Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının Qərarı, 29 may 2002-ci
 
Azərbaycan Respublikası Ali Məhkəməsi
İntizam kollegiyasının
 
Q Ə R A R I
 

29 may 2002-ci il    

Bakı şəhəri

                                          

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası R.U.Məmmədovun sədrliyi, kollegiya üzvləri Z.Hüseynov, İ.Nağıyev, B.Əsədovun iştirakı, C.Məmmədovun katibliyi ilə Cəlilabad rayon Məhkəməsinin sədri Qasımov Adil Əli oğlunun barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 7 may 2002-ci il tarixli qərarı əsasında qaldırılmış intizam icraatına dair işə baxaraq.
 
M Ü Ə Y Y Ə N   E T Dİ:
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iş planına uyğun olaraq Cəlilabad rayon məhkəməsində icra və əmək intizamına əməl olunmasının vəziyyəti öyrənilmiş və yoxlama nəticəsində tərtib edilən arayış müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Sənədlərdən görünür ki, Cəlilabad rayon məhkəməsinin sədri Adil Qasımov vəzifəsinin icrasına laqeyd yanaşmaqla, işdə ciddi nöqsanlara və kobud qanun pozuntularına yol vermişdir.
 
Belə ki, A.Qasımov vətəndaş Anar İbişov haqqında Azərbaycan Respublikası CM-nin 321.1-ci, Şabəyim Tahirova, Buludxan Sarıyev, Gülnisə Məmmədova və Həcər Nağıyeva haqqında hər birinin CM-nin 237.1-ci maddəsi ilə olan 5 cinayət işini 3-5 ay keçməsinə baxmayaraq seyfində hərəkətsiz saxlamış, heç bir prosessual hərəkətlər aparmayaraq işlərin qanunun müəyyən edilmiş baxılma müddətini kobud surətdə pozmuşdur.
 
Onun sədrliyi ilə məhkəmə konkret olaraq bir sıra işlər, o cümlədən Gülnisə Məmmədova haqqındakı cinayət işinə 4 ay yarımdan sonra, Şabəyim Tahirova haqqındakı cinayət işinə 8 aydan sonra müddət pozuntusu ilə baxıb hökm çıxarmışdır.
 
Adil Qasımovun sədrliyi ilə məhkəmənin hazırlıq iclasında baxılmış 19 cinayət işi üzrə 1 aydan artıq müddət keçməsinə baxmayaraq məhkəmə hazırlıq iclasının protokolları və təqsirləndirilən şəxslərin məhkəməyə verilmələri barədəki qərarlar yazılmamışdır.
 
Adil Qasımov 2001-ci ilə dair “Cinayət icraatı üzrə birinci instansiya məhkəməsinin işi haqqında” Ədliyyə Nazirliyinə təqdim etdiyi 1 nömrəli formada 26 cinayət işi üzrə CPM-nin 298-ci maddəsi ilə müəyyən edilmiş müddətlərin pozulması faktını göstərməmiş, həmin faktı hesabatdan gizlətmişdir.
 
Bundan başqa statistik hesabatda işlərin sayı barədəki rəqəmlər təhrif edilmiş, hesabatda mülki işlərin sayı 13, inzibati xətalara dair işlərin sayı 6, prosessual məcburiyyət tədbirlərinin tətbiq olunmasına dair təqdimatların sayı 63 iş az, cinayət işlərinin sayı isə 2 iş çox göstərilmişdir.
 
Məhkəmənin sədri Adil Qasımovun sədrliyi ilə baxılmış 19 cinayət işi üzrə aylarla vaxt keçməsinə baxmayaraq, məhkəmə iclas protokolları yazılmamış, beləliklə də, məhkəmə iclas protokolu ilə tanış olmaq hüququ olan şəxslərin qanuni hüquqları pozulmuşdur.
 
Qətnamə çıxarılmış 12 mülki işdə də məhkəmə baxışının təyin edilməsi barədəki qərarlar ümumiyyətlə yazılmamış, 25 mülki iş üzrə 2-3 ay keçməsinə baxmayaraq məhkəmə iclas protokolları yazılmamışdır.
 
Məhkəmənin sədri Adil Qasımov 8 dekabr 2001-ci il tarixdə əmək intizamını pozmuş, üzürlü səbəb olmadan isə 1 saat gec gəlmişdir.
 
Məhkəmənin sədri Adil Qasımov izahatında məhkəmədə aparılan yoxlama zamanı aşkar edilən bəzi faktların qabardılmasını, bəzi faktlar isə məhkəmədə işin çox olması, məhkəmədə ikinci hakimin məzuniyyətdə olması və iclas katibinin intizamsızlığı ilə izah etdi və bunu əsaslandırmaq məqsədilə məhkəmə işçilərindən aldığı izahatları intizam kollegiyasına təqdim etdi. Lakin intizam kollegiyası hesab edir ki, bunlar ona haqq qazandırmır.
 
Belə ki, o məhkəmənin sədri olmaq etibarı ilə işi təşkil etməli, qanunun tələblərini olduğu kimi yerinə yetirməlidir.
 
Şərh olunanlardan göründüyü kimi məhkəmənin sədri Alim Qasımov tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Buna görə də onun haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən əsaslı olaraq intizam işi başlanılmışdır.
 
Göstərilənlərə əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 111 və 112 maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin intizam kollegiyası
 
Q Ə R A R A  A L I R:
 
Cəlilabad rayon məhkəməsinin sədri Qasımov Adil Əli oğluna töhmət elan edilsin.
 
İntizam Kollegiyasının qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Komissiyasına 10 gün müddətində şikayət verilə bilər.
 
Sədrlik edən:
Kollegiya üzvləri: