət İbad qızı - qadındır.
 
- Xocalının işğalı zamanı bütün ailəsi ilə girov götürülmüş Səlimova Tamilə, azyaşlı oğlu Səlimov Xəzər Səyavuş oğlunu ayırıb aparmaq istəyən ermənilərin onu döyməsinə baxmayaraq balasına sarılmış, lakin ermənilər balasından əl çəkməyən ananı da oğlu ilə birlikdə sürüyüb naməlum istiqamətə aparmışlar.
 
- Ağdam rayonunun Yusifcanlı kəndinin sakini Həsənov Əliağa Kərim oğlu təsdiq edir ki, girov götürüldükdən sonra erməni nəzarətçiləri onun həyat yoldaşı Həsənova Kəkliyə dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
 
- 18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü İbişov Taleh Mədət oğlunun bildirdiyinə görə, ermənilər bacısı - 1967-ci il təvəllüdlü İbişova Yeganə Mədət qızını onların gözləri qarşısında vəhşicəsinə öldürmüşlər.
 
- Kəlbəcər rayonunun işğalı zamanı, 31 mart 1993-cü il tarixdə bütöv bir nəsli təşkil edən bir neçə ailə UAZ 469, QAZ-52 və KAMAZ markalı maşınlarla doğma yurdlarından çıxarkən "Tunel" deyilən yerdə ermənilər tərəfindən atəşə tutulmuşdur. Maşında olan dinc sakinlərin bir hissəsi yerindəcə güllələnmiş, sağ qalan 60-a yaxın şəxs isə girov götürülmüşdür. Həmin adamların bir hissəsinin taleyi bu gün də naməlumdur. Onların içərisində aşağıdakı qadın və uşaqlar var:
 
- Alışova Vəsilə Cəfər qızı - 1976-cı ildə doğulub
- Alışova Qumru Qəmbər qızı - 1973-cü ildə doğulub
- Alışova Cahan Məşədi qızı - 1937-ci ildə doğulub
- Cəmilova Məsmə Hidayət qızı - 1969-cu ildə doğulub
- Əliyev Tural Nadir oğlu - 1982-ci ildə doğulub
- Əliyeva Qənirə Zülfüqar qızı - 1975-ci ildə doğulub
- Əliyeva Nüşabə Məhəmməd qızı- 1950-ci ildə doğulub
- Quliyev Məzahir Qara oğlu - 1983-cü ildə doğulub
- Quliyev Yaşar Qara oğlu - 1981-ci ildə doğulub
- Quliyeva Aygün Qara qızı - 1990-cı ildə doğulub
- Zeynalov Hafiz Davud oğlu - 1984-cü ildə doğulub
- Zeynalova Təranə Davud qızı - 1965-ci ildə doğulub
- Zeynalova Röya Abbasəli qızı - 1959-cu ildə doğulub
- Zeynalova Qədəmkar Salman qızı - 1936-cı ildə doğulub
 
- Məmmədova Məhbubə Həmdi qızı oğlu İlqarla birlikdə ermənilər tərəfindən girov götürülmüş, ananın gözləri qarşısında İlqarın burnu sındırılmış, ağzına yanar siqaret soxulmuş, uşağın gözləri qarşısında isə qadın və qızlar erməni hərbçiləri tərəfindən zorlanmış, azərbaycanlıların başları kəsilmişdir.
 
- Əmralıyeva Arzu Binnət qızı Kəlbəcər rayonu işğal olunan vaxt bir yaşlı uşağı və 30 nəfər qohum-əqrabası ilə qaçarkən erməni hərbçiləri tərəfindən yaxalanmışdır. Ermənilər hamısını aparmağa maşında yer olmadığı üçün son dərəcə soyuqqanlılıqla girovların 19 nəfərini, o cümlədən, Arzunun həyat yoldaşını, qaynını, baldızını, qaynatasını, anasını, bacısını, əmisi arvadını, qonşularını güllələmişlər.
 
