Azərbaycan Respublikası Ali Məhkəməsi

BAŞ REDAKTORDAN
Hörmətli oxucular!
 
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə doğma respublikamız inkişaf edir və möhkəmlənir. Ölkəmizdə demokratik və hüquqi dövlət qurulur. İlk dəfə olaraq məhkəmələr dövlət hakimiyyətinin üç müstəqil qolundan biri elan olunmuş, cəmiyyətdə insan və vətəndaş hüquq və azadlıqlarının tam təmin olunması üçün əsaslı tədbirlər görülmüşdür. Son 10 ildə dövlətimizin əsas qanunu – Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat aztarış fəaliyyəti haqqında” və s. qanunlar, eləcə də 15 məcəllə qəbul edilmişdir.
 
Ölkəmizdə məhkəmə-hüquq islahatı həyata keçirilmişdir.
 
2000-ci ilin yayında hakimiyyətin müstəqil bir qolu olan məhkəmələr ilk dəfə olaraq beynəlxalq meyarlara əsasən yazılı testimtahanları və şifahi müsahibələrdən keçmə yolu ilə seçilmiş hakimlərdən formalaşdırılmış, məhkəmə sisteminin üç pilləliyi və müstəqilliyi təmin edilmiş, bu proses şəffaf və ictimaiyətin nümayəndələrinin nəzarəti altında keçirilmişdir. Məhkəmələrin maddi-texniki bazası möhkəmləndirilmiş, yeni məhkəmələr yaradılmış, hakimlərin sosial müdafiələri əsaslı surətdə gücləndirilmişdir. Bütün bunlar ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün zəmin yaratmışdır.
 
Keçirilmiş məhkəmə hüquq islahatı ölkəmizdə insan hüquqlarının qorunmasına, demokartiyanın genişləndirilməsinə və azad vətəndaş cəmiyyətinin bərqərar olmasına xidmət edir. Hüquqi dövlət quran bir cəmiyyətdə məhkəmə orqanlarının fəaliyyəti ədalət mühakiməsini həyata keçirməklə yanaşı, əhalinin hüquqi biliklərinin artırılması və hüquq mədəniyyətinin yüksəldilməsinə də yönəldilmişdir.
 
Məhkəmə hakimiyyəti sahəsində həyata keçirilən tədbirlər “Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni”in” yaranmasını zəruri etmişdir.
 
Bülletendə məhkəmələrin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Milli Məclisin Qanun və Qərarlarının, Ali Məhkəmə Plenumunun qərarlarının, Ali Məhkəmənin intizam kollegiyasının və Komissiyasının bəzi qərarlarının, Ali Məhkəmənin sorğusuüzrə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların dərc olunması nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən qanunvericiliyin dürüst və eyni cür tətbiqini təmin etmək məqsədi ilə Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmələrin nəticələrinə dair icmal məktubları, habelə Apellyasiya məhkəmələrinin respublikada vahid məhkəmə təcrübəsiin formalaşmasına xidmət edən və aşağı məhkəmələr üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər üzrə kollegiya qərarları və icmal məktublar da Bülletendə dərc ediləcəkdir.
 
Oxucular cinayət və mülki işlərə dair Ali Məhkəmənin kollegiyalarında baxılan və məhkəmə təcrübəsi üçün xüsusi əhəmiyyət kəsb edən konkret işlər üzrə məhkəmə qərarları ilə də Bülletendə belə qərarların şərhi də veriləcəkdir.
 
Bülletendə məhkəmələrin tarixi keçmişindən və arxiv materiallarından istifadə olunacaq, məhkəmələrin beynəlxalq əlaqələri və xarici ölkə hakimləri ilə keçiriilən görüşləri barədə məlumat veriləcəkdir.
 
Bülletenin nəşrində respublikamızın tanınmış hüquqşünas alimlərinin, hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarının iştirakı təmin ediləcəkdir.
 
Məlumat üçün oxuculara bildiririk ki, bundan əvvəldə Ali Məhkəmə tərəfindən “Bülleten” buraxılmasına cəhd göstərilmişdir. Əlimizdə 1964-cü ildə çapdan çıxmış məcmuənin yalnız birinci nömrəsi vardır. Görünür müəyyən səbəblərdən məcmuənin sonrakı nömrələrini buraxmaq mümkün olmamışdır.
 
Nəzərdə tutulmuşdur ki, Bülleten hər iki ayda bir dəfə nəşr ediləcəkdir. Əminik ki, Bülleten oxucular arasında hörmət qazanacaq, birinci növbədə məhkəmə və istintaq orqanları işçilərinin stolüstü vəsaitinə çevriləcəkdir.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin ilk sayının çapdan çıxması münasibətilə respublikamızın hüqqu ictimaiyyətini təbrik edir, Bülletenin yaradıcı kollektivinə yeni-yeni uğurlat diləyirəm.
 
Hörmətlə,
Südabə Həsənova