Azərbaycan Respublikası Ali Məhkəməsi

CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
1.Məhkumun əməli yeni qanunvericilikdə cinayət təqibinə səbəb olmadığından məhkəmə qərarları ləğv edilməklə işin icraatına xitam verilmişdir.
 
Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2000-ci il 12 may tarixli hökmünə əsasən yetkinlik yaşına çatmayan, əvvəllər oğurluq üstündə 5 il sınaq müddətinə azadlıqdan şərti məhrum edilmiş İsayev Seyran İsa oğlu Azərbaycan Respublikası CM-nin93.3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 39-cu maddəsinə əsasən əvvəlki hökmlə təyin olunmuş cəzanın 4 ili yeni təyin olunmuş cəzaya qismən toplama yolu ilə birləşdirilərək oan qəti cəza olaraq 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
 
Məhkumun şikayətinə əsasən işə baxan keçmiş Bakı Şəhər Məhkəməsi CİÜMK-nin 7 iyun 2000-ci il tarixli qərardadı ilə hökm dəyişdirilmədən saxlanılmışdır.
 
S.İsayev ona görə məhkum olunmuşdur ki. əvvəllər oğurluq üstündə məhkum olunmasına baxmayaraq təkrarən 09 mart 2000-ci ildə Bakı Dəmir yol vağzalı qarşısındakı meydanda vət. R.Məlkovanın gödəkçəsinin cibindən qiyməti 5000 manat olan pul kisəsini və pul kisəsindəki 70.000 manat pulu gizli yolla oğurlamaqla zərərçəkmişə 75000 manat ziyan vurmuşdur.
 
Məhkum S.İsayevin kassasiya şikayətinə əsasən işə baxan kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, aşağıdakılara görə iş üzrə çıxarılan hökm və qərardad ləğv edilməklə işin icraatına xitam verilməlidir.
 
2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 93.3-cü maddəsi ilə nəzərdə tutulan gizli oğurluqdan ibarət cinayət əməli hazırda qüvvədə olan CM-nin 177-ci maddəsi ilə tövsif edilir. Qüvvədə olan CM-nin 177-ci maddəsinə görə gizli oğurluq üstündə o vaxt cinayət məsuliyyəti yaranır ki, əmlakın mülkiyyətçisinə şərti maliyyə vahidinin otuz mislindən yuxarı ziyan vurulmuş olsun. Hazırda şərti maliyyə vahidi 5500 manat olduğundan oğurluqdan ibarət əməlin cinayət hesab edilməsi üçün əmlakın dəyəri 165.000 manatdan aşağı ola bilməz.
 
Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinə görə əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran cinayət qanununun geriyə qüvvəsi vardır. S.İsayevin oğurladığı əmlak 165.000 manatdan az, yəni 75.000 manat olduğundan o, törətdiyi əməli üçün cinayət məsuliyyəti daşıya bilməz. Belə hallarda, o, yalnız İnzibati Xətalat Məcəlləsinin 69-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilərdi.
 
Qeyd edilənlərə əsasən AR Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara dair İşlər Üzrə Məhkəmə Kollegiyası AR CPM-nin 419-cu maddəsini rəhbər tutaraq S.İsayev haqqında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 may 2000-ci il tarixli hökmünü və onunla əlaqədar Bakı şəhər Məhkəməsi Cinayət işləri üzrə məhkəmə kollegiyasının 07 iyun 2000-ci il tarixli qərardadını ləğv etməklə S.İsayevin əməlində cinayət tərkibi olmadığına görə işin icraatına xitam vermişdir.
 
2.Məhkəmə ibtidai istintaqın ilkin mərhələsində şübhəli şəxslərin müdafiə hüquqlarının pozulması ilə alınan ifadələrin sübut kimi qəbul edilib-edilməməsini müzakirə etməlidir.
 
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi hazırlıq iclasının 2002-ci il 16 iyul tarixli qərarı ilə Ş.Ağabalayevin AR CM-nin 144.3, 234.1-ci maddələri, E.Həsənov, A.Əmirova, E.Süleymanov və Ə.Şərifovun AR CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbrliyi həyata keçirən prokurora qaytarılmışdır.
 
Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin apellyasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi özünün ilkin baxış iclasının 30.08.02-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və cinayət işi hazırlıq iclası mərhələsindən yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
 
Təqsirləndirilən şəxslərdən E.Süleymanov və Ə.Şərifovun müdafiəçiləri tərəfindən verilən kassasiya şikayətlərində Apellyasiya Məhkəməsinin ilkin baxış qərarının ləğv edilməsi və birinci instansiya məhkəməsi hazırlıq iclası qərarının qüvvədə saxlanması xahiş edilir. Şikayətlərdə qeyd edilir ki, AR CPM-nin 300.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin həmin məzmunlu qərarından apellyasiya protesti və şikayəti verilməsi hüququ nəzərdə tutulmadığı halda Apellyasiya Məhkəməsi həmin apellyasiya protestini qanunsuz olaraq icraatına qəbul edib baxmışdır. Bundan əlavə ibtidai istintaq dövründə mənafeləri arasında ziddiyyət olan şübhəli şəxslərin hüquqlarının müdafiəsi bir vəkilə həvalə edildiyindən və həmin vəkil formal olaraq ibtidai istintaqda iştirak etməklə müdafiəsi altında olan şəxslərin hüquqlarının müdafiə etmədiyindən şübhəli şəxs qismində cəlb edilən şəxslərin müdafiə hüquqları pozulmuşdur.
 
Kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti üzrə işə baxaraq hesab etmişdir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilməlidir.
 
Ş.Ağabalayev, E.Həsənov, A.Əmirova, E.Süleymanov və Ə.Şərifov AR CM-nin 144.3-cü maddəsi ilə ona görə məsuliyyətə alınmışlar ki, onlar əlbir olub cinayət əlaqəsinə girərək 23.01.02-ci ildə saat 15 radələrində Qaraçüxur qəsəbəsində yerləşən 146 №li orta məktəbin yaxınlığında yetkinlik yaşına çatmayan 14.08.94-cü ildə anadan olmuş A.Aslanovun oğurlayaraq Ş.Ağabalayevin yaşadığı Bakı şəhəri, Moskva prospekti 8619 №li evə gətirib saxlamaqla onun atası F.Aslanovdan 40.000 ABŞ dolları tələb etmişlər. Bundan əlavə Ş.Ağabalayev istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə 27 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək idarə etdiyi avtomaşında saxlamışdır.
 
Cinayət işi başlandıqdan sonra şübhəli şəxs qismində saxlanmış şəxslər və onların qohumları müdafiəçi tutmadıqlarından müstəntiqin 2002-ci il 26 və 27 yanvar tarixli qərarları ilə təyinat üzrə müdafiəçi təyin edilmişdir. Bakı şəhəri 13 №li hüquq məsləhətxanasının vəkili Ü.Abdullayev 020747 №li orderlə Ş.Ağabalayev, E.Həsənov və A.Əmirovanın, 020748 №li orderlə E.Süleymanov və Ə.Şərifovun hüquqlarının müdafiəsini öz üzərinə götürmüşdür.
 
Birinci instansiya məhkəməsi hazırlıq iclasında işin icraatına xitam verməklə işi ibtidai aradırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytararkən bunu əsas götürmüşdür ki, təqsirləndirilən şəxslərin qanuni mənanfeləri arasında əhəmiyyətli ziddiyyətlər olmasına baxmayaraq onların hüquqlarının müdafiəsi bir müdafiəçiyə həvalə edilmiş və bununla da təqsirləndirilən şəxlərin müdafiə hüquqları pozulmuşdur.
 
İşdə görünür ki, ibtidai istintaqın ilkin mərhələsində hər beş nəfər təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi bir vəkilə həvalə olunsa da, sonrakı mərhələdə müvafiq orderlər əsasında Ş.Ağabalayevin hüquqlarını 2№li hüquq məsləhətxanasının vəkili R.Yusifbəyli, A.Əmirovanın hüquqlarını 6№li hüquq məsləhətxanasının vəkili Ə.Qasımov, E.Süleymanovun hüquqlarını 4№li hüquq məsləhətxanasının vəkili R.Məmmədov, Ə.Şərifovun hüquqlarını həmin hüquq məsləhətxanasının vəkili S.Muradov müdafiə etmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı ibtidai istintaqın ilkin mərhələsində səhvə yol versə də, sonradan öz səhvini düzəltmişdir.
 
Qeyd etmək lazımdır ki, işi ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaqla ibtidai istintaqın ilkin mərhələsindəki vəziyyəti bərpa etmək mümkün deyildir. Məhkəmə işə baxarkən ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması qənaətinə gələrsə, müvafiq vəzifəli şəxs haqqında xüsusi qərar çıxarmaq yolu ilə bu məsələyə münasibətini bildirə bilər. Belə hallarda məhkəmə həm də müdafiəçinin iştirakı olmadan şübhə edilən və ya təqsirləndirilən şəxslər tərəfindən verilən ifadələrin sübutu kimi qəbul edilib-edilməməsi məsələsini müzakirə etməlidir.
 
Göründüyü kimi, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması mötivi ilə işin prokurora qayratılması üçün qanuni əsaslar olmamışdır.
 
Birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarından apellyasiya protesti verilməsi hüququnun qanunla müəyyən edilməməsi, belə protestlərə yuxarı instansiya məhkəməsində baxılmalı olmaması Apellyasiya Məhkəməsinin AR CPM-nin 300.5-ci maddəsinin tələbini pozması barədə kassasiya şikayətlərində göstərilənlər də Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasına əsas ola bilməz.
 
Doğrudur, məhkəmə hazırlıq iclasının hansı növ qərarlarından apellyasiya şikayəti və protesti verilməsi məsələsindən bəhs edən AR CPM-nin 300.5-ci maddəsində 300.1.5-ci maddə göstərilməmişdir. Lakin həmin maddənin məzmunundan görünür ki, 300-cü maddədə göstərilən qərarlardan CPM-nin 381, 383 və 384-cü maddələrində uyğun apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384-cü maddəsi ilə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətləri və hallarından bəhs edir. 384-cü maddədə müəyyən edilir ki, bu növ qərarlardan 20 gün müddətində apellyasiya protesti verilə bilər. Kassasiya instansiyası məhəkməsi hesab edir ki, bu məsələ başqa cür də həll edilə bilməz. Çünki, dövlət ittihamçısı cinayət prosesinin iştirakçılarından biridir və mənafeyinə zidd olan məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə protest vermək hüququna malikdir.
 
Beləliklə də, aydın olur ki, təqsirləndirilən şəxslərdən E.Süleymanov və Ə.Şərifovun müdafiəçilərinin Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətləri təmin edilə bilməz.
 
Qeyd olunanlara əsasən AR Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası AR CPM-nin 419-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının E.Süleymanov və qeyrilərinin işi üzrə 30.08.02-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.