- 63 yaşlı Cəfərova Məryəm Zinyətovna Zəngilan şəhəri erməni hərbi birləşmələri tərəfindən işğal olunan zaman həm iqtidarsızlığından, həm də milliyətcə tatar olduğundan ermənilərin ona dəyməyəcəklərini güman edib qaçmamış, ermənilər isə onu döyə-döyə girovluğa sürükləmiş, dörd ay ərzində onu dəhşətli işgəncələrə məruz qoymuşlar.
 
- Şirinova Şərqiyyə Rza qızı Ağdam rayonunun işğalı zamanı öz evindən girov götürülmüş, gözlərinin qarşısında onun evi qarət edilmiş, pulu və qızıl əşyaları əlindən alınmış, təxminən yetmiş yaşında olmasına baxmayaraq 8 qızıl dişi mismar kəlbətini ilə iynəsiz (keydirilməmiş) çəkilmiş, o huşunu itirənədək döyülərək əsirliyə aparılmış və burada altı ay davamsız işgəncələrə məruz qalmışdır.
 
- Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə birlikdə girov götürülmüş Quliyeva Səmayə Məmməd qızı BQXK-nin nəzarətində olmasına baxmayaraq ermənilər tərəfindən zorakılıqlara məruz qalmış, bir ildən artıq vaxt ərzində daim soyuq su ilə işləməyə vadar edildiyindən vərəm xəstəliyinə tutulmuş, lakin ona heç bir tibbi yardım göstərilmədiyindən xəstəliyi inkişaf edib vərəmin açıq formasına keçmiş, onun uşaqları da bu xəstəliyə mübtəda olmuşlar.
 
- Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Məmmədova Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova Sara Miriş qızı girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cürə ağır işgəncələrə tablamayaraq əsirlikdə ölmüşlər.
 
- 15 yaşlı Məmmədova Nəzakət İsrafil qızı Şuşa şəhərinin işğalı zamanı atası ilə birlikdə girov götürülmüşdür. Uzun müddət uşağın gözü qarşısında atasının heysiyyətinə toxunulmuş, ləyaqəti alçaldılmış, döyülüb incidilmiş, qulağı kəsilmiş, qızmar dəmirlə bədəni dağlanmış, bir sözlə, ömürlük mənəvi və fiziki şikəst edilmişdir. Yalnız bütün bunlardan sonra ermənilər atanı buraxmış, qızı isə daha bir neçə ay girovluqda saxlayaraq ona dəhşətli işgəncələr vermiş, ata-anası ermənilər tərəfindən bitib-tükənməyən şantajlara, tələb və hədə-qorxulara məruz qalmış, nəhayət Nəzakət Məmmədova 1993-cü ilin aprel ayında dörd milyon rus rubluna ailəsinə satılmışdır.
 
- Ağdam rayonunun işğalı zamanı Əliyevlər ailəsinin 6 üzvü, o cümlədən iki uşaq və iki qadın girov götürülmüşdür. Ermənilər heç bir səbəb olmadığı halda Xaqani Əliyevin qaynatasını və səkkiz yaşlı oğlunu güllələyib öldürmüş, həyat yoldaşı Könül Əliyevanı güllə ilə vurub ömürlük şikəst etmişlər. Ən acınacaqlısı isə odur ki, ermənilər yaraladıqları 3 yaşlı Şövqü Əliyevin qolunu müalicə etmək əvəzinə onun bazu sümüyünü əzələ qatı ilə birlikdə ehtimal ki, transplantasiya məqsədi ilə kəsib götürmüş, uşağı ömürlük şikəst etmişlər.
 
- Girov götürüləndə iki yaşı olan Nurlanə Kərimova ömrünün erməni girovluğunda keçmiş dörd ayı ərzində qolundan və başından aldığı ciddi zədələrdən görmə qabiliyyətini itirmişdir. Lakin balaca Nurlanənin ən böyük və ömürlük itkisi özünün və övladının başına açılan vəhşi oyunlara, çəkdiyi hədsiz mənəvi və fiziki təhqirlərə dözə bilməyən anasının ölümü olmuşdur. Səmayə Kərimova müntəzəm alçaldılmalarla o həddə çatdırılmışdır ki, ana iki yaşlı balasını taleyin ümidinə buraxaraq iki dəfə intihara cəhd edərək venasını kəsmiş və nəhayət haradansa tapdığı zəhəri içib özünü öldürmüşdür.
 
- 15 yaşlı Quliyeva Ofelya Əli qızı Kəlbəcər rayonunun işğalı zamanı sol qolundan güllə yarası almış halda girov götürülmüşdü. Baxımsızlıq və müalicə aparılmaması səbəbindən Ofelyanın həmin qolu fəaliyyətdən qalmışdır. BQXK-nin qeydiyyatında olmasına və qolunun şikəstliyinə rəğmən, Ofelya nəinki girovluqdan azad edilməmiş, əksinə, erməni nəzarətçisi avtomat atəş ilə onun qarnı və sağ qolunu da yaralamışdır. Həmin qolundan da şikəst olmuş Ofelya yalnız bir il yarımdan sonra erməni əsiri ilə dəyişdirilmişdir.
 
- Yerevan şəhərindən Xocalıya qaçqın düşmüş Məmmədova Narxanım Heydərəli qızı burada da rahat həyat tapa bilməmişdir. Ermənilər onun evini dağıtmış, var-dövlətini qarət etmiş, qonşusu Sara Yusifovanı, onun beş yaşlı qızı Natəvanı öldürmüş, Narxanımın üç oğlunu və həyat yoldaşını yaralayıb hamısını girov aparmışlar. Əskəran rayonunda saxlanmış Narxanımın pul və qızıllarını əlindən almış, uşaqlarının gözü qarşısında ona ağlagəlməz işgəncələr verilmişdir.
 
- Ağdam rayonunun keçmiş sakini, milliyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdonvanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən necə vəhşicəsinə öldürülüb yandırıldığının şahidi olmuş, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti görmüşdür. Onların bədənləri və sir-sifətləri tanınmaz hala salınıbmış. Bundan əlavə, Vladimir Şevelyovun şahidliyinə əsasən ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərləri isə yoxa çıxmışdır.
 
- Ağdamlı Şirinova Şərqiyyə Rza qızı girov götürüləndə altmış yaşında idi. Kimsəsiz olduğundan qaça bilməmişdi. Ermənilər Şərqiyyə Şirinovanı öz evində girov götürərək onun evini qarət etmiş, qadını bir həftə maşın qarajında quruca yerdə saxlamış, sonra Xankəndi hərbi hissəsinə aparmışlar. Hərbi hissədə onu da digər azərbaycanlı əsir və girovlar, əsasən kişilərlə birlikdə hər gün gecə saat 2-3 radələrində yerlərindən qaldıraraq soyundurub rezin dəyənəklə, yumruqla, təpiklə, armaturla, ağac parçaları ilə döyür, soyuq suda saxlayır, bədənində yanar siqaret söndürürmüşlər və s. Ermənilər dəfələrlə Şərqiyyə Şirinovanın bədənini çapıb qanına qəltən etmiş, başını yarmış, 8 dişini mismar kəlbətini ilə çıxarmış, yaşlı qadına qarşı insanlığa yaraşmayan hərəkətlər etmişlər.
 
- 31 mart 1993-cü il tarixdə Kəlbəcər rayonunun Kilsəli kənd məktəbinin direktoru Aslan Mirzəyev südəmər uşaqlı qızı Afəti və kənd sakinlərini - cəmi 25 nəfəri məktəbin QAZ-52 markalı maşınına yığıb kənddən çıxarkən yolda ermənilər tərəfindən heç bir səbəb olmadan gülləborana tutulmuşlar. Maşındakılardan 15 nəfəri müxtəlif dərəcədə güllə yarası almış, azyaşlı Quliyev İslam Məhəmməd oğlu, 63 yaşlı Aslan Mirzəyev, onun qızı Afət, 8 yaşlı Məmişov Tahir Ələsgər oğlu aldıqları yaradan yerindəcə ölmüşlər. Afətin girovluğa aparılmış 11 aylıq oğlu Babəkin başındakı güllə yarasına tibbi yardım göstərilmədiyindən onun gözləri kor olmuşdur.
 
