Azərbaycan Respublikası Ali Məhkəməsi

MÜLKİ VƏ İQTİSADİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
MÜLKİ VƏ İQTİSADİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
1.Maddi hüquq norması düzgün təfsir və tətbiq edilmədiyi üçün Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 7 fevral 2002-ci il tarixli qətnaməsi ilə Əliyeva Zeynəb Sabir qızının Həsənova Kəmalə Səfər qızına və 28 saylı Dövlət Notariat kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın12 iyul 2002-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilib, yeni qətmanə qəbul edilərək, miras əmlakın 14 hissəsinə Z.S.Əliyevanın, 34 hissəsinə K.S.Həsənovanın vərəsəlik hüququ tanınmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 23 oktyabr 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
İş materiallarından görünür ki, Z.S.Əliyeva məhkəmədə iddia qaldırıb, Məlikov Kamran Qasım oğlunun 18 noyabr 2000-ci il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan əmlakını, habelə Bakı şəhəri, M.Əlizadə küçəsindəki 120 saylı evin 39-cu mənzilini ona, bundan sonra 4 may 2001-ci il tarixli digər vəsiyyətnamə ilə həmin əmlakları K.S.Həsənovaya vəsiyyət etdiyini, K.Q.Məlikovun 7 may 2001-ci ildə vəfat etdiyini bildirib, ikinci vəsiyyətnaməni etibarsız hesab etməyi, K.S.Həsənova işə qarşılıqlı iddia verib, onun adına qoyulan vəsiyyətnamənin Z.S.Əliyevanın adına qoyulan vəsiyyətnamədən sonra tərtib edildiyini, ikinci vəsiyyətnamənin qoyulması ilə birinci vəsiyyətnamənin hüquqi qüvvəsini itirdiyini bildirib, Z.S.Əliyevanın adına olan vəsiyyətnaməni etibarsız hesab etməyi xahiş etmişdir.
 
Apellyasiya Məhkəməsi miras əmlakın 14 hissəsini Z.S.Əliyevaya, 34 hissəsini isə K.C.Həsənovaya vermişdir. K.C.Həsənovaya daha çox miras payı ayrılmasının səbəbi miras qoyanın məcburi pay hüququ olan oğlunun öz payından onun xeyrinə imtina etməsi olmuşdur. Apellyasiya Məhkəməsi öz qətnaməsində həmin mübahisəyə belə hüquqi qiymət vermişdir ki, sonuncu vəsiyyətnamədə əvvəllki vəsiyyətnamənin ləğv olunması barədə göstəriş olmadığı üçün hər iki vəsiyyətnamə hüquqi qüvvəyə malikdir.
 
Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərmiş Ali Məhkəmənin MİÜMK-sı bunun səbəbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1222-ci maddəsinin düzgün təfsir və tətbiq edilməməsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır.
 
Z.S.Əliyevanın və K.C.Həsənovanın adına ayrı-ayrı vaxtlarda qoyulmuş vəsiyyətnamələrdən görünür ki, K.Q.Məlikov bütün əmlakını, o cümlədən mənzilini bütövlükdə həm Z.S.Əliyevaya, həm də K.C.Həsənovaya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamələr bir-birini tamamlamadığına və tam əvəz etmədiyinə görə qətnamə ləğv edilmişdir.
 
2.Maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə və prosessual hüquq normaları pozulduğuna görə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
Azərbaycan Respublikası 1 saylı İqtisad Məhkəməsinin 5 yanvar 2001-ci il tarixli qətnaməsi ilə “Karavella” firmasının iddiası təmin edilərək “Karavella” firması ilə “Fəryad” Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanmış 22 mart 2000-ci il tarixli 70 saylı müqavilə ləğv edilmiş və 615 nömrəli marşrut “Karavella” firmasının istifadəsinə qaytarılmışdır.
 
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 3 iyun 2002-ci il tarixli 2701-79 saylı qətnaməsi ilə birinci istansiya məhkəməsinin həmin qətnaməsi qismən, yəni 615 nömrəli marşrutun “Kravella” firmasının istifadəsinə qaytarılması barədə hissəsi ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş qətnamənin “Karavella” firması ilə “Fəryad” Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanmış 22 mart 2000-ci il tarixli müqavilənin ləğv edilməsinə dair hissəsi dəyişdirilmədən saxlanmışdır.
 
“Karavella” firması Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti vermişdir.
 
İşin materialları ilə müəyyən edilmişdir ki, “Karavella” firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək firmanın Bakı şəhərində avtobusla şəhərdaxili sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün 615 nömrəli marşrut aldığını, 22 mart 2000-ci il tarixdə gəlirin 50 faizini “Karavella” firmasına verilmək şərti ilə firmanın “Fəryad” Qarabağ Əllilləri Cəmiyyəti ilə müqavilə bağlayaraq marşrutu həmin cəmiyyətə verdiyini, lakin “Fəryad” Qarabağ Əlilləri Cəmiyyətinin müqavilənin şərtini pozaraq gəlirdən firmaya vermədiyini göstərib 22 mart 2000-ci il tarixli 07 saylı müqavilənin ləğv edilməsi və 615 nömrəli marşrutdan “Fəryad” Qarabağ Əlilləri Cəmiyyəti tərəfindən istifadə edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
 
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 
İşə kassasiya qaydasında baxılarkən aydın olmuşdur ki, İqtisad Məhkəməsi maddi hüquq normalarının düzgün tətbiq etməmiş və prosessual hüquq normalarını pozmuşdur.
 
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngilləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan MM-nin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
 
Lakin məhkəmə qanunun bu tələblərini pozmuş, iş üzrə 2000-ci ilin mart ayında əmələ gəlmiş münasibətlər 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan MM-nin 385.1 və 421.1-ci maddələrinin müddəalarını tətbiq etmişdir.
 
İşdən görünür ki, məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər vermədən işə onun nümayəndəsinin iştirakı olmadan baxmış, bununla da Azərbaycan Respublikası MPM-nin 376.1-ci maddəsinin tələblərini pozmuşdur.
 
Bundan başqa İqtisad məhkəməsi iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin “Karavella” firması ilə “Fəryad” Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanan 22 mart 2000-ci il tarixli müqavilənin ləğv edilməsi barədə gəlidiyi nəticəsini düzgün hesab edib qətnamənin həmin hissəsini dəyişdirilmədən saxladığı halda, müqavilədə nəzərdə tutulan marşrutun qaytarılmasını qeyri-mümkün hesab etmişdir.
 
Göstərilənlərə görə Azərbaycan Respublikası Ali Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 5 sentyabr 2002-ci il tarixli qərarı ilə İqtisad Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin
8 yanvar 2001-ci il tarixli, 5 saylı əmri ilə
TƏSDİQ EDİLMİŞDİR.