Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası haqqında Əsasnamə
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası haqqında
 
Ə S A S N A M Ə
 
1.ÜMUMİ MÜDDƏALAR
 
1.1.Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası (bundan sonra – İntizam kollegiyası) hakimlərin müstəqilliyinə əməl etməklə onların məsuliyyəti məsələlərinin həll edilməsi məqsədi ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən yaradılır.
 
1.2.Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yalnız intizam kollegiyasının qərarına əsasən məsuliyyətə cəlb edilirlər.
 
1.3.Bu Əsasnamə İntizam kollegiyasının tərkibini, səlahiyyətlərini, iş qaydasını və hakimlərin məsuliyyəti ilə bağlı məsələləri müəyyən edir.
 
1.4.İntizam kollegiyası öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu əsasnaməyə uyğun olaraq həyata keçirir.
 
2.İNTİZAM KOLLEGİYASININ TƏRKİBİ
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası onun sədrindən, sədrin müavinindən və üç nəfər hakimdən ibarət tərkibdə Ali Məhkəmənin Sədri tərəfindən həmin məhkəmənin hakimlərindən təşkil edilir. Hər beş ildən bir İntizam kollegiyası tərkibinin üçdə iki hissəsi təzələnir.
 
 
3.İNTİZAM KOLLEGİYASININ SƏLAHİYYƏTLƏRİ
 
3.1.İntizam kollegiyası:
 
-Hakimin intizam məsuliyyətinə cəlb edilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən başlanmış intizam icraatına;
 
-Hakimin cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə alınmasına razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatına;
 
-İntizam cəzasının vaxtından əvvəl götürülməsi barədə hakimin ərizəsinə baxır.
 
3.2.İntizam kollegiyası baxılan məsələlər üzrə aşağıdakı hüquqlara malikdir:
 
-Məhkəmələrdən, Ədliyyə, Prokurorluq, Polis orqanlarından, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, siyasi partiyalardan, ictimai birliklərdən, digər hüquqi şəxslərdən, onların vəzifəli şəxslərindən, habelə fiziki şəxslərdən zəruri olan məlumat və sənədlər almaq;
 
-Hakimlərdən və məhkəmə prosesinin iştirakçılarından izahatlar almaq;
 
-Məhkəmə işlər ilə tanış olmaq;
 
-Mütəxəssis rəyi almaq.
 
3.3.İntizam kollegiyasının səlahiyyətləri həddində verdiyi sorğu və müraciətlər mütləq, vaxtında və dəqiq icra olunmalıdır.
 
3.4.İntizam kollegiyası üzvünün səlahiyyətləri aşağıdakı hallarda bitmiş hesab edilir:
 
-Öz arzusu ilə bu barədə yazılı ərizə verdikdə;
 
-Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən yaradılmış İntizam komissiyasının tərkibinə seçildikdə;
 
-Haqqında intizam cəzası tətbiq edildikdə;
 
-Hakim səlahiyyətinə xitam verildikdə.
 
3.5.Hakim vəzifəsindən kənarlaşdırılmış İntizam kollegiyası üzvünün həmin kollegiyada fəaliyyəti hakim səlahiyyətləri bərpa olunanadək dayandırılır.
 
4.İNTİZAM KOLLEGİYASI ÜZVÜNÜN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
 
İntizam kollegiyasının üzvü:
 
-İntizam kollegiyasına daxil olmuş materialların yoxlanmasında iştirak etmək;
 
-İntizam kollegiyasının iclasında baxılması nəzərdə tutulmuş materiallarla tanış olmaq, onlardan çıxarışlar etmək;
 
-İntizam kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar olmaq;
 
-İntizam kollegiyasının iclasında materiallara baxılmasında iştirak etmək;
 
-İntizam kollegiyasının iclasında baxılan məsələlər üzrə məruzə etmək;
 
-Dəvət olunmuş şəxslərə suallar vermək, zəruri sənəd və materialların tələb edilməsi barədə vəsatət vermək, sənədlərin tədqiqində iştirak etmək, öz dəlil və mülahizələrini təqdim etmək;
 
-Məsuliyyət məsələsinə baxılan hakimlə qohumluq və ya qərəzli münasibət olduqda öz-özünə etiraz etmək;
 
-İntizam kollegiyası qərarının qəbul edilməsi ilə əlaqədar səs vermədə iştirak etmək;
 
-İntizam kollegiyası tərəfindən qəbul olunmuş qərara xüsusi rəyini əlavə etmək hüquqlarına malikdir.
 
-İntizam kollegiyasının üzvü “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlara da malikdir.
 
İntizam kollegiyasının üzvü öz hüquqlarından vicdanla istifadə etməlidir.
 
İntizam kollegiyasının üzvləri eyni hüquq və vəzifələrə malikdirlər.
 
5.İNTİZAM KOLLEGİYASININ İCLASINDA MƏSULİYYƏT MƏSƏLƏSİNƏ BAXILAN HAKİMİN HÜQUQLARI
 
Məsuliyyət məsələsinə baxılan hakim:
 
-Materiallarla tanış olmaq, izahat və vəsatətlər təqdim etmək;
 
-İntizam kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmək;
 
-İntizam kollegiyası üzvünün qərəzsizliyinə şübhə doğuran hallar olduqda ona etiraz etmək;
 
-İntizam kollegiyasının iclasında iştirak etmək, izahat və vəsatətlər vermək, sənədlər təqdim etmək;
 
-İntizam kollegiyasının qərarının surətini almaq;
 
-İntizam kollegiyasının qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən yaradılmış intizam komissiyasına şikayət vermək hüququna malikdir.
 
6.İNTİZAM KOLLEGİYASININ İŞ QAYDASI
 
6.1. İntizam kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri və ya Azərbaycan Respublikasının Ədliyyə Naziri tərəfindən başlanmış intizam icraatını onun başlandığı gündən, Azərbaycan Respublikası Baş Prokurorunun hakiminin cinayət məsuliyyətinə cəlb edilməsinə və həbsə alınmasına razılıq verilməsi haqqında təqdimatını, belə hakimin intizam cəzasının vaxtından əvvəl üzərindən götürülməsi barədə ərizəsini onların daxil olduğu gündən bir ay müddətinə, bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir.
 
6.2. İntizam kollegiyasının iclasına hazırlıq kollegiyanın sədri həyata keçirir. O, iclasın keçirilmək vaxtını, yerini, gündəliyini, iclasa dəvət olunan şəxsləri müəyyən edir, zərurət olduqda daxil olmuş materialların ilkin yoxlanmasını təşkil edir.
 
6.3. İntizam kollegiyasının üzvlərinə və dəvət olunan şəxslərə iclasa ən gec üç gün qalmış iclasın vaxtı və yeri barədə xəbər verilir, bu müəddətdə İntizam kollegiyasının üzvləri iclasın gündəliyi və baxılması nəzərdə tutulmuş materiallar ilə tanış edilirlər.
 
Məsuliyyət məsələsinə baxılan hakim iclasa ən geci beş gün qalmış İntizam kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilir.
 
6.4. Məsuliyyət məsələsinə baxılan hakimə iclasın günü barədə müvafiq qaydada xəbər verilmədikdə və ya o, üzürlü səbəblərdən İntizam kollegiyasının iclasına gəlmədikdə məsələyə baxılması təxirə salınır.
 
İclasın günü barədə müvafiq qaydada xəbərdar edilmiş və materiallarla tanış edilmiş hakim üzürsüz səbəblərdən iclasa gəlmədikdə İntizam kollegiyası məsələyə onun iştirakı olmadan baxır.
 
Hakim materiallarla tanış olmaqdan və ya iclasa gəlməkdən imtina etdikdə İntizam kollegiyası bu barədə müvafiq sənəd tərtib edir.
 
6.5. İntizam kollegiyasının üzvlərinin azı üçdə iki hissəsi iştirak etdikdə onun iclası səlahiyyətlidir.
 
6.6. İntizam kollegiyasının sədri həmin kollegiyanın iclaslarında sədrlik edir.
 
Sədrlik edən təyin olunmuş vaxtda iclası açır, gündəliyi elan edir, dəvət olunmuş şəxslərin gəlmələrini yoxlayır, iştirak etməyənlərin gəlməmələrinin səbəbləri araşdırır, materiallara baxılmasının mümkünlüyü məsələsini müzakirə edir, İntizam kollegiyasının tərkibini elan edir, onun üzvlərinə etirazın olub-olmamasını müəyyənləşdirir, iclasa rəhbərlik edir, səsverməni keçirir, qəbul olunmuş qərarları elan edir.
 
6.7. İntizam kollegiyasının üzvünə etiraz məsələsi kollegiyanın digər üzvləri tərəfindən müzakirə olunaraq səsvermə yolu ilə həll edilir.
 
Səslər bərabər olduqda etiraz qəbul edilmiş sayılır.
 
İntizam kollegiyasının bütün tərkibinə etiraz verilə bilməz.
 
6.8. İntizam kollegiyasının üzvü haqqında məsələyə baxılarkən o, iclasda kollegiyanın üzvü kimi iştirak edə bilməz.
 
6.9. İntizam kollegiyasının iclasında məsələyə baxılması sədrlik edənin və ya materiallar üzrə ilkin yoxlama aparmış kollegiya üzvünün məruzəsilə başlanır. Sonra məsuliyyət məsələsinə baxılan hakim və iclasa dəvət edilmiş şəxslər dinlənilir, verilmiş vəsatətlərə baxılır, zəruri sənədlər və materiallar tədqiq edilir, araşdırma aparılır, nəticələr müzakirə edilərək aşağıdakı qərarlardan biri qəbul olunur:
 
- İntizam icraatına xitam verilməsi haqqında:
 
- Hakimə irad tutulması haqqında;
 
- Hakimə töhmət verilməsi haqqında;
 
- Hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə təklif verilməsi haqqında;
 
- Hakimin cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə alınmasına razılıq verilməsi haqqında;
 
- Hakimin üzərindən intizam cəzasının vaxtından əvvəl götürülməsi haqqında;
 
İntizam kollegiyası qərar qəbul edərkən faktlara və əhəmiyyət kəsb edən hallara, hakimin yol verdiyi hərəkətin xarakterinə, ağırlıq dərəcəsinə və nəticəsinə əsaslanır.
 
6.10. İntizam kollegiyası aşağıdakı hallarda intizam icraatına xitam verir:
 
- Hakimin hərəkətində pozuntu müəyyən edilmədikdə;
 
- Hakim haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi gündən keçən yarım il və törədildiyi gündən keçən iki il müddətində başlamadıqda.
 
6.11. İntizam kollegiyasının yazılı formada tərtib edilən qərarında aşağıdakılar göstərilir:
- Kollegiyanın adı, onun tərkibi;
 
- Qərarın çıxarılma yeri və vaxtı;
 
- Məsuliyyət məsələsinə baxılan hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
 
- İntizam icraatını başlamış və ya təqdimatı vermiş şəxs;
 
- Baxılan məsələnin mahiyyəti;
 
- Məsuliyyət məsələsinə baxılan hakimin izahatı;
 
- İntizam kollegiyasının müəyyən etdiyi hallar və gəldiyi nəticə;
 
- Qərarın məzmunu;
 
- Qərardan şikayət verilmə qaydası və müddəti.
 
16.12. İntizam kollegiyası qərarın qəbul edilməsi üçün kollegiyanın üzvlərinin ümumi sayının yarısından çoxu onun lehinə səs verməlidir.
 
Səsvermə, məsuliyyət məsələsinə baxılan hakimin və dəvət olunmuş şəxslərin iştirakı olmadan keçirilir.
 
Sədrlik edən intizam kollegiyasının iclasında axırıncı səs verir.
 
16.13. Qərarlar intizam kollegiyasının iclasında iştirak etmiş bütün üzvlər tərəfindən imzalanır.
 
İntizam kollegiyası üzvünün xüsusi rəyi olduqda həmin rəy qərara əlavə edilir.
 
6.14. İntizam kollegiyası qərarının nəticəvi hissəsi dərhal açıq elan edilir. İntizam kollegiyası üzvünün xüsusi rəyi elan olunmur. Əsaslandırılmış qərar isə üç gün müddətində tərtib edilir.
 
6.15. İntizam kollegiyasının qərarı elan edildiyi gündən qəbul edilmiş hesab olunur.
 
Tərtib olunduqdan dərhal sonra qəbul olunmuş qərarın surəti məsuliyyət məsələsinə baxılan hakimə, müvafiq olaraq İntizam icraatı başlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə və ya Azərbaycan Respublikası Ədliyyə Nazirinə, habelə təqdimat vermiş Azərbaycan Respublikasının Baş Prokuroruna təqdim edilir.
 
6.16. İntizam kollegiyası iclasının gedişini əks etdirən protokol katib tərəfindən tərtib edilir.
 
İntizam kollegiyasının iclas protokolu sədrlik edən və katib tərəfindən imzalanır.
 
Məsuliyyət məsələsinə baxılmış hakim, müvafiq olaraq İntizam icraatı başlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri və ya Azərbaycan Respublikasının Ədliyyə Naziri, habelə təqdimat vermiş Azərbaycan Respublikasının Baş Prokuroru iclas protokolu ilə onun tərtibindən sonra üç gün müddətində tanış ola bilərlər.
 
6.17. İntizam kollegiyasının sədri olmadıqda onun səlahiyyətlərini həmin kollegiyanın sədr müavini həyata keçirir.
 
7. İNTİZAM KOLLEGİYASININ QƏRARLARINDAN ŞİKAYƏT VERİLMƏSİ
 
7.1. Haqqında qərar qəbul edilmiş hakim, müvafiq olaraq İntizam icraatı başlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və ya Azərbaycan Respublikasının Ədliyyə naziri, habelə təqdimat vermiş Azərbaycan Respublikasının Baş Prokuroru İntizam kollegiyası tərəfindən qəbul edildiyi vaxtdan sonra on gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən yaradılmış İntizam Komissiyasına şikayət verə bilərlər.
 
7.2. İntizam kollegiyasının qərarlarından şikayət verilmə müddəti keçirilmişsə, bu müddətin bərpa edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən yaradılmış İntizam Komissiyasına müraciət edilə bilər.
 
8. İNTİZAM KOLLEGİYASININ QƏRARININ QÜVVƏSİ
 
8.1. İntizam kollegiyasının qərarından şikayət verilməmişsə, şikayət vermə müddəti keçdiyi gündən həmin qərar qüvəyyə minir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə təqdim edilir.
 
8.2. İntizam kollegiyasının qüvvəyə minmiş qərarının surəti, haqqında qərar çıxarılmış hakimin şəxsi işinə əlavə edilir.
 
8.3. Hakim cəza verildiyi gündən sonra bir il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmiş sayılır.
 
Hakim öz xidməti vəzifələrinin icrasına vicdanlı münasibət bəslədikdə onun üzərindən intizam cəzası altı ay sonra, vaxtından əvvəl götürülə bilər.
 
9. İNTİZAM KOLLEGİYASININ FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyasının fəaliyyətinin təşkilatı, maliyyə və maddi-texniki təminatı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həyata keçirilir.