- Dadaşova Zəminə Göyüş qızı ermənilərə girov düşəndə 15 yaşında idi. Aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş, bədəndə çürümə prosesi başlamışdı. BQXK-nin təkidləri nəticəsində aparıldığı Yerevan xəstəxanasında onun üzərində qəsdən elə cərrahiyyə əməliyyatı aparılmışdır ki, hazırda qızın sol qolu işləmir. Onun döşünün biri bütövlükdə, digəri isə yarıdan kəsilmişdir. Girov götürülən zaman isə, ermənilər Zəminə Dadaşovanın atası Göyüş kişini və yaşlı nənəsi Qonça İbadovanı elə evlərində qətlə yetirmişdilər.
 
- Erməni əsirliyindən qayıtmış Zeynalov Niyaz Balay oğlunun gözələrinin qabağında ermənilər onun anası Zeynalovıa Nübar Kərim qızını, qohumu Zeynalova Səriyyə Tağı qızını, Mədətova Yeganə Dadaş qızını və Əhmədov Mövsüm Əbdülrəhim oğlunu diri-diri yandırmışlar.
 
- 12 yaşlı Həsənov Şahin Arif oğlu Hadrut rayonunun Binəli kəndi yaxınlığında mal-qara otararkən ermənilər tərəfindən tutulmuş, sol əlinin barmaqları taxılsəpən maşının şkifinin arasında qoyularaq şikəst edilmiş, 53 yaşlı Əliyeva Dilarə Oruc qızı ayağı yaralı olduğuna görə ermənilərin "qalx" əmrini yerinə yetirməyə ləngidiyindən yerindəcə güllələnmişdir.
 
- Əsirlikdən qayıtmış Məmmədova Gülöyşə Bəxtiyar qızının ifadəsinə görə, onlar girov götürülərkən ermənilər on birinci sinif şagirdi Məmmədov Zahir Ramiz oğlunu yerindəcə güllələyib öldürmüşlər. Əbdülov Yelmar İskəndər oğlu isə Əskəran polisində qətlə yetirilmişdir. İşğalçılar burada yüzdən artıq girovu kiçik bir kamerada saxlayaraq hər cürə işgəncələrə məruz qoymuşlar. Həmin adamların, xüsusilə də qadın və uşaqların əksəriyyəti geri qaytarılmamışdır. O cümlədən 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı öz ev-eşiyindən qaçqın düşmüş İbrahimova Fatmanın həyat yoldaşı qətlə yetirilmiş, özü naməlum istiqamətə aparılmış, uşağı sahibsiz qalmış, Əbdülov Yelmarın 15 yaşlı oğlu Zahid isə Əsgəran polisində saxlanmışdır. Onun sonrakı taleyi məlum deyil.
 
- 51 yaşlı Paşayeva Kübra Adil qızının gözünün qabağında ermənilər onun girov götürdükləri həyat yoldaşı Şura Tapdıq oğlunu, oğlu Eldənizi avtomat silahla, qonşusu Surxayı başına mismar çalmaqla qətlə yetirmiş, Eyvazov Hidayət Əli oğlunun qollarını bağlayaraq başının üstündən tank sürərək öldürmüşlər. Kübra Paşayeva Xocalı şəhərindən olan Vidadi, Qaladərəsi kəndindən olan 16 yaşlı Taleh və daha adını bilmədiyi beş nəfər 6-8-yaşlı körpə uşağın Ağdam məscidində gətirilərək orada diri-diri başlarının kəsilməsinin şahidi olmuşdur.
 
- Şahidlərin ifadələrinə görə, susuz qalan uşaqlara ermənilər su əvəzinə sidik, yemək əvəzinə isə sidikilə qarışdırılmış jımıx (mal-qara yeməyi) verirmişlər. Ermənilər öldürülmüş azərbaycanlıların qızıl dişlərini çıxarır, üstlərindəki qızıl əşyalarını qarət edirmişlər.
 
- Zirzəmidə saxlandıqları müddətdə ermənilər cavan qızları və gəlinləri ayırıb, başlarını divara vurub huşsuz vəziyyətə salaraq naməlum istiqamətdə aparmışlar.
 
Yuxarıda qeyd olunanlar ermənilər tərəfindən törədilmiş cinayət faktlarının az bir hissəsidir.